Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və Elmi-Dini Şura bəyan edir ki, hicri 1441-ci ilin başlanğıcı – Məhərrəm ayının 1-i miladi təqvimlə 2019-cu il sentyabrın 1-nə, Aşura günü sentyabrın 10-na düşür.
Avqustun 27-də yayılan fətvada bildirilir ki, səmavi dinlərin sülh və əmin-amanlıq ayı kimi qəbul etdiyi Məhərrəmin onuncu günü olan Aşura hicri 61-ci ildən şəhadət və hüzn günü kimi yad olunur: “Aşura hadisəsində peyğəmbərin nəvəsi və səhabəsi İmam Hüseyn digər səhabələri, Əhli-Beyt və tərəfdarları Kərbəla çölündə şəhid edilib, ailələri əsir alınıb.
İmamın haqq-ədalət naminə şəhadəti bəşəriyyət və insanlıq üçün mənəvi kamillik, dirçəliş nümunəsidir. Odur ki, İmam Hüseyn əzadarlığı ölkəmizdə də bədbinlik və ümidsizliyə deyil, Vətən və iman sevgisinə, işğal olunmuş Qarabağ torpaqlarının azad edilməsi uğrunda mübarizəyə çağırış ruhunda olmalıdır.
Məhərrəmlik mərasimləri İmam Hüseynin şəninə uyğun və amallarına yaraşan tərzdə qeyd edilməlidir. Təziyə məclisləri məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə təşkil olunmalı, ictimai asayişə mane olmamalıdır. Dini mərasim və ayinləri yalnız QMİ-nin rəsmi şəkildə təyin etdiyi din xadimləri idarə etməlidir.
İbadət məkanlarından kənar ərazilərdə kütləvi yürüşlərə çıxmaq, özünə və ətrafdakılara xəsarət yetirə biləcək alətləri, başqa ölkələrin bayraq və digər dövlət rəmzlərini mərasimlərə gətirmək yolverilməzdir.
Əzadarlıq mərasimlərində dinimizin təyin etdiyi əxlaqi meyarlara riayət olunmalıdır. Qurşağadək soyunub zəncir vurmaqla bədənə xəsarət yetirmək və baş yarmaqla qan çıxarmaq islam qanunlarına ziddir, İmamın və Kərbəla şəhidlərinin xatirəsinə hörmətsizlikdir.
QMİ məzhəbindən asılı olmayaraq ölkə müsəlmanlarına İmam Hüseyn mərasimlərində birgə iştirak etməyi, İmam və Kərbəla şəhidləri ilə yanaşı Qarabağ və Xocalı şəhidlərinin də ruhlarına dualar etməyi tövsiyə edir”.