Avropa futbol çempionatının seçmə mərhələsində növbəti oyun günü arxada qalıb. Novator.az-ın məlumatına görə, E qrupunda yer alan Azərbaycan milli komandası sentyabrın 9-u Bakıda Xorvatiya ilə xalları bölüb – 1:1. Bu, Azərbaycanın turnirdə ilk xalıdır. Əvvəlki oyunlarda (səfərdə Xorvatiyaya və Uelsə 1:2, evdə Macarıstana 1:3, Slovakiyaya 1:5) uduzan yığma qrupun son pilləsində dayanır.
Slovakiya isə Macarıstan səfərindən 2:1 hesablı qələbə ilə dönərək ikinci yerə yüksəlib.
Hazırda Xorvatiyanın 10, Slovakiya və Macarıstanın 9, Uelsin 6 xalı var.
E qrupundakı qalan oyunların təqvimi:
10 oktyabr
Xorvatiya – Macarıstan
Slovakiya – Uels
13 oktyabr
Macarıstan – Azərbaycan
Uels – Xorvatiya
16 noyabr
Azərbaycan – Uels
Xorvatiya – Slovakiya
19 noyabr
Uels – Macarıstan
Slovakiya – Azərbaycan.
55 milli komanda 10 qrupda mübarizə aparır. Qruplarda ilk iki yeri tutan yığmalar final raunduna adlayacaq.
Hazırda A qrupunda ilk pilləni 9 xalla İngiltərə tutur. Kosovo 8 xalla ikincidir.
B qrupunda lider Ukraynanın 13, təqibçisi Portuqaliyanın 5 xalı var.
C qrupunda Almaniya və Şimali İrlandiya öndədir: 12 xal.
D qrupunda İrlandiya 11 xalla birinci, Danimarka 9 xalla ikinci yerdədir.
F qrupunda 18 xalla İspaniya liderdir. İsveçin 11 xalı var.
G qrupunda Polşa öndə durur: 13 xal. Sloveniya 11 xal əldə edib.
H qrupunda Fransa, Türkiyə və İslandiya 12 xal götürüblər.
İ qrupunda lider Belçikanın 18, Rusiyanın 15 xalı var.
J qrupunda İtaliya 18 xalla liderlik edir. Finlandiya 12 xal toplayıb.
Avropa çempionatının final mərhələsi 2020-ci ilin yayında Bakı, Sankt-Peterburq, Buxarest, Budapeşt, Kopenhagen, Amsterdam, Münhen, Roma, Bilbao, London, Dublin, Qlazqo şəhərlərində keçiriləcək. Bakı Olimpiya Stadionu 3 qrup oyununa, 1 dörddə bir finala ev sahibliyi edəcək.