Ermənistandan Azərbaycanın işğal olunmuş ərazisinə yeni yol çəkmək qərarı verilib. 2020-ci ilədək tikilməsi nəzərdə tutulan yolun 150 kilometr uzunluğunda olacağı bildirilir.
1988-ci ilin fevralından başlayaraq Ermənistan Azərbaycanın Dağlıq Qarabağ vilayətini (Xankəndi şəhərini, Şuşa, Xocalı rayonlarını tam, Xocavənd rayonunu, keçmiş Ağdərə rayonunu qismən) və onun ətrafındakı bölgələri (Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan rayonlarını tam, Ağdam, Füzuli, Cəbrayıl rayonlarını qismən), eləcə də Qazax rayonunun 7, Naxçıvan Muxtar Respublikasının 1 kəndini işğal edib. 1994-cü ildə elan olunan atəşkəsdən bəri sülh danışıqları heç bir nəticə vermir.
Novator.az bildirir ki, 1999-cu ilin noyabr ayında Laçından keçən, Xankəndini Ermənistanın Gorus şəhəri ilə birləşdirən ilk yol istifadəyə verilib.
İkinci yolun açılışı 2017-ci ilin sentyabrında olub. Kəlbəcərdən keçən həmin yol Ermənistanın Vardenis rayonunu keçmiş Ağdərə rayonu ilə birləşdirir.
Kəlbəcər şəhərindən Ermənistanın Sotk kəndinə (Zod kəndi) gedən başqa bir yol da var.
İyulun 26-da Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat açıqlaması yayıb. Açıqlamada qeyd olunur ki, işğaldakı ərazilər boyunca “cənub istiqaməti” adlandırılan yeni yolun çəkilməsi niyyəti Ermənistanın əsl niyyətinin hərbi işğala əsaslanan status-kvonu möhkəmləndirmək, münaqişənin danışıqlar yolu ilə həllinə imkan verməmək və Azərbaycanın işğal olunmuş ərazilərini ilhaq etmək olduğunun növbəti nümunəsidir: “Şimal istiqaməti” adlandırılan və işğal olunmuş Kəlbəcər rayonundan çəkilmiş Vardenis-Ağdərə avtomobil yolu, eləcə də mərkəzi Gorus-Laçın avtomobil yolu təcrübəsi göstərir ki, Qubadlı və Cəbrayıl rayonlarından çəkilməsi nəzərdə tutulan yeni yol işğal altında olan bu ərazilərin təbii və digər resurslarının daha aqressiv formada talan edilməsinə xidmət edəcək.
Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində infrastruktur dəyişikliyi ilə bərabər maddi-mədəni irsin məhv edilməsi, demoqrafik tərkibin dəyişdirilməsi, mineral resursların talan edilməsi və digər bu kimi qeyri-qanuni fəaliyyətlər həyata keçirir.
ATƏT-in Minsk qrupunun həmsədrlərinin Azərbaycanın işğal olunmuş ərazilərində apardığı fakt araşdırma və qiymətləndirmə missiyalarının nəticəsi olaraq hazırlanmış hesabatlarda qeyri-qanuni fəaliyyətlərin sülh prosesinə ciddi təhlükə yaratdığı təsbit olunur.
2018-ci ildə hazırlanmış “Azərbaycanın Ermənistanın işğalı altında olan ərazilərində qeyri-qanuni fəaliyyətlər: peyk məlumatları əsasında sübutlar” adlı hesabatda Ermənistanın qeyri-qanuni əməllərinin miqyası tam aydın şəkildə özünü göstərir.
Beynəlxalq humanitar hüquqa, xüsusilə 1949-cu il tarixli Cenevrə Konvensiyasına əsasən, işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyətlərin aparılması qadağandır.
ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi işğal olunmuş ərazilərimizdə aparılan və danışıqlar prosesinə ciddi zərbə vuran qeyri-qanuni fəaliyyətləri ciddi şəkildə nəzərə almalıdırlar.
Münaqişənin həlli ilə bağlı münbit şəraitin yaradılmasına baxmayaraq Ermənistanın atəşkəs rejiminin arxasında gizlənərək destruktiv şəkildə qeyri-qanuni fəaliyyətləri davam etdirməsi danışıqlar prosesinin pozulmasına yönəlmiş növbəti təxribatçı cəhddir. Buna görə bütün məsuliyyət Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür.
Beynəlxalq öhdəlikləri tapdalayaraq işğal etdiyi ərazilərdə qanunsuz əməlləri davam etdirən Ermənistanın təxribatçı hərəkətlərini kəskin qınayır və təcavüzkardan bölgəmizdə sülh, təhlükəsizlik və rifaha qarşı yönələn əməllərinə son verməyi və işğalçı qüvvələrini Azərbaycanın ərazilərindən çıxarmağı təkidlə tələb edirik.
Azərbaycan işğalçı ölkənin bu kimi təxribatçı əməllərinə müvafiq şəkildə cavab vermək hüququnu özündə saxlayır”.