İlkin Rüstəmzadə
Mən həbsdə olan vaxt 13 saylı Cəzaçəkmə Müəssisəsində üç nigeriyalı məhbus vardı: Yaqub, Anton və Ceyms.
Həbsxanada olan digər xarici ölkə vətəndaşları kimi onları da səfirlik əməkdaşı (və ya buna ekvivalent bir diplomat) müntəzəm ziyarət edirdi. Onlar və həbsxanadakı digər xarici ölkə vətəndaşları toxunulmaz idilər. Çünki onların səfirliyi vardı. Onlar etdikləri ən ağır qanun pozuntuları zamanı belə yalnız qanuni vasitələrlə, özü də çox yüngül cəzalandırılırdı.
Azərbaycan vətəndaşı olan məhbuslar isə çox vaxt ən kiçik qanun pozuntusuna görə çox ağır cəzaya məruz qalırdı. Səhər saat 7:30-da deyil, 8:00-da yuxudan durduğuna görə ölümcül döyülüb karserdə qandalla asılan məhbusların hekayətləri adidən də adiydi. Azərbaycan vətəndaşlarından – həm məhbuslardan, həm onların yanına gələn yaxınlarından – hər xırda şeyə görə rüşvət alınırdı. Amma xarici ölkə vətəndaşları ilə yalnız qanun çərçivəsində davranılırdı. Azərbaycan vətəndaşları sistem qarşısında tam müdafiəsiz idilər. Çünki onların səfirliyi yox idi. Onlar səfirliksiz səfillər idilər.
Bir dəfə Qırmızı Xaç Komitəsindən həbsxanaya ziyarətə gəlmişdilər. Bu tip ziyarətlərdə görüş ardıcıllığı adətən belə olurdu: xarici vətəndaşlar, siyasi məhbuslar, problemli məhbuslar və sonda özü və ya ailəsi müraciət edənlər. Məni də çağırdılar. İnzibati binanın qarşısındakı nəzarət-buraxılış məntəqəsinə çatmışdım ki, həyətdən möhkəm qışqırtı eşitdim. Nəzarət-buraxılış məntəqəsindən həyətə keçəndə Ceymsi gördüm. Həbsxana rəisi, Qırmızı Xaç Komitəsindən gələn suriyalı oğlan və rus xanım da orada idilər. Ceyms yarı-yarımçıq Azərbaycan dilində rəisi söyürdü və Qırmızı Xaç Komitəsindən gələn nümayəndələri kobud ingiliscəsiylə əclaflıqda, işgəncələrə göz yummaqda ittiham edirdi.
Başını çevirəndə məni gördü. Mən artıq yox idim. Utandığımdan başımı aşağı salmışdım. Qəhər məni boğurdu. Mən, İlkin, öz idealları uğrunda həbs olunduğunu düşünən biri 30 kiloqram heroinlə həbs olunmuş nigeriyalı narkotik qaçaqmalçısı qədər ola bilmirdim. Çünki mənim səfirliyim yox idi.
Bu sətirləri təkəbbür üçün yazmıram, amma mənimlə həbsxanada olan dostlarım bilir ki, Suriya müharibəsinin iştirakçısından tutmuş şiə dindara, kriminal avtoritetə qədər yüzlərlə məhbusa işgəncənin qarşısının alınması məsələsində kömək etmişəm, bəzən ən ağır, ekstremal hallarda özümü “ölüm düşərgəsi”nə göndərilmək təhlükəsinə atmışam. Amma bunlar Ceymsin mənə yaşatdığı xəcaləti silmək üçün kifayət deyildi. Mən Qırmızı Xaç nümayəndələrinin gözü önündə rəisi söyüb, onu qaniçənlikdə ittiham edəcək cəsarət səviyyəsinə heç vaxt qalxmadım. Çünki mənim üzərimdə damğa var. Çünki mən öz vətəndaşına it hörməti qoymayan ölkənin vətəndaşıyam.
İyulun 15-i Gürcüstanla sərhəddə baş verən insidentlə bağlı hiss etdiyim xəcalət qarışıq qəzəb idi. Niyə axı? Öz vətəndaşlarına belə qənim kəsilən dövlət niyə bu cür məğmun olsun axı? Əgər o sərhədə gürcü fəallar yox, biz getsəydik, inanın, əsgərlərimizə bizi güllələmək əmri verilərdi. Və bu gün özünü kosmopolit, intellektual göstərməyə çalışanlar dövləti haqlı çıxarardı ki, sənin nə işin var sərhəddə?
Silahı əlindən alınan, təhqir olunan, sonra videosu paylaşılıb aşağılanan Azərbaycan əsgəri əslində hamımızın simvoludur. Bütün əzilən, təhqir olunan, hüquqları əlindən alınan, lakin onun hüquqları uğrunda nəsə etməyə çalışanlara lağlağı edən, gözüqıpıq azərbaycanlıların vahid obrazı idi o əsgər.
Mənbə: Meydan.tv
İlkin Rüstəmzadə 2013-cü ilin mayında həbs olunaraq kütləvi iğtişaşların təşkili, qrup halında xuliqanlıq və ictimai asayişin pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə xuliqanlıqda təqsirli bilinib, 8 il müddətinə azadlıqdan məhrum edilib. O, 2019-cu il martın 16-da əfv olunub.