Demokratik Qüvvələrin Milli Şurası Bakıda mitinq keçirməyə qərar verib. Aksiya sentyabrın 28-nə təyin edilib. Bakı Şəhər İcra Hakimiyyətinə müraciətdə mitinqin yeri kimi üç ünvan göstərilib: “28 May” metro stansiyasının qarşısındakı meydan, Tofiq Bəhramov stadionunun qarşısındakı meydan və “Nəriman Nərimanov” metro stansiyasının yanındakı park. Mitinq komitəsinə Bakı Şəhər İcra Hakimiyyəti ilə yerlə bağlı müzakirələr aparmaq səlahiyyəti verilib.
2013-cü ildə yaradılmış Demokratik Qüvvələrin Milli Şurasına tarixçi alim Cəmil Həsənli sədrlik edir. Qurumun öncül şəxsləri arasında AXCP sədri Əli Kərimli, Müsavat Partiyasından Tofiq Yaqublu, sabiq deputatlar İbrahim İbrahimli, Gültəkin Hacıbəyli və başqaları var.
Son illər Bakıda mitinqlər Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda (metronun “İnşaatçılar” stansiyasının yaxınlığı) keçirilib. Sentyabrın 10-da Yasamal Rayon İcra Hakimiyyəti İdman-Sağlamlıq Kompleksində əsaslı təmir işlərinə başlandığını bəyan edib.
Novator.az bildirir ki, Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda sonuncu mitinqi 2019-cu il yanvarın 19-da Demokratik Qüvvələrin Milli Şurası keçirib. Bu, 2019-cu ildə Bakı Şəhər İcra Hakimiyyətinin sanksiyalaşdırdığı yeganə aksiya olub. Paytaxt hakimiyyəti Milli Şuranın yanvarın 26-da, fevralın 23-də, martın 2-də, aprelin 6-da, aprelin 20-də, mayın 5-də və mayın 11-də eyni stadionda keçirmək istədiyi mitinqlərə icazə verməyib.
Müsavat Partiyasının, Qarabağ Komitəsinin, Azərbaycan Xalq Hərəkatının Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda və başqa məkanlarda aksiyalar üçün müraciətlərinə də meriyadan mənfi cavab gəlib.