Rusiya parlamentinin aşağı palatası – Dövlət Duması iyulun 24-də uşaqlı ailələrə ödəniş qanununu yeniləyib. Novator.az-ın məlumatına görə, doğulan və ya övladlığa götürülən birinci və ikinci uşaq üçün aylıq ödəniş artır.
Hazırda aylıq uşaq pulu bölgədə əmək qabiliyyətli əhali üçün müəyyən olunan rəsmi yaşayış minimumu məbləğinin 1,5 misli qədərdir. Yeniliyə əsasən, 2020-ci il yanvarın 1-dən ödəniş yaşayış minimumu həddinin 2 mislinə bərabər olacaq.
Qanunda başqa bir dəyişikliyə görə, valideynlər uşağın 3 yaşı tamam olana qədər ödəniş alacaqlar. İndi ödəniş uşağın yaş yarımı tamam olana qədər verilir, yaş yarımdan 3 yaşadək aylıq uşaq pulu isə 50 rubldur.
Hazırda Rusiyada əmək qabiliyyətli əhali üçün yaşayış minimumu 11,6 min rubldur (313 manat).
Azərbaycanda uşağın anadan olmasına görə 200 manat birdəfəlik müavinət verilir. Hər ay uşaq pulunun verilməsi praktikası 2006-cı ildən dayandırılıb.