Azərbaycan Konstitusiyasının 96-cı maddəsinə görə, Milli Məclisdə qanunvericilik təşəbbüsü hüququ (qanun layihələrini və başqa məsələləri parlamentin müzakirəsinə təqdim etmək hüququ) deputatlara, prezidentə, Ali Məhkəməyə, seçki hüququ olan 40 min vətəndaşa, Respublika Prokurorluğuna və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə mənsubdur.
Seçki hüququ olan 40 min vətəndaşın qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası qanunla müəyyən edilir. “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” qanun layihəsi parlamentdə ilk oxunuşdan keçib.
Novator.az bildirir ki, layihəyə əsasən, vətəndaşların qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihəsində bu məsələlər nəzərdə tutula bilməz:
dövlət büdcəsi, dövlət rüsumu, vergilər və gömrük işi;
əməkhaqqının məbləği və onun ödənilməsi qaydası;
cinayət və ya inzibati xətalar;
ailə münasibətləri;
ərazi quruluşu və inzibati ərazi bölgüsü;
dövlətlərarası və Azərbaycan Respublikasının qanunlarından fərqli qaydalar nəzərdə tutan hökumətlərarası müqavilələrin təsdiqi və ləğvi.
Vətəndaşların qanunvericilik təşəbbüsü qaydasında konstitusiya qanunlarının layihələri təqdim oluna bilməz.
Layihəni Milli Məclisin müzakirəsinə təqdim etmək təklifi ilə çıxış edən seçki hüququ olan ən azı 300 nəfər Azərbaycan vətəndaşı təşəbbüs qrupu yaratmalıdır. Bir təşəbbüs qrupu öz fəaliyyəti dövründə yalnız bir layihəni Milli Məclisin müzakirəsinə təqdim etmək təklifi ilə çıxış edə bilər.
Təşəbbüs qrupu onun yaradıldığı gündən bir ay ərzində təşəbbüs qrupunun və təklif olunan layihənin qeydiyyata alınması üçün ərizə ilə Mərkəzi Seçki Komissiyasına müraciət etməlidir.
Ərizəyə bu sənədlər əlavə olunmalıdır: təşəbbüs qrupunun yaradılması, onun sədrinin və müavinlərinin, həmçinin seçki dairələri üzrə koordinatorlarının seçilməsi və layihənin təsdiqi barədə iclas protokolu və həmin protokola əlavə edilən iclas iştirakçılarının siyahısı; layihə (kağız daşıyıcısında və eyni zamanda elektron daşıyıcıda); layihənin qəbul edilməsi zərurətinin əsaslandırılması; layihəyə dair ekspert rəyləri; layihəni hazırlamış şəxslərin siyahısı; layihəyə aid digər sənədlər (təşəbbüs qrupunun qərarına əsasən).
Təşəbbüs qrupunun və təklif olunan layihənin qeydiyyata alınması, yaxud bundan imtina edilməsi barədə qərar sənədlər Mərkəzi Seçki Komissiyasına daxil olduğu gündən iki ay ərzində qəbul edilir.
Mərkəzi Seçki Komissiyası təşəbbüs qrupunun təqdim etdiyi sənədlər əsasında qrupun yaradılmasının qanunun tələblərinə uyğunluğunu yoxlayır. Təşəbbüs qrupunun təqdim etdiyi layihə və sənədlər tələblərə uyğun olub-olmaması barədə bir ay ərzində rəyin hazırlanması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndərilir. Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaitinin istifadəsini nəzərdə tutan layihə və sənədlər bir ay ərzində maliyyə ekspertizası rəyinin hazırlanması üçün həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndərilməlidir.
Təşəbbüs qrupunun və təklif olunan layihənin qeydiyyata alındığı gündən 3 iş günü müddətində təşəbbüs qrupunun və təklif olunan layihənin qeydiyyata alınması barədə qərarın surəti, imza toplanması üçün imza vərəqələrinin nümunəsi təşəbbüs qrupunun sədrinə təqdim edilir.
İmza toplanması üçün imza vərəqəsinin nümunələrini Mərkəzi Seçki Komissiyası təsdiqləyir.
Təşəbbüs qrupunun və təklif olunan layihənin qeydiyyata alınmasından bu hallarda imtina edilir: təşəbbüs qrupunun yaradılmasının qanunla müəyyən edilmiş qaydası pozulduqda; müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyinə əsasən təşəbbüs qrupunun təqdim etdiyi layihə müəyyən edilmiş tələblərə uyğun olmadıqda; Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaitinin istifadəsini nəzərdə tutan layihəyə dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyinə əsasən layihənin tətbiqinin maliyyələşdirilməsi üçün müvafiq vəsait olmadıqda.
Təşəbbüs qrupunun və təklif olunan layihənin qeydiyyata alınmasından imtina barədə Mərkəzi Seçki Komissiyasının qərarından apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər.
Milli Məclisin müzakirəsinə təqdim edilməsi təklif olunan layihənin dəstəklənməsi üçün imza toplanmasını təşəbbüs qrupunun və təklif olunan layihənin qeydiyyata alındığı gündən iki ay ərzində yalnız təşəbbüs qrupunun üzvləri həyata keçirir.
Təşəbbüs qrupunun üzvləri Azərbaycan Respublikasının seçki hüququ olan ən azı 40 min vətəndaşının imzalarını toplamalıdırlar. İmzaların toplanması ən azı 60 seçki dairəsinin ərazisini əhatə etməli və hər seçki dairəsinin ərazisindən ən azı 500 imza toplanmalıdır.
İmza vərəqəsində layihənin adı, imza toplayan təşəbbüs qrupu üzvünün soyadı, adı, atasının adı, şəxsiyyət vəsiqəsinin nömrəsi, verilmə tarixi, təşəbbüs qrupunun və təklif olunan layihənin qeydiyyata alınması barədə qərarın tarixi və nömrəsi, təklif olunan layihəni dəstəkləyən vətəndaşın soyadı, adı, atasının adı, yaşayış yerinin ünvanı, şəxsiyyət vəsiqəsinin nömrəsi, verilmə tarixi göstərilməlidir.
Bir imza vərəqəsinə yalnız eyni seçki dairəsinin ərazisi üzrə seçici siyahılarında olan vətəndaşlar daxil edilir.
Dövlət orqanlarının, bələdiyyə qurumlarının, mülkiyyət növündən asılı olmayaraq hüquqi şəxslərin imza toplanmasında iştirakına yol verilmir.
İmza toplanması prosesinin və vətəndaşların qanunvericilik təşəbbüsü hüququndan istifadə ilə bağlı digər tədbirlərin maliyyələşdirilməsi üçün xarici dövlətlərin, beynəlxalq təşkilatların, xarici hüquqi şəxslərin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, həmçinin təsisçisi xarici dövlət, beynəlxalq təşkilatlar, xarici hüquqi şəxs, əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olan hüquqi şəxslərin vəsaitindən istifadə oluna bilməz.
Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşının imzası toplandıqdan sonra vətəndaşların imzalarının toplanması nəticələri haqqında protokol tərtib edilir.
Təşəbbüs qrupunun qanunun tələblərinə riayət etməsi barədə Mərkəzi Seçki Komissiyasının qərarı qəbul edildiyi gündən bir ay ərzində layihə və sənədlər Milli Məclisə təqdim olunur.
Layihə təqdim olunmuş şəkildə iki ay ərzində Milli Məclisin müzakirəsinə çıxarılır və səsə qoyulur. Yalnız texniki xarakter daşıyan dəyişikliklər edilə bilər.