Xarici işlər naziri Elmar Məmmədyarov iyunun 20-si Vaşinqtonda ermənistanlı həmkarı Zöhrab Mnasakanyanla görüşüb. Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri Endrü Skofer (ABŞ), Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya) və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak ediblər.
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəsmi açıqlamasına görə, 3 saatdan çox davam edən görüşdə əsas müzakirə mövzusu nazirlərin Paris və Moskva görüşlərindəki razılaşmalarının həyata keçirilməsi olub: “Həmsədrlər hər iki tərəfin diqqətinə münaqişənin dinc yolla həlli prosesində irəliləyiş üçün konkret nəticələrə yönələn təkliflər təqdim ediblər. Yaxın aylarda eyni formatda növbəti görüşün keçirilməsinə dair ümumi razılıq əldə olunub”.
Minsk qrupunun həmsədrləri görüşlə bağlı birgə bəyanat yayıblar. Report.az xəbər verir ki, bəyanata görə, tərəflər bölgədə baş verən son hadisələr və nizamlanma prosesinin əsas məsələləri barədə fikir mübadiləsi aparıblar, humanitar tədbirlər və təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi ilə bağlı gözlənti və mövqelərini ifadə ediblər.
Vasitəçilər tərəfləri substantiv danışıqlara yardım edən sülh mühitinin bərpası üçün təxirəsalınmaz tədbirlər görməyə, atəşkəs rejiminə ciddi riayət etməyə, təmas xətti və beynəlxalq sərhədlər boyunca snayperlərdən istifadə və mühəndis qurğularının quraşdırılmasından çəkinməyə çağırıblar.
Novator.az bildirir ki, Elmar Məmmədyarovla Zöhrab Mnasakanyan indiyəcən daha 6 dəfə görüşüblər. Onlar 2018-ci il iyulun 11-i Brüsseldə, sentyabrın 26-sı Nyu-Yorkda, dekabrın 5-i Milanda, bu il yanvarın 16-sı Parisdə, martın 28-i Vyanada, aprelin 15-i Moskvada Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesini müzakirə ediblər. Görüşlərdə münaqişə zonasında gərginliyin azaldılmasına dair tədbirlər, habelə humanitar sahədə mümkün birgə fəaliyyət üzrə də fikir mübadiləsi aparılıb.
1988-ci ildə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ vilayətini ələ keçirmək üçün təcavüzə başlayıb. 1991-ci ildə ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib. 1994-cü ildə atəşkəslə dayanan işğalçı müharibədə Ermənistan Dağlıq Qarabağı (Xankəndi şəhəri, Şuşa, Xocalı, Xocavənd, Ağdərə rayonları) və onun ətrafındakı bölgələri (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları) ələ keçirib.
Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi ilə məşğul olan ATƏT-in Minsk qrupu 1992-ci ildə yaradılıb. Bu quruma həmsədrlər ABŞ, Fransa, Rusiyadan əlavə Türkiyə, Belarus, İtaliya, Almaniya, İsveç, Finlandiya, eləcə də Azərbaycanla Ermənistan daxildir.