İyunun 4-də Dövlət Neft Fondu (DNF) qurumun investisiyaları ilə bağlı açıqlama yayıb.
Açıqlamada qeyd olunur ki, fondun investisiya portfeli aktiv növləri, strategiyalar, regionlar, ölkələr və valyutalar da daxil olmaqla fərqli parametrlər üzrə kifayət qədər şaxələndirilib və bu baxımdan hər hansı bir konkret əqdin üzləşə biləcəyi qısamüddətli mənfi şokların ümumi portfelin gəlirliliyinə təsiri minimuma endirilib: “Daşınmaz əmlak portfeli də regionlar, sektorlar və strategiyalar üzrə birbaşa, fondlar və müştərək investisiyalar vasitasilə daha da diversifikasiya olunmuş tərkibə malikdir. Bu da daşınmaz əmlak portfelinin bir hissəsi itkilərlə üzləşdiyi halda portfelin digər hissələrindən əldə edilən gəlirlər hesabına ümumi müsbət gəlirliliyin qorunub saxlanılmasına töhfə verir. Ötən ilin nəticələrinə əsasən, daşınmaz əmlak portfelinin 2018-ci il üzrə məzənnə fərqi nəzərə alınmadan gəlirliliyi 9,9% təşkil edib.
Digər tərəfdən uzunmüddətli dövrdə özünü doğruldan aktiv növü olaraq daşınmaz əmlak investisiyalarının gəlirliliyi haqqında fikirlər hansısa bir ilin nəticələrini yox, tam investisiya periodunu nəzərdə tutmalıdır. Ümumilikdə daşınmaz əmlak yatırımlarına başlanandan (2012-ci ildən) 2018-ci ilin sonuna qədər orta illik gəlirlilik məzənnə fərqi nəzərə alınmadan təxminən 6,65% olub.
DNF-nin Londonun Vest End səmtində, Seynt Ceyms, 78 ünvanında yerləşən daşınmaz əmlak obyektinin 2018-ci ildə müşahidə olunan gəlirliliyinə gəldikdə, daşınmaz əmlak obyektinin dəyərinə təsir edən ən vacib amillərin arasında obyektin icarəyə verilmiş hissəsi, onun hazırkı icarədarlarının kimliyi, icarə müddətinin sonuna qalan vaxt xüsusi yer tutur. Buna uyğun olaraq icarədarların icarə müqaviləsinə xitam verməsi baş tuta bilən haldır, bu da daşınmaz əmlak obyektinin qiymətinə əsaslı təsir göstərə bilər. Lakin bu kimi təsir müvəqqəti xarakter daşıyır və əmlaka yeni icarədarlar cəlb edildikdən sonra onun qiyməti artım nümayiş etdirir.
London daşınmaz əmlak obyektinin icarədarı olan icarənin bitmə müddətinin sonu 2023-cü il olmasına baxmayaraq HSBC Bankının daxili strateji planına əsasən bank 2018-ci ilin ortasında icarə müqaviləsinə vaxtından əvvəl xitam vermək qərarına gəlib, bunun nəticəsində də DNF-yə 34,7 milyon funt sterlinq həcmində vəsait ödənib. Hazırda binada icarədarın olmaması binanın təmirinə münbit şərait yaradır, bunun nəticəsində binanı daha əlverişli şərtlərlə icarəyə vermək imkanı yaranacaq. Daşınmaz əmlak obyektinin qısamüddətli dövrdə icarədarsız qalması səbəbindən 2018-ci ilin sonunda aparılan qiymətləndirmə nəticəsində binanın dəyəri azalıb, lakin Londonun tarixi mərkəzində yerləşən bir daşınmaz əmlak obyekti olaraq yeni icarədarların cəlbindən sonra binanın dəyərinin yüksəlməsi gözlənir.
Bundan əlavə olaraq qeyd edilməlidir ki, bu daşınmaz əmlak obyektindən gələn gəlirlilik investisiya ediləndən indiki dövrədək ingilis funt sterlinqində 4,4% təşkil edib və bu da obyektin yerləşmə yeri və digər xüsusiyyətləri nəzərə alınmaqla kifayət qədər yaxşı göstəricidir.
Rusiyanın Moskva şəhərində, Tverskaya, 16 ünvanında yerləşən daşınmaz əmlak obyektinə gəldikdə, bu obyektdə də müvafiq təmir işləri aparılmaqdadır. Obyektin ticarət hissəsi təmir işləri ilə təkmilləşdirmədən sonra tam olaraq H&M şirkətinə icarəyə verilib. Hazırda isə obyektin ofis hissəsində təmir işləri davam edir və işlər başa çatdıqdan və yeni icarədarlar cəlb edildikdən sonra obyektin dəyərinin artımı gözlənir.
Son illərdə rus rublunun digər valyutalara qarşı məzənnəsində müşahidə olunan volatillik də Rusiya bazarında bir çox aktivlərin, eləcə də daşınmaz əmlak obyektlərinin xarici valyutada ifadə olunan qiymətlərinə mənfi təsir edib. Buna müvafiq olaraq DNF-nin Rusiyada sahib olduğu daşınmaz əmlak obyektinin də xarici valyutada ifadə olunan zərərinin böyük hissəsini valyuta itkisi təşkil edib. Daşınmaz əmlak obyektinin yerləşmə yerinin əlverişliliyi və digər amilləri nəzərə alaraq uzunmüddətli dövrdə bu obyektin gəlirliliyinin yüksələcəyinə inanırıq”.
Fond əlavə edir ki, Rusiyanın VTB Bankının səhmlərinin qiymətinin düşməsinin əsas səbəblərindən biri Mərkəzi Bankın sərt monetar siyasət və prudensial nəzarət həyata keçirməsi ilə əlaqədardır: “İlin əvvəlində Mərkəzi Bank əsas uçot dərəcəsini aşağı salmağa başlasa da, ilin ikinci yarısından etibarən inflyasiya dərəcəsinin artması fonunda uçot dərəcələrini yenidən qaldırmağa başlaması, eləcə də ƏDV-nin artmasının yaratdığı neqativ gözləntilər bankın səhmlərinin qiymətinə öz mənfi təsirini göstərib”.
Sonda qeyd olunur ki, DNF-nin investisiya strategiyasının mahiyyətinə uyğun olaraq yatırımlar qısamüddətli dövrdə spekulyativ məqsədlər üçün deyil, məhz uzunmüddətli dövr üçün nəzərdə tutulur, onların da səmərəliliyinin qiymətləndirilməsində bu amil nəzərə alınmalıdır.
Daşınmaz əmlak neft pullarını hara daşıyır?