İsmayıl Vəliyev
İyunun 23-ü İTV-də “Diqqət mərkəzi – yekun” tok-şousunda Azərbaycan futbolunun vəziyyəti müzakirə olundu.
Bundan əvvəl (19.06.2019) Novator.az saytında dərc etdiyim, məqalədə vurğulanan bir sıra məqamı tok-şou iştirakçıları da təsdiqlədilər. Xüsusən ölkə çempionatında bölgə komandalarının yoxluğu və uşaq futboluna lazımi diqqət verilmədiyi qeyd edildi.
Lakin ən vacib məqam – futbolun əslində incəsənətə yaxın olması fəlsəfəsi (məsələn, bədii gimnastika kimi) gündəmə gəlmədi. Bu başa düşülsəydi aydın olardı ki, bu yaradıcılıq sahəsində fitri istedadlar üzə çıxarılmasa, heç bir “akademiya”, təlim-tərbiyə, zəhmət-əziyyət bəhrə verməyəcək.
İlk muğam müsabiqəsində iştirak edən 10 yaşlı Elməddini xatırlayaq. O, muğamı o cür mükəmməl səviyyədə haradan bilirdi? Belə oxumağı öyrətmək mümkün deyil, bu, fitri istedaddır, qandan-gendən gəlir. Eləcə də rəssamlıq, heykəltəraşlıq, rəqqaslıq, şairlik… BDU-nun filologiya fakültəsinin məzunu olmaqla Səməd Vurğun olmaq mümkündürmü?
Keçək futbol yaradıcılığına. Kütləvilik axtarış prosesində əsas şərtlərdən biridir, lakin kim o fitri istedadı görəcək, kim onu tanıyıb-seçəcək? Varmı bizdə bu zər qədri bilən zərgərlər? Şübhəsiz, bu ən ciddi problemdir. Yada salaq, klassik dastanımız olan “Koroğlu”nun əsas dramatik düyünü məhz mütəxəssisin – ilxıçı Alı kişinin seçdiyi ən qiymətli daylağı heç kimin bəyənməməsidir. Əksinə, saray əhli qəhqəhə çəkib onu məsxərəyə qoyur. Hökmdar (Həsən xan) isə “Gözün kordur? Bizi biabır etdin” deyib qəzəblənir və at bilicisinin gözünü çıxartdırır.
Bizdə futbol istedadını “gənc daylaqlarda” duyub-tanıyan varmı? Ən həssas məqam məhz budur. Yalnız bundan sonra həmin seçilmişlər xüsusi təlim proqramlarına cəlb edilməlidir. Nahaq deməyiblər ki, hər oxuyan Molla Pənah olmaz.
İTV-nin verilişində xoşuma gəlməyən digər məqamlar da oldu. Məsələn, “Biz heç vaxt İtaliya kimi ola bilmərik” fikri. Bu təslimçi ovqat bizim ağrılı yerimizdir! Özü də tək futbolda deyil, demək olar hər sahədə. Sanki bir mütilik sindromu peyvənd edilib bizə. Şüuraltı qatlarda özünü almandan, fransızdan, ingilisdən… aşağı irq kimi qəbul etmək meyli var cəmiyyətimizdə. Futbolçularımız da meydana çıxanda oyun başlamamış artıq daxilən məğlub olurlar. Onlar hətta bir çox Avropa komandasına 0:1, 0:2 hesabıyla məğlub olmağı az qala qələbə sayırlar! Biabırçılıqdır. Bizim ata-babalarımız Stalinqrad cəbhəsində bu əqidə ilə döyüşsəydilər, heç vaxt “alman maşınını” sındıra bilməzdilər (indi isə Berti Foqtsun üzündəki ifadəni yada salın).
Bu əqidə ilə futbol meydanına çıxmaq olmaz. Qarşıdakı rəqib ispan, alman, italyan yox, lap Marsdan gələn olsun – onun kürəyini yerə vurmalısan, vəssalam. Öz milli mənliyimizi təsdiq etmək üçün döyüşə atılmasaq, qələbəyə həsrət qalacağıq.
Bir məsələni də xüsusi qeyd etmək lazımdır. Bizim məqsədimiz kimlərəsə bənzəmək yox, məhz milli Azərbaycan futbol üslubunu yaratmaq olmalıdır. Çünki mücərrəd kosmopolit futbol yoxdur. Hər qitənin, hər millətin öz futbol dəsti-xətti var – öz poeziyası, rəssamlığı, musiqisi olduğu kimi. Bizim bəstəkarlar dünya estrada janrında Azərbaycan estradasını (Tofiq Quliyev, Rəşid Behbudov…), Azərbaycan caz üslubunu (Vaqif Mustafazadə), milli simfonik məktəbi (Qara Qarayev, Fikrət Əmirov…) yaradıblar. Futbolumuzu da yalnız özümüz yarada bilərik. Bu yükü kimlər öz üzərinə götürə bilər, bəlkə iş kollegial formada yaradıcı qrupa tapşırılmalıdır – bunları düşünüb tapmaq gərəkdir, amma başqa yol da yoxdur, çünki təqlidçiliklə qalib olmaq mümkün deyil. Ümumiyyətlə simasız, özünəməxsusluğu olmayan “surroqat” futbol mənasızdır.