Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “Əsrin müqaviləsi”nin 25 ilindən məqalə yazıb.
1994-cü il sentyabrın 20-də Bakıda Dövlət Neft Şirkəti ilə dünyanın 11 aparıcı neft şirkəti arasında “Azəri”,” Çıraq” və ”Günəşli” yataqlarının birgə işlənməsi və hasilatın pay bölgüsü ilə bağlı müqavilə imzalanıb. Sonrakı illərdə dünyanın 19 ölkəsini təmsil edən 41 neft şirkəti ilə daha 26 saziş bağlanıb.
Əli Həsənov “Əsrin müqaviləsi” – Azərbaycanı qlobal dünya iqtisadiyyatının tərkib hissəsinə çevrən layihə” sərlövhəli məqaləsində qeyd edir ki, 1991-1993-cü illərdə Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqaz bölgəsində hökm sürən regional qarşıdurma, qeyri-sabit mühit səbəbindən dünyanın aparıcı neft şirkətlərini Azərbaycanın zəngin enerji resurslarının hasilatı və ixracına cəlb etmək, bu sahədə qarşıya çıxan maneələri dəf etmək o qədər də asan məsələ deyildi: Hətta bəzi analitiklər o dövrdə Xəzər dənizinin Azərbaycana məxsus sektorundakı neft və qaz layihələrinin beynəlxalq konsorsiumun iştirakı ilə həyata keçirilməsini əfsanə sayır və qeyri-mümkün hesab edirdilər.
1993-cü ildə ölkədə milli-vətəndaş qarşıdurmasına son qoyulması, ictimai-siyasi sabitliyin bərqərar olması, qonşu ölkələrlə kəskin münasibətlərin qismən yumşaldılması, xarici sərmayələrə ciddi dövlət təminatının verilməsi Qərbin ən böyük neft şirkətlərinin diqqətini yenidən Xəzər dənizinə yönəltdi və bəhs olunan transmilli müqavilənin hazırlanaraq imzalanmasına əlverişli şərait yaratdı. Prezident Heydər Əliyev bəzi qonşu və beynəlxalq dairələrin Xəzər dənizinin statusu ilə bağlı mövcud olan problemi qabartmaq yolu ilə “Əsrin müqaviləsi”ni pozmaq planlarını puça çıxartdı. O, bütün narazı tərəfləri inandıraraq sübut etdi ki, Azərbaycan bu addımla heç bir ölkənin iqtisadi-siyasi maraqlarını pozmur, əksinə, bölgədə hamı üçün bərabər əməkdaşlıq və tərəfdaşlıq şəraiti yaradır”.
Əli Həsənov 2002-ci ildə “Əsrin müqaviləsi”ndə nəzərdə tutulan əsas ixrac kəmərinin – Bakı-Tbilisi-Ceyhanın təməlinin qoyulduğunu, 2005-ci il mayın 25-də kəmərin açılış mərasiminin keçirildiyini, 2006-cı ildə Türkiyənin Ceyhan limanından Azərbaycan neftinin nəqlinə başlandığını xatırladır: “2007-ci ildə isə “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən təbii qaz Cənubi Qafqaz qaz boru kəməri ilə Türkiyə sərhədlərini aşdı.
Beləliklə, Azərbaycan nəinki zəngin neft və qaz yataqlarının işlənməsinə və enerji resurslarının hasilatına, həmçinin onların dünya bazarına çıxarılması üçün yeni ixrac marşrutlarının işə salınmasına və enerji nəqlinin şaxələndirilməsinə nail olub.
İlkin hesablamalara görə, “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarının çıxarıla bilən neft ehtiyatı 511 milyon ton olsa da, sonralar yeni qiymətləndirmələrə əsasən, bu göstərici 1 milyard 72 milyon ton həcmində müəyyən edilib. 2017-ci ilə qədər bu yataqlardakı neft və qaz ehtiyatlarının işlənməsinə təxminən 33 milyard dollar investisiya qoyulub və bu günə qədər 3,2 milyard barrel neft hasil edilib. Həmçinin AÇG yataqlar blokundan ümumilikdə 30 milyard kubmetr səmt qazı hasil edilərək Azərbaycan hökumətinə təhvil verilib.
2001-ci ildən ötən dövr ərzində neft və qaz sazişləri çərçivəsində Dövlət Neft Fonduna daxilolmalar bütövlükdə 148,3 milyard ABŞ dolları təşkil edib. Bu vəsaitin 95,61 milyard dolları dövlət büdcəsinə transfert olunub, 9,3 milyard dolları strateji, infrastruktur və sosial layihələrə yönəldilib. Hazırda fondun aktivləri 42,5 milyard dollardır”.
Prezidentin köməkçisi yazır ki, “Əsrin müqaviləsi” Azərbaycanın siyasi və iqtisadi qüdrətini artıraraq sonrakı illərdə onun təşəbbüsü və liderliyi ilə regionun və Avropanın enerji təhlükəsizliyini təmin edəcək neçə-neçə yeni transmilli enerji və nəqliyyat layihələrinin həyata keçirilməsinə şərait yaradıb: “2010-cu ildə “Ümid” və “Babək“, 2011-ci ildə isə “Abşeron” yatağında böyük qaz ehtiyatları aşkar edildikdən sonra nəhəng “Şahdəniz” qaz yatağı da nəzərə alınmaqla Azərbaycanın təsdiq olunmuş təbii qaz ehtiyatı 2,6 trilyon kubmetrə kimi artıb. Bu isə o demək idi ki, Azərbaycan təkcə neft deyil, həm də yaxın gələcəkdə dünyanın böyük həcmdə əsas qaz ixrac edən ölkələrindən birinə çevrilmək potensialına malikdir.
2017-ci il dekabrın 23-də SOCAR-la BP-nin əməliyyatçısı olduğu Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) arasında Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən AÇG yatağındakı işlərin davam etdirilməsi üçün niyyət protokolu imzalandı və bununla da “Əsrin müqaviləsi”nin müddəti 2050-ci ilə qədər uzadıldı. Yeni müqaviləyə əsasən, SOCAR-ın AÇG-dəki iştirak payı 11,65 faizdən 25 faizə qaldırıldı. Həmçinin beynəlxalq tərəfdaş şirkətlər Azərbaycan Dövlət Neft Fonduna 3.6 milyard dollar bonus ödəmək barədə öhdəlik götürdülər”.