Gürcüstan parlamenti yeni hökumətin tərkibini təsdiqləyib. Novator.az-ın məlumatına görə, baş nazir postuna Georgi Qaxariya gətirilib, daxili işlər naziri kürsüsü Vaxtanq Qomelauriyə (Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi idi), müdafiə naziri vəzifəsi İrakli Qaribaşviliyə (2013-2015-ci illərdə baş nazir olub) verilib. Sentyabrın 8-də keçirilən səsvermədə bu yenilikləri 98 deputat dəstəkləyib. Müxalif deputatlar səsverməyə qatılmayıb.
Əvvəlki baş nazir Mamuka Baxtadze sentyabrın 2-də istefa verib. Hakim Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyası Georgi Qaxariyanı baş nazir postuna sentyabrın 3-də namizəd göstərib. Georgi Qaxariya Mamuka Baxtadzenin hökumətində daxili işlər naziri idi.
1975-ci ildə doğulan Georgi Qaxariya Tbilisi Dövlət Universitetini tarixçi, Moskva Dövlət Universitetini politoloq ixtisası ilə bitirib. 2016-2017-ci illərdə iqtisadiyyat və davamlı inkişaf naziri, 2017-ci ildən daxili işlər naziri olub.
Gürcüstanda hökuməti 150 yerlik parlamentə azı 76 mandat əldə edən partiya formalaşdırır. 2016-cı ilin oktyabrında keçirilmiş son parlament seçkisində Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyası çoxluq əldə edib. 2012-ci ildə qurulmuş partiya həmin ilin oktyabr ayından hakimiyyətdədir. Partiyaya milyarder Bidzina İvanişvili sədrlik edir.
Bu il iyunun 20-si Gürcüstan parlamentində Pravoslav Parlamentlərarası Assambleyasının sessiyası keçirilib. Tədbirə Rusiya Dövlət Dumasının kommunist deputatı Sergey Qavrilovun sədrlik etməsi müxalif deputatların sərt etirazına səbəb olub, onlar beynəlxalq tədbiri yarımçıq dayandırıblar.
Müxaliflər etirazı Sergey Qavrilovun Gürcüstanın ərazi bütövlüyünə qarşı təcavüzdə iştirakı ilə əsaslandırıblar.
Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgələri 1990-cı illərin əvvəlindən özünü müstəqil dövlət elan etmiş rejimlərin əlindədir. 2008-ci ildə Rusiya Abxaziya və Cənubi Osetiyanı işğal edərək onları müstəqil dövlətlər kimi tanımaq qərarı verib. Hər iki bölgədə Rusiyanın hərbi bazaları var.
20 iyun qalmaqalı kütlələri də hərəkətə gətirib. Vahid Milli Hərəkat və Avropa Gürcüstanı partiyalarının çağırışı ilə Tbilisinin mərkəzinə toplaşan müxaliflər parlament sədri İrakli Kobaxidzenin və başqa yüksək rəsmilərin istefasını tələb ediblər. Onlar dövlət rəsmilərini düşmənə loyallıqda günahlandırıblar.
Həmin axşam müxaliflərin bir qrupu parlament binasına daxil olmağa çalışıb. Polis bunun qarşısını almaq üçün güc tətbiq edib. Toqquşmalarda 80-i polis əməkdaşı olmaqla 240 nəfər xəsarət alıb. 2 aksiyaçı rezin güllə atəşindən gözünü itirib, 305 nəfər tutulub.
Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyasının təmsilçisi olan İrakli Kobaxidze iyunun 21-də parlament sədri postundan istefa verib. Müxalif qüvvələr iyunun 20-də mitinqçilərə güc tətbiqinə başçılıq etmiş daxili işlər naziri Georgi Qaxariyanın istefasını da tələb edib. Ancaq Georgi Qaxariya postunda saxlanıb.
8 sentyabr səsverməsi zamanı bir qrup müxalif parlamentin qarşısında etiraz aksiyası keçirib. Onlar deputatları Georgi Qaxariyanın baş nazir postuna gətirilməsinə razı olmamağa çağırıblar.