Azərbaycan prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının sədri Donald Tusk iyulun 9-u Bakıda görüşdükdən sonra jurnalistlərə açıqlama veriblər. İlham Əliyev deyib ki, Donald Tuskla təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə görüşlərdə ikitərəfli əməkdaşlığa dair geniş spektrli məsələləri, regional inkişaf və təhlükəsizlik məsələlərini müzakirə edib: “Biz Avropa Komissiyası ilə Azərbaycan arasında yeni sazişlə bağlı davam edən danışıqlara toxunduq, danışıqların perspektivləri ilə bağlı fikirlərimizi ifadə etdik. Danışıqlar uğurla gedir. Bir çox məsələ öz həllini tapıb. Hazırda biz yaxşı tərəfdaşlıq ruhunda digər məsələlər üzərində iş aparırıq. Ötən il Avropa Komissiyası ilə Azərbaycan arasında “Tərəfdaşlıq prioritetləri” sənədi qəbul olundu. Bu sənəddə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına dəstək ifadə olunur”.
İlham Əliyevin sözlərinə görə, təkbətək görüşü zamanı Donald Tuska Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyi barədə məlumat verib: “Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsasən həll olunmalıdır. Uzun illərdir ərazilərimiz erməni işğalı altındadır. Bir milyondan çox qaçqın və məcburi köçkün bu təcavüz və işğaldan əziyyət çəkir. Bizim qəti mövqeyimiz ondan ibarətdir ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Səylərimiz münaqişənin ən tez zamanda həllinə yönəlib. Münaqişənin indiyədək həll olunmamasının əsas səbəbi Ermənistanın qeyri-konstruktiv mövqeyidir. Beynəlxalq ictimaiyyətin və ATƏT-in Minsk qrupunun səyləri münaqişənin ən tez zamanda həllinə yönəlməlidir. Status-kvo qəbuledilməzdir və dəyişməlidir. Status-kvonun dəyişməsi Azərbaycan ərazilərinin işğaldan azad edilməsinin başlanması deməkdir”.
Donald Tusk qeyd edib ki, Avropa İttifaqı Azərbaycanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir: “Avropa İttifaqı və Azərbaycan hər il bir-birinə yaxınlaşır. Münasibətlərimiz intensivləşib. 2018-ci ildə biz tərəfdaşlıq üzrə prioritetləri müəyyən etdik və Ümumi Aviasiya Məkanı üzrə saziş, habelə yeni Avropa İttifaqı-Azərbaycan sazişi üzrə danışıqlar yekunlaşmaq üzrədir. İqtisadiyyatlarımız bunlardan faydalanacaq və bizim siyasi, biznes və mədəni münasibətlərimiz dərinləşəcək.
Prezident Əliyevlə apardığım müzakirələrdə Azərbaycanla əməkdaşlığı daha da dərinləşdirmək üçün Avropa İttifaqının hazır olduğunu bir daha təsdiq etdim və eyni zamanda bizim qanunun aliliyi, insan hüquqları və əsas azadlıqlara nə qədər böyük önəm verdiyimizi vurğuladım. Avropa İttifaqı hesab edir ki, həqiqətən açıq olan cəmiyyət uzunmüddətli sabitliyin və bütün vətəndaşlar üçün yaxşı həyatın ən gözəl təminatıdır.
Biz həmçinin həll olunmamış Dağlıq Qarabağ münaqişəsini də müzakirə etdik. Bu münaqişə hərbi yolla yox, yalnız beynəlxalq hüququn prinsipləri əsasında siyasi yolla öz həllini tapmalıdır. Avropa İttifaqı Minsk qrupu həmsədrlərinin səylərini və Helsinki Yekun Aktının əsas prinsipləri əsasında diqqətin münaqişənin ədalətli və davamlı həllinə yönəlməsini tamamilə dəstəkləyir.
Biz ümumilikdə gərginliyin azalmasını yüksək dəyərləndiririk, lakin təmas xətti boyunca son itkilər həmsədrlər kimi bizi də narahat edir. Güc tətbiq etməmək üçün təmkinli olmaq önəmlidir, lakin eyni zamanda sülhə və səmərəli danışıqların aparılmasına imkan verən ab-havanın bərpasına yönəlmiş tədbirlər də mühüm əhəmiyyət kəsb edir. Avropa İttifaqı artıq sülhün qurulmasına yönəlmiş fəaliyyətləri dəstəkləyir və xalqları sülhə hazırlamaq üçün konkret tədbirlərlə kömək etməyə hazırdır”.
1957-ci ildə yaradılmış Avropa İttifaqının 28 üzvü var: Almaniya, Avstriya, Belçika, Bolqarıstan, Böyük Britaniya, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Xorvatiya, İrlandiya, İspaniya, İsveç, İtaliya, Kipr, Latviya, Litva, Lüksemburq, Macarıstan, Malta, Niderland, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, Yunanıstan. Böyük Britaniya qurumdan çıxmaq üzrədir.
Azərbaycan Avropa İttifaqının Şərq tərəfdaşlığı proqramının üzvüdür. 2009-cu ildə elan olunmuş proqram Ukrayna, Moldova, Belarus, Gürcüstan və Ermənistanı da əhatə edir.
2018-ci ildə Azərbaycanla Avropa İttifaqı arasında “Tərəfdaşlıq prioritetləri” sənədi imzalanıb. Hazırda strateji tərəfdaşlıq sazişi üzərində iş gedir.