Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli 1993-cü ilin iyun qiyamından yazıb. Novator.az-ın məlumatına görə, özünün “Facebook” səhifəsində Əli Kərimli bunları qeyd edir: “26 il öncə 4 iyunda xalqın seçdiyi Əbülfəz Elçibəy hakimiyyətinə qarşı dövlət çevrilişi başlanmışdı. Çox təəssüf, o zaman xalqımızın əksəriyyəti bilmirdi ki, zorla devrilən təkcə bir iqtidar deyil, bütövlükdə cümhuriyyət və demokratiyadır. O zaman əksəriyyət bilmirdi ki, Elçibəy iqtidarı devriləndən sonra Dağlıq Qarabağdan 4 dəfə böyük ərazi itiriləcək və torpaqlarımızın işğalı onilliklərlə davam edəcək.
70 ildən sonra əzab-əziyyətlə bərpa etdiyimiz demokratiyanın qədrini bilməmişdik. Problemlərin həllinə tələsirdik. Qarabağda kəndlərin, yüksəkliklərin bir-bir azad edilməsinə hövsələmiz çatmırdı. Hər şeyi birdən istəyirdik. Müəllimlərin əməkhaqqının birdən-birə 3 dəfə artırılması da, tələbə qəbulundakı test inqilabı da, bircə ilin ərzində Rusiya ordusunun ölkədən çıxarılması da gözümüzə kiçik görünürdü.
İqtidarda olan Azərbaycan Xalq Cəbhəsinin minlərlə üzvünün kabinetlərdə rüşvət yığmayıb, səngərlərdə döyüşməsi də bizə olduqca sıradan hadisə kimi görünürdü. Biz haradasa 10-15 vəzifəli şəxsdən birinin indikilərlə müqayisə oluna bilməyəcək miqdarda rüşvət almasına dünyanın sonu kim baxırdıq. Prezidentin şəxsən özünün və yaxın ətrafının əlinin də, cibinin də tər-təmiz olmasının xalq üçün bir şans olduğunu bilmirdik.
Çoxumuz prezidentin sadə və mehriban bir şəxs olmasını xalqımız üçün uğur yox, uğursuzluq sayırdıq.
Biz hamımız təcrübəsiz idik. Avtoritarizmin millət üçün nə qədər böyük bəla olduğunu hələ bilmirdik. Heydər Əliyevin bizim susqun razılığımızla quracağı ailə hakimiyyətinin bu qədər uzun çəkəcəyini və xalqımıza bu qədər baha başa gələcəyini heç təsəvvür etmirdik. Biz xalq olaraq dünyanın bu vaxtında və bu qədər uzun müddətə azadlıq və ədalətə həsrət qalacağımızı, dövlətimiz bu qədər zəngin ikən xalqımızın belə dəhşətli səfalət yaşayacağını, 26 il ərzində ölkəni 4-5 milyon nəfərin tərk edəcəyini heç ağlımıza da gətirmirdik.
İnanmaq istəyirəm ki, biz artıq təcrübəliyik. Xalq olaraq başımıza gələn bu fəlakətdən zəruri nəticələr çıxarmışıq. Ümid edirəm ki, xalq hakimiyyətinin bərpasının da, demokratik yolla seçdiyimiz hakimiyyətə sona qədər arxa, dəstək olmağın da ölkəmiz üçün nə qədər vacib olduğunu hamılıqla dərk etmişik”.
Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəyin devrilməsi ilə nəticələnən 4 iyun qiyamından 26 il ötür.
1938-ci ildə Ordubadın Kələki kəndində doğulan Əbülfəz Elçibəy 1960-cı ildə indiki Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirib. Bir müddət Misir Ərəb Respublikasında çalışıb, sonra Bakıda elmi-pedaqoji fəaliyyətlə məşğul olub. 1975-ci ildə antisovet təbliğatında günahlandırılaraq həbs edilib. 1977-ci ildə həbsdən buraxılandan sonra Əlyazmalar İnstitutunda işləyib.
1989-cu ildən Azərbaycan Xalq Cəbhəsinə (sonradan Azərbaycan Xalq Cəbhəsi Partiyası) sədrlik edib.
Əbülfəz Elçibəy 1992-ci il iyunun 7-də Azərbaycan prezidenti seçilib. Həmin ayın 17-də vəzifəsinin icrasına başlayıb.
1993-cü il iyunun 4-ü Gəncədə Müdafiə Nazirliyinə tabe olmayan hərbi hissə siyasi hakimiyyətə qiyam qaldırıb. Sabiq korpus komandiri Surət Hüseynovun başçılıq etdiyi qiyam hakimiyyətin dəyişməsi ilə nəticələnib, iyunun 15-də Heydər Əliyev parlament sədri seçilib. İyunun 17-də Əbülfəz Elçibəy paytaxtı tərk edərək doğma kəndinə köçüb. İyunun 24-də Milli Məclisin qərarı ilə vəzifədən uzaqlaşdırılıb, prezident səlahiyyətləri Heydər Əliyevə ötürülüb, avqustun 29-da bu qərar ümumxalq referendumunda təsdiqlənib.
1997-ci ildə paytaxta dönən Elçibəy 2000-ci il avqustun 22-də ağır xəstəlikdən sonra Türkiyənin paytaxtı Ankarada vəfat edib, bir gün sonra Azərbaycan paytaxtında, Fəxri xiyabanda dəfn olunub.
Əli Kərimli 1965-ci ildə anadan olub. 1991-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Əbülfəz Elçibəyin hakimiyyəti zamanı Prezident Aparatında ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində çalışıb, daha sonra dövlət katibi təyin olunub.
1993-cü ildən AXC sədrinin siyasi məsələlər üzrə müavini, daha sonra AXCP sədrinin birinci müavini olub. 1995 və 2000-ci illərdə Milli Məclisin deputatı seçilib. 2000-ci ildən AXCP-yə rəhbərlik edir.
26 il əvvəl devrilmiş hakimiyyət komandasında İsa Qəmbər (parlament sədri), Pənah Hüseyn (baş nazir), Tahir Kərimli (Ali Məhkəmənin sədri), İxtiyar Şirin (baş prokuror), Tofiq Qasımov (xarici işlər naziri), Saleh Məmmədov (maliyyə naziri), İsa Bağırov (Baş Dövlət Vergi Müfəttişliyinin rəisi), Cavanşir Abdullayev (Milli Bankın sədri), Tofiq Hüseynov (kənd təsərrüfatı naziri), Firudin Cəlilov (ali təhsil naziri), Tofiq Hacıyev (maarif naziri), İbrahim Vəliyev (Dövlət Gömrük Komitəsinin sədri), Məmməd İsmayıl (Dövlət Teleradio Komitəsinin sədri), Vurğun Əyyub (Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri) və başqa şəxslər də yer alırdı.