İyulun 10-da Repressiyalar və İşgəncələr Əleyhinə Komitə 2018-ci ildə Gəncədə baş vermiş qanlı hadisələrin ildönümü ilə əlaqədar tədbir keçirib.
İclasın əvvəlində bildirilib ki, Gəncə hadisələrinə görə tutulanlardan biri – Aydın Qurbanov cəza çəkdiyi müəssisənin tibb ocağında vəfat edib. İştirakçılar onun xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
“Amerikanın səsi” xəbər verir ki, hüquq müdafiəçisi Oqtay Gülalıyev “2018-ci il Gəncə hadisələri: terror, təxribat və ya ictimai etirazlar. Reallıqlar və uydurmalar” adlı hesabatı diqqətə çatdırıb.
Oqtay Gülalıyevin dediyinə görə, məhkəmə proseslərinin monitorinqləri, müttəhimlərin ailə üzvlərindən və vəkillərdən əldə edilən informasiyalar göstərir ki, Gəncə hadisələri üzrə həbs olunanları əsasən sübutsuz təqib edirlər: “Gəncənin icra başçısına atəş açan Yunis Səfərov polisdə işgəncələrə məruz qalıb. Onun üzərində zorakılıq əlamətlərinin olduğunu əks etdirən foto sosial şəbəkələrdə yayılıb. Bu fotonu yayanlar və iğtişaşlara çağıranlar indiyədək müəyyən edilməyib və tapılmayıb.
Digər tərəfdən şəhərin mərkəzində Rəşad Böyükkişiyevin əlində xəncər rahat gəzməsi, iki polis zabitini öldürüb, sonra gizlənməsi də çoxlu sual doğurur. Polislər özləri məhkəmədə bildirdilər ki, etiraz aksiyası olan gün onlardan silahları yığıblar”.
Oqtay Gülalıyevin sözlərinə görə, hadisələrlə əlaqədar 1000-ə yaxın adam saxlanıb. Onların əksəri bir neçə gün sonra buraxılıb. 80-ə yaxın adam isə həbs olunub. Oqtay Gülalıyevin iddiasına görə, tutuların çoxu işgəncələrə məruz qalıb, bəzisi dözməyərək intihara cəhd edib.
Hesabat müəllifləri işgəncə törədənlərin məsuliyyətə cəlb edilməsini, Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevin hərəkətlərinin araşdırılmasını (hesabatda deyilir ki, etirazlara məhz onun hərəkətləri səbəb olub), təqiblərə son qoyulmasını, həbs edilən və mühakimə olunanlara bəraət verilməsini istəyirlər.
Sonda tədbir iştirakçıları 10 iyul tarixini “İşgəncələrə qarşı mübarizə günü” elan ediblər.
2018-ci il iyulun 3-də həmin vaxt Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı işləyən Elmar Vəliyev və Gəncə Şəhər Baş Polis İdarəsinin serjantı Qasım Aşbazov odlu silahla vurulub. Hadisəni Rusiya Federasiyasının vətəndaşı olan gəncəli Yunis Səfərovun törətdiyi açıqlanıb. Rəsmi versiyaya görə, Yunis Səfərovun terror aktını törətməkdə əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq, bunun üçün bir neçə tanınmış dövlət məmurunu öldürməklə ajiotaj, xaos, vahimə yaratmaq, nəticə etibarilə hakimiyyətin zorla ələ keçirilməsini təşkil etmək olub. Yunis Səfərov elə həmin gün tutulub.
İyulun 10-da 150-200 nəfər Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının önündə aksiya keçirməyə cəhd göstərib. Rəsmi versiyaya görə, həmin şəxslər dini radikallar olublar. Onlar polis əməkdaşlarına küt və kəsici-deşici alətlərlə müqavimət göstəriblər, bu zaman Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini polkovnik İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini polkovnik-leytenant Səməd Abbasov həlak olublar.
Növbəti günlərdə hüquq mühafizə orqanlarının hadisələrdə şübhəli bilinən şəxsləri yaxalamaq üçün keçirdiyi əməliyyatlar zamanı 6 nəfər öldürülüb. Gəncə hadisələrinə görə ümumilikdə 60-a yaxın adam cinayət məsuliyyətinə cəlb edilib.
2019-cu ilin martında məhkəmə məsuliyyətə cəlb olunan şəxslərdən 14 nəfərinə hökm çıxarıb. Onlar 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum olunublar.