AZƏRTAC prezident İlham Əliyevin mayın 23-ü Qafqaz Müsəlmanları İdarəsinin iqamətgahında açılan iftar süfrəsindəki çıxışının mətnini yayıb.
İlham Əliyev deyib ki, dövlət-din münasibətləri hər bir ölkə üçün xüsusi əhəmiyyətə malikdir və Azərbaycanda bu münasibətlər nümunəvi xarakter daşıyır: “Ölkəmizdə milli həmrəylik, vətəndaş həmrəyliyi var. Din dövlətdən ayrı olsa da, əslində din və dövlət bir-birinin yanındadır. Bizim gücümüz birliyimizdədir. Bu gün Azərbaycanın uğurlu inkişafı dövlət-din münasibətlərinin uğurlu inkişafından böyük dərəcədə asılıdır.
Dünyada vəziyyət gərginləşir. Həm bölgəmizdə, həm dünyada yeni toqquşmalar, yeni münaqişə ocaqları yaranır, yeni risklər, təhdidlər meydana çıxır. Dünyanın gələcəyi ilə bağlı, sabitliyin gələcəyi ilə bağlı müxtəlif fikirlər, fərziyyələr irəli sürülür. Bizim əsas vəzifəmiz Azərbaycanda sabitliyi qorumaq, Azərbaycan xalqının rifah halını yaxşılaşdırmaq və ölkəmizi mümkün olan risklərdən qorumaqdan ibarətdir. Son illər ərzində bu istiqamətdə böyük işlər görülüb. Azərbaycan inkişaf yolu ilə gedir. İnkişaf dinamikamız çox müsbətdir. Əminəm ki, gələcək illərdə aparılan dərin islahatlar sayəsində ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafı təmin ediləcək.
Biz dərin milli-mənəvi təməl üzərində müasir dövlət qurmuşuq. İslam dəyərləri milli-mənəvi dəyərlərimizin ayrılmaz hissəsidir. Biz öz dinimizə bağlıyıq. Biz dünyada islam mədəniyyətini təbliğ edirik. Dünyada çoxsaylı konfranslar, sərgilər, təqdimatlar keçirilir, Azərbaycan həqiqətləri, islam mədəniyyətinin həqiqətləri dünya ictimaiyyətinə təqdim edilir. Biz islamı olduğu kimi, sülh, mərhəmət dini kimi dünyaya təqdim edirik və bu fəaliyyəti bundan sonra da davam etdirəcəyik.
Müsəlman ölkələri ilə ənənəvi dostluq-qardaşlıq əlaqələrimiz var. Bu, xarici siyasətimizdə prioritet istiqamətlərdən biridir. Azərbaycan bütün müsəlman ölkələri ilə sıx əlaqələr qura bilib və beynəlxalq müstəvidə biz daim bir-birimizi dəstəkləyirik.
Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüdür və bu təşkilat çərçivəsində islam həmrəyliyinin möhkəmlənməsinə öz dəyərli töhfəsini verir.
2016-cı ildə İslam Əməkdaşlıq Təşkilatı Dağlıq Qarabağ münaqişəsi üzrə kontakt qrupu yaradıb və təşkilat bu münaqişə ilə bağlı bizim haqq işimizi daim dəstəkləyir.
Ermənistan-Azərbaycan münaqişəsinin həllinin bir yolu var – Azərbaycanın dünya birliyində tanınmış ərazi bütövlüyü bərpa edilməlidir. Dağlıq Qarabağ bizim tarixi, əzəli torpağımızdır. Biz bu həqiqətləri dünyaya çatdırırıq. Əfsuslar olsun ki, münaqişə başlanan zaman münaqişə ilə bağlı dünyada kifayət qədər məlumat yox idi. 1990-cı illərin əvvəllərində torpaqlarımız işğal altına düşüb. Ölkəmizdə o vaxt yaşanan böhran, hərc-mərclik, xaos Ermənistana imkan verdi ki, bizim tarixi torpaqlarımızı zəbt etsin. O vaxt biz beynəlxalq təcriddə idik, öz səsimizi dünya ictimaiyyətinə çatdıra bilmirdik. Beləliklə, dünyada münaqişə ilə bağlı böyük dərəcədə təhrif edilmiş rəy formalaşdırılmışdı. Bizim müntəzəm səylərimiz nəticəsində artıq bütün dünya bilir ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, tarixi torpağımızdır.
Hər kəs görür ki, münaqişə ilə bağlı ikili standartlar mövcuddur. Dünyanın ali orqanı olan BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edir, bu qətnamələrdə açıq-aydın deyilir ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan çıxarılmalıdır, amma qətnamələr icra olunmur. Dünyada mövcud olan ikili standartlar ən böyük problemlərdən biridir.
Münaqişənin həlli üçün biz səylərimizi davam etdirəcəyik. Biz iqtisadi gücümüzü artırırıq, siyasi çəkimiz artır, hərbi baxımdan Azərbaycan bu gün güclü ölkələr sırasındadır. Döyüş meydanında üstünlüyümüzü təmin etmişik. Vaxtilə işğal altına düşmüş torpaqların bir hissəsini azad etmişik. O torpaqlarda bu gün Azərbaycan bayrağı dalğalanır. İşğaldan azad edilmiş torpaqlarda Şuşa məscidinin bənzəri olan məscid tikilib, qəsəbə salınıb, oraya həyat qayıdıb. Bu bir daha onu göstərir ki, Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq. Bu gün dirçələn və inkişaf edən Cocuq Mərcanlı kəndi Azərbaycan xalqının əyilməz ruhunu təcəssüm etdirir. Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaq. Bir daha demək istəyirəm ki, bu münaqişə yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır”.
Prezident əlavə edib ki, ölkədə dinlərarası münasibətlər ən yüksək səviyyədə tənzimlənir: “Bütün dünya bu reallıqları bilir və qəbul edir. Bu gün Azərbaycan dünya miqyasında dinlərarası dialoqun aparılması üçün bir mərkəzə çevrilib. Təsadüfi deyil ki, çoxsaylı beynəlxalq tədbirlər məhz bizim təşəbbüsümüzlə ölkəmizdə keçirilir. Əgər biz bu təşəbbüsü göstərməsəydik, bu tədbirlər də keçirilməzdi.
Azərbaycanda keçirilən çoxsaylı beynəlxalq tədbirlər həm ölkəmiz, həm daxildə gedən proseslər, həm də dünya üçün böyük məna daşıyır. Çünki Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir. Bu, bizim böyük sərvətimizdir. Azərbaycanda bütün xalqların, bütün dinlərin nümayəndələri mehribanlıq, əmin-amanlıq şəraitində yaşayır. Biz bir ailə kimi yaşayırıq və bizim gücümüz birliyimizdədir”.