Görkəmli jurnalist Şakir Yaqubovun “Bir az da futbol(umuz)dan” kitabı çapdan çıxıb. Novator.az-ın məlumatına görə, “3 saylı Bakı Mətbəəsi” ASC-də buraxılan kitabda jurnalistin dünya və Azərbaycan futbolunun bir çox nümayəndəsi haqqında oçerkləri, portret yazıları, dünya futbolunun və milli futbolun problemləri barədə təhlilləri, başqa materiallar toplanıb.
Oxucular “Bir az da futbol(umuz)dan” kitabında Bobbi Çarltondan Yohan Kroyfa qədər, Qarrinçadan Piter Şiltona qədər, Helmut Şöndən Valeri Lobanovskiyə qədər, Tofiq Bəhramov və Anatoli Banişevskidən Vaqif Sadıqova, Yaşar Vahabzadəyə, Əsgər Abdullayevə qədər ən müxtəlif futbol adamlarını bir daha tanımaq imkanı əldə edir.
Müəllif özü kitabı belə nişan verir: “Ömrüm boyu idman jurnalisti olmağı arzulasam da, sovet illərində buna imkan olmayıb – sırf idmandan yazan cəmi bir qəzetimiz vardı, onun da 10-15 nəfər mütəxəssis-idmançı əməkdaşı; sonrakı dövrdə isə artıq “iş işdən keçmişdi” – mən daha çox ictimai-siyasi mövzuda yazan jurnalist kimi tanınmışdım… Ancaq iş elə gətirdi ki, qəzetçilik ömrümün son illərində – ən çox da işsizlik ucbatından – əsl mənada idman jurnalistliyi ilə məşğul olmaq məcburiyyətində qaldım.
Əlilliklə əlaqədar vaxtından xeyli qabaq məcburi pensiyaya çıxanda isə idman mövzusunda vaxtilə yazdıqlarımı bir də gözdən keçirdim və onların əksəriyyətinin bu gün də aktuallığını, praktik əhəmiyyətini qoruyub saxladığını gördüm. Bu yazıları kitab şəklinə salmaq istəyəndə məlum oldu ki, 1974-ci ildən bəri təkcə futboldan yazdığım yazılar təqribən 1500 kitab səhifəsi həcmindədir. Bunların içindən də seçim aparandan sonra bu kitab əmələ gəldi…
Alın, oxuyun, bitirdikdən sonra nəsə söyləmək istəsəniz, dinləməyə hazıram”.
Kitabın rəyçisi əməkdar məşqçi Vaqif Sadıqov, redaktoru jurnalist Elşən Əliyevdir.
Şakir Yaqubov 1951-ci il fevralın 25-də Astaranın Balaca Şahağac kəndində doğulub. Azərbaycan Dövlət Universitetinin (indi Bakı Dövlət Universiteti) kitabxanaçılıq fakültəsini, Azərbaycan Jurnalist Sənətkarlığı İnstitutunu və Azərbaycan KP MK yanında Marksizm-Leninizm Universitetini fərqlənmə diplomu ilə bitirib.
1974-2000-ci illərdə “Azərbaycan gəncləri”, “Kommunist” (indiki “Xalq qəzeti”), “Həyat” (indiki “Azərbaycan”), “Sirdaş”, “Səhər”, “AFFA news”, “Panorama” qəzetlərində müqaviləli xüsusi müxbirlikdən baş redaktorun birinci müavini və baş redaktoracan ən müxtəlif vəzifələrdə, sonrakı 10 ildə isə Auditorlar Palatasının redaksiya-nəşriyyat şöbəsinin müdiri, “İqtisadiyyat və audit” elmi-praktik jurnalının məsul redaktoru vəzifəsində çalışıb. Hazırda 2-ci qrup əlil kimi pensiyadadır, işləmir.
“Mən şahidəm ki…”, “Qətiyyətin təntənəsi”, “Hakim mərkəzi göstərər”, “Bizim səfər haçandı?!”, “Banişevski olduğu kimi”, “Taleyimdən keçənlər”, “Yaddaşımın küncündən…” kitablarının müəllifi, “Vətən bizim şöhrətimiz…”, “Bizim müasirimiz”, “On ikinci şeyxülislam” və “Qanlı Yanvar dialoqu” kitablarının həmmüəllifi, məşhur islamşünas alim Q.E. fon Qrünebaumun “Klassik islam” monoqrafiyasının, Y.Boqatın “Onlar belə sevirdilər” (Ə.Ağalarov və E.Cabbarovla birgə) kitabının və dövri mətbuatda çap olunmuş onlarca digər dəyərli əsərin tərcüməçisi, Vasif Səmədov, Bəxtiyar Sadıqov, Müsəllim Həsənov, Adil Qaçayoğlu və digər qələm sahiblərinin publisistik kitablarının, habelə auditə dair 35-dən çox elmi-kütləvi nəşrin redaktorudur.
İki dəfə – sovet dövründə (1989-cu il) və müstəqillik illərində (2005-ci il) “Əməkdar mədəniyyət işçisi” fəxri adına, 2014-cü ildə Azərbaycan mətbuatının inkişafındakı xidmətlərinə görə Azərbaycan Mətbuat Şurasının Ali Media Mükafatına, habelə “Qızıl qələm” və Həsən bəy Zərdabi mükafatlarına, 10-dək yaradıcılıq müsabiqəsinin mükafatlarına layiq görülüb. “Azərbaycan Respublikasının fəxri auditoru” adını almış ilk və yeganə peşəkar jurnalistdir.