İyunun 7-dən Naxçıvanda Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə döyüş atışlı taktiki təlimləri keçirilib. Mod.gov.az bildirir ki, iyunun 11-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov, Azərbaycanın müdafiə naziri Zakir Həsənov və Türkiyənin milli müdafiə naziri Hulusi Akar birgə təlimi izləyiblər.
Əlahiddə Ümumqoşun Ordusunun, Naxçıvan Muxtar Respublikasının güc strukturlarının, eləcə də Türkiyə Silahlı Qüvvələri bölmələrinin iştirakı ilə keçirilən təlimə 5 minə yaxın şəxsi heyət, 200-dən artıq tank və digər zirehli texnika, 180-ə yaxın müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 21 təyyarə, helikopter, pilotsuz uçuş aparatı, silahlanmaya yeni daxil edilmiş müxtəlif növ müasir silah və texnika nümunələri, 30-dan çox hava hücumundan müdafiə vasitəsi və 300-ə yaxın avtomobil texnikası cəlb edilib.
Vasif Talıbov, Zakir Həsənov, Hulusi Akar təlimdə fərqlənən zabit, gizir və əsgərləri qiymətli hədiyyələrlə mükafatlandırıblar.