Jurnalist, bloqçu Səxavət Məmməd tutulandan bir gün sonra azadlığa buraxılıb.
Səxavət Məmməd mayın 27-si Ağdam Rayon Məhkəməsinin qərarı ilə 10 sutka inzibati həbs cəzası almışdı. Qərar Səxavət Məmmədin maliyyə öhdəliyini yerinə yetirməməsi – aliment borcunu ləngitməsi ilə əsaslandırılmışdı.
Jurnalistin çalışdığı Yenicag.az isə həbsi Səxavət Məmmədin mayın 25-i bloqunda müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqovu tənqid etməsi ilə əlaqələndirirdi.
Səxavət Məmməd bloqunda Nəcməddin Sadıqovu Qarabağ müharibəsindəki uğursuzluqlarda, Rusiyaya işləməkdə, Azərbaycan Ordusunun NATO standartlarına keçidinə mane olmaqda, Silahlı Qüvvələrdəki yaxşı kadrları sıxışdırmaqda günahlandırmışdı.
Mayın 28-i Gəncə Apellyasiya Məhkəməsində Səxavət Məmmədin həbsindən verilmiş şikayətə baxılıb. Jurnalist maliyyə öhdəliyini yerinə yetirəcəyini vəd edib. Nəticədə apellyasiya instansiyası rayon məhkəməsinin həbs qərarını ləğv edib və Səxavət Məmmədi azadlığa buraxıb.