Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Torhildur Sunna Evarsdottirlə görüşündən danışıb.
Torhildur Sunna sentyabrın 5-dən 7-dək Bakıda görüşlər keçirib. O, bir qrup hüquq müdafiəçisi və media nümayəndəsi ilə (İntiqam Əliyev, Oqtay Gülalıyev, Xədicə İsmayıl, Rəsul Cəfərov, Mehman Hüseynov, Seymur Həzi) siyasi məhbuslarla bağlı fikir mübadiləsi aparıb.
Məruzəçi sentyabrın 6-da Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri Şahin Yusifovla, ədliyyə nazirinin müavini Toğrul Musayevlə bir araya gəlib.
Avropalı qonaq İlqar Məmmədovla sentyabrın 7-də görüşüb. “Azadlıq” radiosuna danışan İlqar Məmmədov deyib ki, məruzəçi ilə siyasi məhbusların taleyi, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının tam şəkildə icra edilməsi barədə fikir mübadiləsi aparıb: “Vurğuladıq ki, bunun üçün siyasi partiyaların, sivil toplumun, beynəlxalq qurumların sərəncamında olan bütün alətlərdən istifadə olunmalıdır. Məruzəçinin yanvarda təqdim edəcəyi hesabata qədər bütün siyasi məhbusların azad edilməsi inandırıcı görünmür. Amma bu ilin təcrübəsi göstərdi ki, müəyyən irəliləyiş mümkündür və daha böyük irəliləyişə çalışmalıyıq”.
Novator.az bildirir ki, islandiyalı deputat Torhildur Sunna Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi postuna 2018-ci il iyunun 25-də gətirilib.
Avropa Şurası 2012-ci ildə siyasi məhbus anlayışının meyarlarını müəyyənləşdirib. Meyarlara görə, azadlıqdan məhrum edilən şəxsə bu hallarda siyasi məhbus kimi baxılmalıdır: saxlanma fikir, vicdan və din azadlığı, fikrin ifadə olunması və informasiya azadlığı, toplaşma və birləşmə azadlığı pozulmaqla həyata keçirilibsə; saxlanma istənilən cinayətlə əlaqəsi olmadan siyasi səbəblərdən həyata keçirilibsə; həbsdə saxlamanın müddəti və ya onun şərtləri şəxsin ittiham olunduğu cinayətə proporsional deyilsə; vətəndaş digər şəxslərlə müqayisədə ayrı-seçkilik əsasında saxlanıbsa və ya saxlama ədalətsiz məhkəmə çəkişməsinin nəticəsidirsə və bu, hakimiyyətin siyasi motivləri ilə bağlıdırsa.
Siyasi məhbus kimi tanınan 52 nəfər prezident İlham Əliyevin bu il martın 16-da imzaladığı əfv sərəncamı ilə azadlığa çıxıb, daha bir neçə nəfər məhkəmə qərarları ilə həbsdən buraxılıb.
İlqar Məmmədov 2013-cü il fevralın 4-dən 2018-ci il avqustun 13-dək həbsdə olub, siyasi məhbus kimi tanınıb.
İntiqam Əliyev, Xədicə İsmayıl, Anar Məmmədli, Xalid Ağalıyev, Rövşən Hacıbəyli və başqalarının təmsil olunduğu Siyasi Məhbusların Vahid Siyahısı üzrə İşçi Qrup Azərbaycanda 119 nəfəri siyasi məhbus sayır.