Mixail Saakaşvili Ukraynaya qayıdır. Novator.az-ın məlumatına görə, yeni prezident Vladimir Zelenski mayın 28-də fərman imzalayaraq onun Ukrayna vətəndaşlığını bərpa edib. Həmin gün “Facebook” səhifəsində açıqlama yayan Mixail Saakaşvili mayın 29-u Polşanın paytaxtı Varşavadan Kiyevə uçacağını bildirib.
1967-ci il təvəllüdlü Mixail Saakaşvili 2004-2013-cü illərdə Gürcüstanın prezidenti olub. 2013-cü ildə ölkəsini tərk edib. Gürcüstanda ona bir neçə cinayət işi qaldırılıb, haqqında həbs hökmləri var.
2015-ci ildən Ukraynada yaşayan sabiq prezident bu ölkədə vətəndaşlıq alıb, həmin il Odessa vilayətinin qubernatoru təyin edilib.
2015-ci il dekabrın 4-də Mixail Saakaşvili Gürcüstan vətəndaşlığından məhrum edilib. Buna əsas kimi Mixail Saakaşvilinin başqa ölkənin vətəndaşlığını qəbul etməsi göstərilib.
2016-cı il noyabrın 7-də Mixail Saakaşvili Ukrayna prezidenti Pyotr Poroşenkonu korrupsiyaçıları himayə etməkdə günahlandıraraq Odessa qubernatoru vəzifəsindən istefa verib və noyabrın 10-da postundan azad edilib.
2017-ci il iyulun 25-də Pyotr Poroşenko Mixail Saakaşvilini vətəndaşlıqdan çıxarıb. Buna Mixail Saakaşvilinin vətəndaşlıq alarkən anketdə həqiqətə uyğun olmayan məlumatlar göstərməsi əsas gətirilib.
Bir müddət Avropada dolaşan Mixail Saakaşvili Ukrayna vətəndaşlığından çıxarılması ilə barışmayıb. 2017-ci il sentyabrın 10-da Mixail Saakaşvili bir qrup tərəfdarı ilə Polşa-Ukrayna sərhədində sərhədçilərin və polis əməkdaşlarının qurduğu sipəri yararaq ölkə ərazisinə keçib. O, Yeni Qüvvələr Hərəkatı yaradaraq Ukrayna hakimiyyətinə qarşı mübarizə aparıb.
Ukraynanın hüquq mühafizə orqanları Mixail Saakaşviliyə cinayətə cəhd, qabaqcadan əlbir olan bir qrup şəxsin cinayət törətməsi, cinayət təşkilatları üzvləri ilə davamlı işbirliyi və onların cinayət fəaliyyətini ört-basdır etmək ittihamları verib. Ancaq onu həbs etmək mümkün olmayıb.
Mixail Saakaşvili Ukraynada qaçqın statusu və ya siyasi sığınacaq almaq istəsə də, buna nail ola bilməyib.
2018-ci il fevralın 12-də Mixail Saakaşvili ölkədən deportasiya edilərək Varşavaya göndərilib.
Xalq Xidmətçisi Partiyasının namizədi olan 1978-ci il təvəllüdlü Vladimir Zelenski aprelin 21-də Ukrayna prezidenti seçilib, mayın 20-də səlahiyyətlərinin icrasına başlayıb.