Novator.az yaradılmasından 30 il ötən Azərbaycan Xalq Cəbhəsi (AXC) ilə bağlı arayışı təqdim edir.
AXC 1989-cu il iyulun 16-sı Bakıda təsis olunub. Qurucu konfransda Əbülfəz Elçibəy AXC sədri, Canbaxış Umudov, Etibar Məmmədov, Ələkrəm Hümmətov, Hikmət Hacızadə, İsa Qəmbər, Leyla Yunus, Nemət Pənahlı, Nəcəf Nəcəfov, Pənah Hüseyn, Rəhim Qazıyev, Sabit Bağırov, Sülhəddin Əkbər, Tofiq Qasımov, Yusif Səmədoğlu, Zərdüşt Əlizadə İdarə Heyətinin üzvləri seçiliblər.
AXC Ali Məclisinin sədri postunu Tamerlan Qarayev tutub.
1990-cı il yanvarın 8-də keçirilmiş konfransda İdarə Heyəti qismən yenilənib. Canbaxış Umudov, Ələkrəm Hümmətov, Leyla Yunus, Nemət Pənahlı, Nəcəf Nəcəfov, Zərdüşt Əlizadəni İdarə Heyətində Arif Paşa, Dilarə Əliyeva, Əlikram Əliyev, Firudin Səməndərov, Sabir Rüstəmxanlı, Vurğun Əyyub əvəzləyiblər.
1991-ci ilin yayında AXC-nin qurultayı İdarə Heyəti institutunu ləğv edib, İcraiyyə Komitəsi yaradılıb.
İcraiyyə Komitəsinin sədri postunu əvvəlcə Pənah Hüseyn, sonralar Tofiq Seyidov, Fərəc Quliyev, İbrahim İbrahimli tutublar.
1991-ci ildə AXC Ali Məclisinin sədri vəzifəsinə Arif Hacılı, 1992-ci ildə Qulamhüseyn Əlibəyli seçilib.
AXC 1992-1993-cü illərdə hakimiyyətdə olub.
1992-ci il mayın 18-dən prezident səlahiyyətlərini həmin gündən parlament sədri olan İsa Qəmbər icra edib. İyunun 7-də Əbülfəz Elçibəy prezident seçilib, ayın 17-də vəzifəsinin icrasına başlayıb.
1993-cü ilin iyununda AXC hakimiyyəti hərbi-siyasi qiyamla devrilib, ayın 24-də Əbülfəz Elçibəy Milli Məclisin qərarı ilə vəzifədən uzaqlaşdırılıb.
Qurumun ilk liderlərindən AXC hakimiyyətində həmçinin Tamerlan Qarayev (parlament sədrinin birinci müavini), Pənah Hüseyn (əvvəl dövlət katibi, sonra baş nazir), Tofiq Qasımov (xarici işlər naziri), Rəhim Qazıyev (müdafiə naziri), Sabir Rüstəmxanlı (mətbuat və informasiya naziri), Arif Hacılı (dövlət müşaviri), Vurğun Əyyub (Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri), Sülhəddin Əkbər (milli təhlükəsizlik nazirinin birinci müavini), Hikmət Hacızadə (Azərbaycanın Rusiyada səfiri), Sabit Bağırov (Dövlət Neft Şirkətinin prezidenti), Firudin Səməndərov (BDU-nun rektoru) təmsil olunublar.
Dilarə Əliyeva 1991-ci ildə avtomobil qəzasında həlak olub, Yusif Səmədoğlu 1998-ci, Nəcəf Nəcəfov 1999-cu, Əbülfəz Elçibəy 2000-ci, Əlikram Əliyev 2011-ci ildə vəfat ediblər.
Tofiq Qasımov, Ələkrəm Hümmətov, Leyla Yunus xaricdə yaşayırlar.
AXC-də yüksək postlar tutmuş şəxslərdən Arif Hacılı Müsavat Partiyasının başqanı, Etibar Məmmədov Milli İstiqlal Partiyasının lideri, Qulamhüseyn Əlibəyli Aydınlar Partiyasının, Pənah Hüseyn Xalq Partiyasının, Sabir Rüstəmxanlı Vətəndaş Həmrəyliyi Partiyasının, Sülhəddin Əkbər Azad Demokratlar Partiyasının sədri, İsa Qəmbər Milli Strateji Düşüncə Mərkəzinin rəhbəridir.
Milli Dirçəliş Hərəkatı Partiyasına sədrlik edən Fərəc Quliyev həmçinin parlamentin deputatıdır.
İbrahim İbrahimli Demokratik Qüvvələrin Milli Şurasının, Vurğun Əyyub Azərbaycan Demokratiya və Rifah Hərəkatının öncül şəxslərindəndir.
Hikmət Hacızadə, Sabit Bağırov, Zərdüşt Əlizadə ictimai fəaliyyət göstərirlər.
Nemət Pənahlı, Rəhim Qazıyev müstəqil siyasi fəaliyyətlə məşğuldurlar.
Tamerlan Qarayev Azərbaycanın Litvada səfiridir.
1995-ci ildə AXC partiyaya çevrilib. Hazırda həmin siyasi təşkilata – Azərbaycan Xalq Cəbhəsi Partiyasına Əli Kərimli sədrlik edir. O, AXC hakimiyyəti zamanı əvvəlcə Prezident Aparatında şöbə müdiri, sonra dövlət katibi vəzifəsində çalışıb. 1993-cü ildən AXC sədrinin siyasi məsələlər üzrə müavini, daha sonra AXCP sədrinin birinci müavini olub. 1995 və 2000-ci illərdə Milli Məclisin deputatı seçilib. 2001-ci ildən AXCP sədridir.