Prezident İlham Əliyev maaş artımlarını nəzərdə tutan sərəncamlar imzalayıb. Novator.az-ın məlumatına görə, minimum aylıq əməkhaqqının məbləği 250 manata qaldırılır. Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğləri artıma uyğunlaşdırılmalıdır.
Artım 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.
Bu il martın 1-dən Azərbaycanda minimum əməkhaqqı 180 manatdır.
İlham Əliyevin digər sərəncamına əsasən, dövlət büdcəsindən maliyyələşən bu təşkilatlarda çalışan rəhbər və digər işçilərin aylıq vəzifə maaşları 2019-cu il sentyabrın 1-dən orta hesabla 40 faiz artırılır:
Milli Elmlər Akademiyasının Rəyasət Heyəti və Aparatı, Gəncə bölməsinin aparatı;
Heydər Əliyev Mərkəzi;
“Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi;
Azərbaycanda Atatürk Mərkəzi;
dövlət arxivləri və onların filialları, rayon (şəhər) dövlət arxivləri;
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu;
Mədəniyyət Nazirliyinin Dövlət Film Fondu;
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu;
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyi;
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi;
Elmin İnkişafı Fondu.
Nazirlər Kabinetinə dövlət orqanlarının tabeliyində olan, dövlət büdcəsindən maliyyələşdirilən qurumların dövlət qulluqçusu olmayan işçilərinin (Vahid Tarif Cədvəli əsasında əməkhaqqı alan işçilər istisna olmaqla) vəzifə maaşlarının 2019-cu il sentyabrın 1-dən orta hesabla 40 faiz artırılmasını təmin etmək tapşırılıb.
2019-cu il sentyabrın 1-dən qüvvəyə minən digər artımlar da var.
Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin; dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşları orta hesabla 20 faiz artırılır.
Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq pul təminatı; Müdafiə Nazirliyinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq pul təminatı; Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatı; Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq pul təminatı; Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin və Tibb Baş İdarəsinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatı; Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq pul təminatı; Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatı; Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq pul təminatı; Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq pul təminatı; Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq pul təminatı; Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) və xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatı; Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatı vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində yüksəlir.
Mərkəzi Seçki Komissiyası üzvlərinin aylıq vəzifə maaşları bu məbləğlərdə müəyyən edilir: sədr – 3060 manat, sədrin müavini – 2845 manat, katib – 2110 manat, Mərkəzi Seçki Komissiyasının üzvü – 1920 manat.