Prezidentin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov AZƏRTAC-a açıqlamasında məhkəmə sistemindəki islahatlardan danışıb. O deyib ki, “Məhkəmələr və hakimlər haqqında” qanuna edilən dəyişikliklər ixtisaslaşmış məhkəmələrin iki sisteminin – inzibati məhkəmələr və kommersiya məhkəmələrinin yaradılmasının hüquqi təməlini formalaşdırır, 2020-ci il yanvarın 1-dən mövcud inzibati-iqtisadi məhkəmələr sistemi ləğv ediləcək: “Həm inzibati, həm iqtisadi münasibətlərin hazırkı səviyyəsi və onların inkişaf potensialı baxımından müvafiq məhkəmələrin və hakimlərin daha yüksək ixtisaslaşma dərəcəsinə nail olunması vacibdir. İkili, yəni ümumi (publik) və xüsusi hüquqi təbiətə malik inzibati-iqtisadi məhkəmələr əvəzinə ayrıca inzibati məhkəmələrin və kommersiya məhkəmələrinin yaradılması məhkəmə-hüquq islahatlarının indiki mərhələsində ixtisaslaşmanın dərinləşdirilməsi üçün optimal üsul hesab edilir.
İnzibati məhkəmələr müstəsna olaraq inzibati orqanların hərəkət və hərəkətsizlikləri, inzibati aktları ilə bağlı mübahisələrə, o cümlədən vergi və gömrük ödənişləri, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan mübahisələrə baxacaq.
Kommersiya məhkəmələri isə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mülki mübahisələrə baxmaqla mülki prosessual normaları rəhbər tutacaqlar. Prosessual qanunvericiliyə edilən dəyişikliklər nəticəsində kommersiya məhkəmələrinin aidiyyətinə həmçinin sahibkarlıq fəaliyyəti subyektlərinin maraqlarına toxunan və hazırda rayon (şəhər) məhkəmələrində baxılan bir sıra digər kateqoriyalara daxil olan işlər də aid ediləcək.
Rayon (şəhər) məhkəmələri isə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan bütün digər mübahisələrə dair işlərə baxacaqlar.
Ayrıca inzibati və kommersiya məhkəmələrinin yaradılması həm onlarda ixtisaslaşmanın artırılmasına şərait yaradacaq, həm də rayon (şəhər) məhkəmələrinin üzərinə düşən iş yükünün müəyyən dərəcədə azaldılmasına imkan verəcək”.
Fuad Ələsgərovun bildirdiyinə görə, yeni dəyişikliklər bütün instansiya məhkəmələrini əhatə edir: “Hazırda Ali Məhkəmədə və apellyasiya məhkəmələrində mülki, inzibati-iqtisadi, cinayət və hərbi kollegiyalar fəaliyyət göstərir. İnzibati və kommersiya məhkəmələri sistemlərinin ayrılması prinsipinin apellyasiya və kassasiya instansiyalarında da öz məntiqi davamını tapması üçün mövcud məhkəmə kollegiyalarının quruluşunda müvafiq dəyişikliklər edilərək yuxarı instansiya məhkəmələrində də iki müvafiq kollegiya yaradılır.
Yuxarı instansiya məhkəmələrində fəaliyyət göstərən digər iki kollegiya, yəni cinayət kollegiyası və hərbi kollegiya cinayət-prosessual normaları rəhbər tutmaqla aşağı instansiya məhkəmələrinin cinayət işləri üzrə hökm və digər yekun qərarlarından şikayət və ya protestlərə baxır. Burada yeganə fərqli cəhət hərbi kollegiyaların müharibə və hərbi xidmət əleyhinə olan cinayətlər, habelə hərbi qulluqçuların törətdiyi cinayətlər üzrə ixtisaslaşmasıdır. Həmçinin statistik rəqəmlərin müqayisəsi göstərir ki, hərbi kollegiyalarda baxılan işlərin sayı kifayət qədər azdır. Apellyasiya və kassasiya instansiyası məhkəmələrində hərbi və cinayət kollegiyalarının birləşdirilməsi nəzərdə tutulub. Bu dəyişiklik birinci instansiya hərbi məhkəmələrinin fəaliyyətini əhatə etmir, onlar hazırkı qaydada fəaliyyətlərini davam etdirəcəklər.
Prosessual qanunvericiliyə edilmiş dəyişikliklərin digər bir istiqaməti işin məhkəmə aidiyyətinə dair mübahisələrə baxılma prosedurlarının səmərəliliyinin artırılması və müddətlərinin qısaldılması ilə bağlıdır. Hazırda işin inzibati-iqtisadi və ya rayon (şəhər) məhkəməsinə aid olmasına dair mübahisələrə ardıcıl olaraq üç instansiyada – birinci, apellyasiya və kassasiya instansiyalarında baxılır.
Məhkəmə aidiyyətinə dair mübahisələrə baxılması prosedurunun sadələşdirilməsi üçün belə mübahisələrə baxan instansiyaların sayının azaldılması nəzərdə tutulub. Yeni qanunla müəyyən edilib ki, birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyətinə dair mübahisələr üzrə qərarlarından şikayətlər birbaşa Ali Məhkəməyə göndəriləcək. Ali Məhkəmədə bu kateqoriyadan olan şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında baxılacaq. Belə şikayətlərə baxılması üçün nəzərdə tutulmuş müddət də 2 aydan 10 günədək qısaldılır. Nəticədə aidiyyətlə bağlı mübahisələrə baxılmasında yubatma və süründürməçilik, heç bir zərurət olmadan aidiyyətlə bağlı çoxsaylı şikayətlərin verilməsi hallarının qarşısı alınacaq.
Nəzərdə tutulan dəyişikliklər bir tərəfdən məhkəmə kollegiyaları strukturunun optimallaşdırılmasına, digər tərəfdən isə istər cinayət işləri, istərsə də aidiyyətlə bağlı mübahisələr üzrə vahid məhkəmə təcrübəsinin formalaşdırılması üçün daha əlverişli şəraitin yaradılmasına səbəb olacaq”.