Ukraynada parlament seçkisinə bir ay qalır. Novator.az bildirir ki, “Reytinq” sosioloji qrupunun yeni rəy sorğusunda prezident Vladimir Zelenskini dəstəkləyən Xalq Xidmətçisi Partiyası önə çıxıb. Respondentlərin 47,1%-i seçkidə bu partiyanın namizədlərinə səs verəcəyini vurğulayıb.
Sorğuya əsasən, deputat Yuri Boykonun Müxalif Platforma Partiyasına respondentlərin 11,1%-i üstünlük verir.
Musiqiçi Svyatoslav Vakarçukun Səs Partiyası sorğuda 8,1%, deputat Yuliya Timoşenkonun Batkivşina Partiyası 7,3%, sabiq prezident Pyotr Poroşenkonun Avropa Həmrəyliyi Partiyası 5% nəticə göstərib.
Ölkədə parlament seçkisi payızda olmalı idi. Ancaq prezident Vladimir Zelenski Ali Radanı buraxaraq seçkini iyulun 21-nə təyin edib.
Xalq Xidmətçisi Partiyasının namizədi olan 1978-ci il təvəllüdlü Vladimir Zelenski aprelin 21-də prezident seçilib, mayın 20-də səlahiyyətlərinin icrasına başlayıb.
Ölkə konstitusiyasına görə, hökuməti 450 yerlik parlamentdə azı 226 mandatı olan siyasi qüvvə qurur.
Parlamentin 225 deputatı majoritar (dairələr üzrə), 225 deputatı proporsional (partiya siyahıları üzrə) sistemlə seçilir.