“Azadlıq” qəzetinin nəşrini dayandırmasından 3 il ötür. Novator.az bununla bağlı qısa arayışı təqdim edir.
2016-cı il avqustun 20-də qəzetin direktoru Faiq Əmirli tutulub. Bu həbsdən sonra “Azadlıq”ın bank əməliyyatı aparması mümkün olmayıb, qəzetin “Azərbaycan” nəşriyyatına borcu artıb, sentyabrın 5-də çapdan imtina edilib (Faiq Əmirli 2017-ci il sentyabrın 15-də azadlığa buraxılıb).
Əvvəlcə Beynəlxalq Bankın Səbail filialı direktorun səlahiyyətlərinin icrası üçün başqa şəxsin imza nümunəsinin notarial qaydada təsdiqini istəyib. İmza nümunəsi məsələsi həll ediləndən sonra bank baş redaktor Qənimət Zahidin baş redaktorun birinci müavini Rahim Hacıyevə verdiyi etibarnamənin yenilənməsi tələbini qoyub. 2011-ci ildən Fransada yaşayan Qənimət Zahid Rahim Hacıyevin adına yeni etibarnamə göndərsə də, redaksiyanın maliyyə əməliyyatları aparması, nəşriyyata vəsait ödəyib çapını bərpa etməsi mümkün olmayıb.
2017-ci il mayın 12-də isə Səbail Rayon Məhkəməsi qəzetin Azadliq.info saytına girişi məhdudlaşdıran qərar qəbul edib. Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə həmin qərarı qüvvədə saxlayıb. Sayt Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin iddiası ilə bloklanıb. Nazirlik məhkəməyə saytdakı yazılarda qanun pozuntusu olduğunu bəyan edən Baş Prokurorluğun müraciətindən sonra üz tutub. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi saytın bloklanması haqda qərar qəbul edib, bunun məhkəmə yolu ilə rəsmiləşməsi Elektron Təhlükəsizlik Mərkəzinə həvalə olunub.
Qənimət Zahid Fransaya köçəndən sonra “Azadlıq” qəzetinə rəhbərlik edən baş redaktorun birinci müavini Rahim Hacıyev də 2017-ci ildə həmin ölkəyə sığınıb.
“Azadlıq” qəzetinin Bakıda, “Azərbaycan” nəşriyyatının 9-cu mərtəbəsində yerləşən ofisinin qapısı bağlıdır, icarə haqqı ödənmədiyi üçün əməkdaşlar redaksiyaya buraxılmır.
“Azadlıq”ın ilk sayı 1989-cu il dekabrın 24-də işıq üzü görüb.
Qəzetin ilk redaktoru Nəcəf Nəcəfovdur. Müxtəlif vaxtlarda qəzetə Ağamalı Sadiq Əfəndi (Səfər Alışarlı ilə birgə), Qənimət Zahid, Gündüz Tahirli, Rövşən Hacıbəyli rəhbərlik ediblər.