Qatillər öz cinayətləri haqqında bir-biriləriylə necə danışır? Açıq-saçıqmı – “get filankəsi öldür”, “gedək filankəsi öldürək”, “filankəsi öldürmək lazımdı”, “filankəsi öldürdüm”, yoxsa üstüörtülü – işarələrlə, sətiraltı mənası olan sözlərlə?
Qatillər çox vaxt üstüörtülü danışır, ona görə də qətlin, xüsusən sifarişli qətllərin bütün iştirakçılarını üzə çıxarmaq, onların dediklərinin, elədiklərinin hamısının cinayətə aid olduğunu sübut eləmək çətin olur, bəzən də heç mümkün olmur, çünki bəzən sübut kimi cinayətkar intonasiyanı, jesti, baxışları, hətta pauzaları, qatil sükutları da tapıb işə əlavə eləmək lazım gəlir ki, bu da həmişə baş tutan məsələ deyil.
Qatillərin üstüörtülü danışdığını deyəndə mən onların başqalarının əlinə fakt verməmək, sabah işin üstü açılanda məsuliyyətdən yayınmaq üçün üstüörtülü danışmaqlarını nəzərdə tutmuram. Bu, necə deyərlər, hüquqi motivlə üstüörtülü danışmaqdı və o da cinayətin açılmasında çox böyük çətinlik yaradır – bu öz yerində. Ancaq burda “üstüörtülü danışıq” deyəndə mən bu kriminal fəndi, hüquqi bəraət qazanmaq cəhdini yox, psixoloji fəndgirliyi, mənəvi bəraət qazanmaq cəhdini nəzərdə tuturam. Qatillər öz cinayətlərini nəinki başqalarından, həm də özlərindən gizlətməyə çalışırlar. Ona görə də onlar təkcə hüquqi yox, həm də mənəvi motivlə üstüörtülü danışırlar.
Lev Ginzburq “O dünyada görüşlər” kitabında Hitlerlə Himmlerin bir söhbətindən yazır. Bu söhbəti Ginzburqa Hitlerin katibəsi olmuş Troydel (Gertruda) Yunge danışıb. Yunge deyir: “İndiki kimi yadımdadı, bir dəfə Himmler mənim yanımda, deyəsən, Osvensim düşərgəsində vəziyyət barədə Hitlerə məlumat verirdi. O hər məhbusun neçə kalori almasından, “əməklə yenidən tərbiyə” sisteminin necə qurulmasından danışdı. Şübhəsiz ki, qaz kameralarının adı çəkilmədi. Himmler nəql elədi ki, məhbuslardan biri barakı yandırmağa cəhd göstərmişdi: “Mənim fürerim, heç bilirsizmi biz o zavallı haqqında nə tədbir gördük? Biz onu bütün blokun yanğından mühafizəsi üçün məsul şəxs təyin elədik! Göstərilən etimad sayəsində o, tamam başqa adam olub və yəqin ki, tezliklə düzələcək…”.
Ginzburq yazır: “Əgər həqiqətən belə söhbət olubsa, onda bu nə demək idi? Riyakarlıqmı, hiyləgərlikmi, katibəyə xoş təsir bağışlamaq cəhdimi? İnanılası deyil. Axı Hitler də, Himmler də (bəlkə lap Yungenin özü də) Osvensimin nə olduğunu və onu nə üçün yaratdıqlarını gözəl bilirdilər. Yox, bu, iki sui-qəsdçinin, iki cinayət təşkilatçısının təbii zövqlə özünü aldatması idi. Onlar özləri özlərini inandırmalıydılar ki, nəinki heç bir cinayət törətmirlər, əksinə, hamının qəbul elədiyi adi əxlaq normalarına tam uyğun şəkildə hərəkət eləyirlər. Gizli qüsuru olan insan onu özgələrdən beləcə gizlədir və qüsurunu özü də etiraf eləmək istəmir.
Nasistlərin bir çox “tabu”ları vardı: onlar hətta çox məxfi xidmət təlimatlarında da, demək olar ki, heç vaxt “güllələnmə”, “boğulma”, “asılma” sözlərini işlətmir, bunları “köçürülmə”, “xüsusi rəftar”, “məsələnin qəti həlli” kimi terminlərlə dəyişirdilər. Özü də təkcə sirr saxlamaq məqsədilə deyil, əslində mənəvi mülahizələrə görə belə eləyirdilər. Fərz eləyək ki, bütöv bir şəhərin xəstə və ahıl sakinlərini məhv eləmək haqqında əmri imzalayarkən bu kütləvi qırğını adamların arxadakı rayonlara köçürülməsi kimi qələmə vermək psixoloji cəhətdən daha sərfəlidi. Belə əmrə qol çəkən şəxs həmişə özünə deyə bilər ki, o, yalnız adamların köçürülməsini nəzərdə tutmuşdu. Beləliklə, bu şəxs həm öz vicdanını təmiz saxlayır, həm də öhdəsinə düşən operativ vəzifəni yerinə yetirmiş olur”.
Bədii ədəbiyyatda qatillərin üstüörtülü danışığını ən dahiyanə şəkildə Fyodor Dostoyevski “Karamazov qardaşları”nda verib. Lakey Smerdyakov ağası Fyodor Karamazovu öldürmək planını onun oğlu İvan Karamazova az qala bütün xırdalıqlarınacan açır. Başa salır ki, alibi qazanmaq üçün qətldən qabaq özünü xəstəliyə vuracaq, İvan Karamazovsa çıxıb başqa yerə getməlidi. İvan bilir ki, Smerdyakov onun atasını öldürəcək, bütün şübhələr də qardaşı Dmitri Karamazova yönələcək. Ancaq bu söhbətlərin hamısı üstüörtülü gedir, nə Smerdyakov Fyodor Karamazovu öldürəcəyini açıq deyir, nə də İvan buna razılıq verdiyini açıq bildirir. Bu həmin İvandı ki, axırda məhkəmədə deyəcək: “Atamı qardaşım yox, Smerdyakov öldürüb. O öldürüb, mənsə ona öldürməyi öyrətmişəm…”.
