Nazirlər Kabineti sərnişin və yük daşımalarını yerinə yetirən sürücülər üçün iş və istirahət rejimi, nəqliyyat vasitələrinin taxoqraflarla təchiz edilməsi qaydasını təsdiqləyib.
Novator.az bildirir ki, qaydaya əsasən, beynəlxalq daşımaları həyata keçirən avtonəqliyyat vasitəsinin gün ərzində idarə edilməsi vaxtı 9 saatdan artıq olmamalıdır. Həftə ərzində bu vaxt iki dəfədən çox və iki ardıcıl gün olmamaqla 10 saatadək uzadıla bilər.
Avtonəqliyyat vasitəsinin bir həftə ərzində idarə olunması vaxtı 56 saatı, ardıcıl gələn 2 həftə ərzində arasıkəsilmədən idarə olunmasının ümumi vaxtının cəmi 90 saatı ötməməlidir.
Sürücü avtonəqliyyat vasitəsini 4,5 saat ərzində idarə etdikdən sonra, istirahət dövrü başlamayıbsa, minimal olaraq arasıkəsilmədən 45 dəqiqəlik fasilə etməlidir. Həmin 45 dəqiqəlik fasilə avtonəqliyyat vasitəsinin 4,5 saat müddətində idarə olunması vaxtı ərzində bölüşdürülərək ardıcıl olaraq 15 dəqiqəlik və 30 dəqiqəlik fasilələrlə də əvəz oluna bilər.
Sürücüyə gündəlik və həftəlik istirahət verilməlidir.
Ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımalarını yerinə yetirən sürücünün gündəlik iş vaxtına uyğun olan həftəlik iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz. İki istirahət günü olan beşgünlük iş həftəsində gündəlik iş vaxtının (növbəsinin) müddəti 8 saatdan, bir istirahət günü olan altıgünlük iş həftəsində isə gündəlik iş vaxtının (növbəsinin) müddəti 7 saatdan çox olmamalıdır.
Taxoqraf avtonəqliyyat vasitəsinin hərəkətinə, o cümlədən qət edilmiş məsafəyə, hərəkətin sürətinə, habelə sürücülərin iş və istirahət dövrlərinə dair bütün məlumatları fasiləsiz olaraq ölçmək və ya qeydə almaq məqsədilə həmin avtonəqliyyat vasitəsində quraşdırılan elektromexaniki və ya elektron nəzarət cihazıdır.
Bu kateqoriyalara aid sərnişin və yük avtonəqliyyat vasitələri taxoqrafla təchiz olunur: sərnişin daşınması üçün nəzərdə tutulan, oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə 8-dən artıq olan, maksimum kütləsi 5 tondan artıq olmayan avtobuslar; sərnişin daşınması üçün nəzərdə tutulan, oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə 8-dən artıq olan, maksimum kütləsi 5 tondan artıq olan avtobuslar; yük daşımaları üçün nəzərdə tutulan, maksimum kütləsi 3,5 tondan artıq olan, lakin 12 tondan artıq olmayan avtonəqliyyat vasitələri; yük daşımaları üçün nəzərdə tutulan, maksimum kütləsi 12 tondan artıq olan avtonəqliyyat vasitələri.
Bu avtonəqliyyat vasitələrinin taxoqrafla təchiz edilməsi tələb olunmur: şəhərdaxili (rayondaxili) müntəzəm sərnişin daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələri; daşıma məsafəsi 50 kilometrdən çox olmayan şəhərlərarası (rayonlararası) müntəzəm sərnişin daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələri; icazə verilən maksimum sürəti 40 km/saatdan çox olmayan avtonəqliyyat vasitələri; taksi minik avtomobilləri.