Realliq.info saytının baş redaktoru İkram Rəhimov saxlandığı Balı İstintaq Təcridxanasında 20-ci gündür aclıq edir.
Baş redaktorun ailə üzvü “Amerikanın səsi”nə deyib ki, İkram Rəhimov avqustun 26-da təcridxanadan evinə zəng edib: “Səsi zəif və xırıltılı idi. Dedi ki, hər iki ayağı tutulub, ayağa qalxmağa taqəti yoxdur, başgicəllənməsi artıb, çox arıqlayıb. Ailəsinin xahişinə baxmayaraq İkram aclığı dayandırmır. Ölənədək və ya ədalət bərpa olunanadək aclığı davam etdirəcəyini bildirir”.
Jurnalistin ailəsi beynəlxalq və yerli ictyimaiyyəti İkram Rəhimova kömək etməyə çağırır.
Penitensiar Xidmətin ictimiayyətlə əlaqələr şöbəsi İkram Rəhimovun aclığı davam etdirdiyini təsdiqləyib. Şöbədən “Amerikanın səsi”nə deyiblər: “O, su qəbul edir. Tibb-sanitar hissəsinə keçirilib, həkim nəzarətindədir. İkram Rəhimova hər hansı tibbi müdaxilə edilməyib və səhhətində ciddi problemlər yaranmayıb. O, qanunvericilikdə nəzərdə tutulan bütün hüquqlarından tam istifadə edir, yaxınları ilə görüşür və telefonla ailəsi ilə əlaqə saxlayır”.
Avqustun 23-də Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı nümayəndəliyinin həkimləri təcridxanada jurnalistə baş çəkiblər.
İkram Rəhimovu 2018-ci il oktyabrın 26-da Dövlət Təhlükəsizliyi Xidməti həbs edib. Rəsmi məlumatda qeyd olunub ki, İkram Rəhimov tabeçiliyində olan şəxslərlə birlikdə Realliq.info və digər “reket” informasiya saytları yaradıb, həmin internet qəzetlərin jurnalistləri adı altında ayrı-ayrı vətəndaşların barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mətbu orqanlarında müntəzəm yayıb dayandırılması müqabilində pul tələb edərək alıb, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan müntəzəm haqq toplayıb.
2019-cu il iyunun 12-də Bakı Ağır Cinayətlər Məhkəməsi İkram Rəhimovu 5 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Jurnalist bir qrup şəxslə qabaqcadan əlbir olaraq hədə-qorxu ilə tələb etmədə, bu əməlin təkrar törədilməsində təqsirli bilinib.
Avqustun 7-də Bakı Apellyasiya Məhkəməsində İkram Rəhimovun Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi şikayət üzrə hazırlıq iclası keçirilib. İclasda müdafiə tərəfi təkrar məhkəmə istintaqının aparılması üçün vəsatət qaldırıb. Vəsatət təmin olunmayıb.
Baş redaktor məhkəmədə iddia edib ki, bütün məhkəmə materialları saxtalaşdırılıb. Bu səbəbdən İkram Rəhimov cinayət təqibinə son qoyulması tələbi ilə avqustun 7-dən aclığa başlayıb. Avqustun 21-də Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda məhkəməyə etibar etmədiyini bildirən İkram Rəhimov hakim heyətinə etiraz edib. Bununla əlaqədar məhkəmə iclası avqustun 28-dək təxirə salınıb.