“Öldürməyi öyrədib”, amma heç vaxt “get öldür” deməyib, “get atamı öldür” də deməyib, “öldürürsənsə öldür” də deməyib, amma eyni zamanda bunların hamısını deyib…
Bir ay əvvəl Azərbaycan mətbuatında “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlində təqsirli bilinən adamlara qanunsuz yolla telefon nömrəsi almaqda yardım göstərdiyinə görə tutulmuş Turqay Bayramovun istintaqa verdiyi ifadəsi çap olunmuşdu. İstintaqın gəldiyi qənaətə görə, Turqay Bayramov yardım göstərdiyi adamların qətlə hazırlaşmasından xəbərsiz olub. O, istintaqa verdiyi ifadəsində bildirir: “Teymuraz rus dili qarışıq Azərbaycan dilində Tahirə dedi ki, (Azərbaycanın hüquq mühafizə orqanları hazırda axtarışda olan Teymuraz Əliyevlə Tahir Xubanovu Elmarın qətlində təqsirli bilir – A.Q.) təcili aeroporta get, dostum gəlir, qabağına çıx. Bir də dedi ki, o “ikra”nın məsələsini həll et. Tahir evdən çıxdı”.
Turqay Bayramovun ifadəsini oxuyanda mən belə başa düşdüm ki, söhbət Elmarın xaricdən gələndə aeroportda güdülməsindən gedir, “dost” – Elmardı, “ikra” – indi Elmarın qətlində təqsirli bilinən adamlara çatacaq nələrdənsə biridi, çox güman ki, puldu. Çünki Turqay Bayramovun ifadəsinə görə, Teymuraz Əliyev aeroportdan qayıdanda Tahir Xubanovdan soruşub: “Nə oldu, reys gəldi?”. Sonra belə bir sual da verib ki, “bəs ikranın haqq-hesabı nə oldu?” Tahir Xubanov cavab verib ki, alınmadı.
Teymuraz Əliyevlə Tahir Xubanovun və onlarla birlikdə olan başqa adamların Turqay Bayramovun yanında işarələrlə danışdığı göz qabağındadı. Görəsən, onlar təkcə Turqay Bayramovun başa düşməməsi üçünmü işarələrlə danışıblar, yoxsa burda ayrı qanunauyğunluq da var? Məncə, var.
Cinayətkar təkcə başqasını yox, özünü də aldatmağa ehtiyac duyur. Ona vicdanı diksindirməyən sözlər lazımdı. Buna görə də qatillər öz qurbanlarına ayama qoşmağı xoşlayırlar. O, qurbanını “dostum” adlandırıb guya heç kimi öldürməyə hazırlaşmadığını özünə təlqin eləyə də bilər, “həşərat” adlandırıb guya yalnız iyrənc bir həşəratı tapdadığını, yəni yenə adam öldürmədiyini özünə aşılaya bilər. Bu baxımdan mən düşünürəm ki, Elmarın qətlinin icraçıları öz aralarında da işarələrlə, üstüörtülü danışıblar – “dostumuz”, “ikranın haqq-hesabı” kimi sözlərlə.
Balaca bir cinayət törədin, yaxud bir qanunsuzluğa hazırlaşın, o dəqiqə görəcəksiniz ki, “ortaqlarınızla” işarələrlə danışmağa başlamısız, aranızda özünəməxsus kodlar peyda olub. Azərbaycanda rüşvətin “hörmət” adlandırılması da bu cür baş verib, bu xüsusi terminlər təkcə hüquqi məsuliyyətdən yayınmaq üçün deyil, bunlar həm də vicdanı sakitləşdirmək üçündü, tək başqalarını aldatma deyil, həm də özünüaldatmadı. Ona görə də mən Turqay Bayramovun ifadəsini oxuyanda orda heç bir adam öldürməkdən söhbət getməsə də, ordakı söhbətlərin məhz adam öldürməkdən getdiyinə inandım. Bir qayda olaraq cinayət elə bu “dil”də hazırlanır, qatillər elə o cür danışırlar.
Bəlkə də mən səhv eləyirəm. Bəlkə də Elmarın qətlinin bütün iştirakçıları – qətlin sifarişçiləri də, icraçıları da öz aralarında, bir-biriləriylə tam açıq danışıblar. “Gedin öldürün” deyiblər, “gedək öldürək” deyiblər, “getdik öldürdük” deyiblər. Bu da mümkündü. Bu cinayətin üstü açılsa, mənim sağlığımda açılsa və məlum olsa ki, qatillər hər şeyi bir-birilərinə çox açıq deyiblər, onda mən buna daha çox təəccüblənərəm, nəinki ortaya şifrələr, kodlar çıxsa.
Qatillər üstüörtülü danışmağı xoşlayırlar. Eşitmişəm ki, hətta onlar qətl haqqında açıq danışmağı ədəbsizlik sayırlar. Şübhəsiz, özlərini günahkar hiss elədiklərinə görə. Onlara özlərini günahsız hiss elətdirə biləcək “mədəniyyət” lazımdı.
“Leon” bədii filmində uşaq peşəkar qatildən nə işlə məşğul olduğunu soruşanda qatil belə cavab verir: “Təmizlik işləri aparıram”.
İnsanın özünü aldatması insanın ən böyük faciəsidi. İnsanın – qatilin də, qurbanın da.
Azər Qaraçənli
17 iyun 2011-ci il