“Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu Bakı Şəhər İcra Hakimiyyətini parklarda kitab yarmarkası keçirilməsinə icazə verməməkdə ittiham edib.
“Turan”ın məlumatına görə, Şahbaz Xuduoğlu deyib ki, kitabların ucuz qiymətə satılacağı yarmarkalar keçirmək üçün bir neçə aydır Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edir, amma razılıq ala bilmir: “Bakı Şəhər İcra Hakimiyyəti yanında Ticarət və Xidmət Departamenti öncə bizim yazılı müraciətimizə cavab olaraq bildirdi ki, paytaxtda idman yarışları ilə əlaqədar yarmarkaların keçirilməsi məqsədəuyğun deyil. İndi isə ümumiyyətlə müraciətimizə cavab vermirlər”.
Şahbaz Xuduoğlunun sözlərinə görə, Ticarət və Xidmət Departamentindən nəşriyyatın əməkdaşlarına şifahi şəkildə bildiriblər ki, yarmarkaya Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov icazə vermir.
Şahbaz Xuduoğlu kitabların münasib qiymətə satılacağı yarmarkalara icazə verilməməsini yolverilməz sayır. O qeyd edib ki, yarmarkalar kitab oxumanın təbliğinə xidmət edir və paytaxtın əvvəlki rəhbərliyi buna icazə verirdi.
Şahbaz Xuduoğlu məsələni sosial şəbəkədə də qaldırıb. O, “Facebook” səhifəsində yazıb: ”Gənclik” metro stansiyasının yaxınlığında köhnə kitablar bazarını xatırlayan varmı? Hər həftənin şənbə-bazarında, bayram günlərində, ağacların kölgəliyində səkilərə düzülərdi.
Hökumət evinin yaxınlığında, Kitab evinin qarşısındakı kitab bazarını da yəqin xatırlayarsız. Bu yaxınlarda bir avropalı Bakı ilə bağlı xatirələrində o kitab bazarından böyük həvəslə bəhs etmişdi. İndi bu yerlər yoxdur. Bukinistlər də öz yerlərini masajxanalara verməyə məcbur oldu. Kirə qiymətlərini kitab satmaqla ödəyə bilmədilər.
Köhnə kitab bazarları Bakının ən azı teatrları qədər qorunmağı haqq edir. Mədəniyyət mərkəzlərini deyə bilmirəm, çünki onlar qorunmadı.
Biz hər il parklarda kitab yarmarkaları təşkil etməklə yaddaşları təzələmək istəyirik. Əlyazmalar yanmır deyirlər, amma kitablar unudulur, lazım gələndə hətta yandırılır – biz bunu öz təcrübəmizdən bilirik.
Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyindəki Ticarət və Xidmət Departamentindən haqqı ödənilməklə Nərimanov və Elmlər Akademiyası parklarında yaz-yay aylarında endirimli yarmarkalar təşkil edirdik. Yazarlarla, jurnalistlərlə kitab satırdıq. Parklarda gəzişən, təsadüfən oradan keçənlərə yeni kitabları nümayiş etdirir, bəzən bütün günü kitablardan danışırdıq.
…Bu il isə olmaz! Deyirlər Bakı şəhərinin yeni başçısı kitab yarmarkasına icazə vermir.
Əksinə olmalı deyilmi? Əslində biz də əksini gözləyirdik. Parklarda keçirilən yarmarkalar hesabına nə qədər oxucu tapmışıq, nə qədər kitab dostu qazanmışıq. Oxuculardan kitablar haqqında nə qədər xoş sözlər eşitmişik. İndi bu məhrumiyyətin səbəbi nədir?
Ən zəif həlqə kimi niyə həmişə kitab seçilir? Yoxlama kitaba gəlir, gömrük kitabı durdurur, bomba nəşriyyatda axtarılır, oğru kitab dükanını yarır, başçı kitabı yasaq edir”.
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov “Report”a deyib ki, şəhər rəhbərliyinin kitab satışına qadağa qoyması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Onun sözlərinə görə, Şahbaz Xuduoğlu Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan Ticarət və Xidmət Departamentinə müraciət edərək metronun “Gənclik” stansiyasının çıxışında kitab yarmarkası keçirmək istədiyini bildirib: “Departamentdən Şahbaz Xuduoğluna rəsmi olaraq bildirilib ki, həmin ərazi “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin nəzarətindədir, razılıq üçün həmin quruma müraciət edilməlidir. Belə olan halda, Bakı Şəhər İcra Hakimiyyətini ittiham etmək doğru deyil”.
İsrafil Kərimov qeyd edib ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun kitaba böyük marağı var, hər zaman kitabın təbliğatına üstünlük verib: “O özü də bir neçə kitabın müəllifidir. Eldar Əzizov Sumqayıt Şəhər İcra Hakimiyyətinin və Səbail Rayon İcra Hakimiyyətinin başçısı olan zaman həmin ərazilərdə dəfələrlə kitab yarmarkaları təşkil edib. Eldar Əzizov Səbail Rayon İcra Hakimiyyətinin başçısı olanda Sahil bağında böyük kitab yarmarkası təşkil edilmişdi. Həmin yarmarkada Şahbaz Xuduoğlu da iştirak edib. İndi isə Şahbaz Xuduoğlunun bu cür mövqedən çıxış etməsi təəssüf doğurur”.