Realliq.info saytının baş redaktoru İkram Rəhimov 27 gündür saxlandığı Bakı İstintaq Təcridxanasında aclıq aksiyası keçirir.
İkram Rəhimovu 2018-ci il oktyabrın 26-da Dövlət Təhlükəsizliyi Xidməti həbs edib. Rəsmi məlumatda qeyd olunub ki, İkram Rəhimov tabeçiliyində olan şəxslərlə birlikdə Realliq.info və digər “reket” informasiya saytları yaradıb, həmin internet qəzetlərin jurnalistləri adı altında ayrı-ayrı vətəndaşların barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mətbu orqanlarında müntəzəm yayıb dayandırılması müqabilində pul tələb edərək alıb, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan müntəzəm haqq toplayıb.
2019-cu il iyunun 12-də Bakı Ağır Cinayətlər Məhkəməsi İkram Rəhimovu 5 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Jurnalist bir qrup şəxslə qabaqcadan əlbir olaraq hədə-qorxu ilə tələb etmədə, bu əməlin təkrar törədilməsində təqsirli bilinib.
Avqustun 7-dən Bakı Apellyasiya Məhkəməsində İkram Rəhimovun Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi şikayətə baxılır. İlk iclasda baş redaktor iddia edib ki, bütün məhkəmə materialları saxtalaşdırılıb. Bu səbəbdən İkram Rəhimov cinayət təqibinə son qoyulması tələbi ilə avqustun 7-dən saxlandığı Bakı İstintaq Təcridxanasında aclığa başlayıb.
Avqustun 21-i və 28-də növbəti məhkəmə iclasları keçirilib. Məhkəmə İkram Rəhimovun hakim heyətinə etirazını, jurnalistin vəkili Elçin Sadıqovun təkrar məhkəmə istintaqının keçirilməsi və həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatətlərini qəbul etməyib.
Növbəti iclas sentyabrın 18-də olmalıdır.
İkram Rəhimovun ailə üzvləri avqustun 31-də onunla görüşüblər. Onlar “Amerikanın səsi”nə açıqlamasında bildiriblər ki, baş redaktorun səhhəti kritikdir: “İkram aclığı dayandırması üçün ona təzyiq göstərildiyini, hansısa sənədə qol çəkməsinə təkid edildiyini dedi. O bildirdi ki, ədalət bərpa olunmasa, ölənədək aclığı davam etdirəcək. Xərəbdarlıq etdi ki, zorla qida qəbul etdirsələr, özünə xəsarət yetirəcək”.
Avqustun 30-u Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri Bakı İstintaq Təcridxanasının həkimləri ilə birlikdə İkram Rəhimova baş çəkiblər. Orada həkimlər baş redaktoru müayinə ediblər və onun vəziyyətinin ciddi şəkildə pisləşdiyini vurğulayıblar. Həkimlər İkram Rəhimovu aclığı dayandırmağa çağırıblar, amma jurnalist bundan imtina edib.
Sentyabrın 2-də Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən “Amerikanın səsi”nə bildirblər ki, İkram Rəhimov aclığı davam etdirir: “O, həkimlərin nəzarəti altındadır. Rəhimovla qanunverciliyin tələblərinə uyğun davranılır. Ona aclığı dayandırması ilə bağlı hər hansı təzyiq edilməyib”.
Açıqlamada o da vurğulanır ki, İkram Rəhimov Bakı İstintaq Təcridxanasının sanitar-tibb hissəsinə yerləşdirilib və saxlanma şəraitindən razıdır.