Mərhum prezident Əbülfəz Elçibəyin xanımı Həlimə Əliyeva iyunun 14-ü Türkiyədə vəfat edib. Xəbəri Azərbaycan Xalq Partiyasının lideri Pənah Hüseyn yayıb.
Əbülfəz Elçibəy Həlimə xanımla 1979-cu ildə ailə həyatı qurub. Onların bir qızı, bir oğlu var.
Mərhum prezidentin qızı Çilənay xanım Türkiyənin İstanbul şəhərində yaşayır. Onun həyat yoldaşı Aqil Səmədbəyli Report.az-a deyib ki, Həlimə Əliyevanın səhhəti iyunun 13-də qəfildən pisləşib: “Dərhal İstanbulun Silivri rayonunda yerləşən xəstəxanaya aparıldı. Bu gün isə reanimasiya şöbəsində dünyasını dəyişdi”.
Aqil Səmədbəyli mərhumun cənazəsinin Bakıya gətiriləcəyi vaxtı hələ müəyyənləşdirmədiklərini qeyd edib.
Həlimə Əliyevanın qardaşı Mirmöhsün Mahmudov APA-ya deyib ki, xərçəngdən əziyyət çəkən 67 yaşlı bacısı Türkiyəyə əməliyyat və müalicə olunmaq üçün gedibmiş.
Həlimə xanımın vəfatı ilə bağlı başsağlığı yayan AXCP sədri Əli Kərimli yazır: “Tanıyanlar bilir ki, Həlimə xanım Əbülfəz Elçibəyin həyat yoldaşı olaraq çox fədakar bir həyat yaşayıb. Əbülfəz bəyin çətinliklərlə, sınaqlarla, məhrumiyyətlərlə dolu həyatını onunla hər zaman məmnuniyyətlə paylaşıb. Sadə və təvazökar bir həyat yaşayıb. Prezidentin həyat yoldaşı olduğu vaxtlarda da heç dəyişməyib.
Əbülfəz Elçibəyin ailəsinə, yaxınlarına, bütün Elçibəysevərlərə dərin hüznlə başsağlığı verirəm. Allah Həlimə xanıma rəhmət eləsin”.
Novator.az bildirir ki, 1938-ci ildə Ordubadın Kələki kəndində doğulan Əbülfəz Elçibəy 1960-cı illərdən siyasi fəaliyyətlə məşğul olub. 1975-1977-ci illərdə həbsdə yatıb.
1989-cu ildən Azərbaycan Xalq Cəbhəsinə (sonradan Azərbaycan Xalq Cəbhəsi Partiyası) sədrlik edib.
Əbülfəz Elçibəy 1992-ci il iyunun 7-də Azərbaycan prezidenti seçilib. Həmin ayın 17-də vəzifəsinin icrasına başlayıb.
1993-cü ilin iyun ayında hərbi-siyasi qiyamla devrilən Əbülfəz Elçibəy paytaxtı tərk edərək doğma kəndinə köçüb. 1997-ci ildə paytaxta dönən sabiq prezident 2000-ci il avqustun 22-də ağır xəstəlikdən sonra Türkiyənin paytaxtı Ankarada vəfat edib, bir gün sonra Azərbaycan paytaxtında, Fəxri xiyabanda dəfn olunub.