İyunun 20-də prezident İlham Əliyevin imzaladığı sərəncamlara əsasən, Mədət Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsindən azad edilərək müdafiə sənayesi naziri təyin olunub.
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi postuna Əli Nağıyev təyinat alıb. Bu təyinata qədər Əli Nağıyev Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini idi.
Novator.az bildirir ki, Azərbaycanın ilk müdafiə sənayesi naziri Yavər Camalov olub. O, 2018-ci ilin iyununda vəfat edib.
2019-cu il yanvarın 14-də prezident İlham Əliyev Müdafiə Sənayesi Nazirliyinin əsasında “Azərsilah” Açıq Səhmdar Cəmiyyətinin yaradılması barədə fərman imzalayıb.
İyunun 20-də dövlət başçısı həmin fərmanın ləğv olunmasına fərman verib. Müdafiə Sənayesi Nazirliyini ləğv edən fərman geri oxunduğuna görə avtomatik olaraq nazirlik bərpa edilib və Mədət Quliyev nazirliyin yeni rəhbəri təyin olunub.
Mədət Quliyev 1958-ci ildə Gəncə şəhərində anadan olub. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını və Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirib. 1983-cü ildən daxili işlər orqanlarında xidmət edən Mədət Quliyev DİN-in üç müxtəlif idarəsinin və İnterpolun Milli Mərkəzi Bürosunun rəisi vəzifələrində çalışıb. 2011-ci ildən ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi olub. 2015-ci il oktyabrın 20-də milli təhlükəsizlik nazirinin birinci müavini olub, dekabrın 14-də Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilib. General-polkovnikdir.
Azərbaycanda milli təhlükəsizlik orqanı 1919-cu ilin martında Azərbaycan Xalq Cümhuriyyəti Hərbi Nazirliyinin kəşfiyyat və əks-kəşfiyyat bölmələri kimi qoyulub, iyun ayında isə Dövlət Müdafiə Komitəsi yanında Əksinqilabla Mübarizə Təşkilatı yaradılıb.
1920-ci ildə qurulan sovet rejimi dövründə Azərbaycanın xüsusi xidmət orqanı bu adları daşıyıb: Fövqəladə Komissiya, Dövlət Siyasi İdarəsi, Birləşmiş Dövlət Siyasi İdarəsi, Xalq Daxili İşlər Komissarlığı, Xalq Dövlət Təhlükəsizliyi Komissarlığı, Dövlət Təhlükəsizlik Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi.
Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra Milli Təhlükəsizlik Nazirliyi təsis olunub. 2015-ci ilin dekabrında həmin nazirliyin bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidmətinin yaradılmasına qərar verilib.