Məhbus jurnalist Seymur Həzinin xanımı Nigar Həzi mayın 24-də Novator.az-a danışıb.
Seymur Həzi 2014-cü il avqustun 29-da tutulub. Bir nəfərə xəsarət yetirməkdə ittiham olunan jurnalist Abşeron Rayon Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilib. Jurnalist ittihamı rədd edir və hakimiyyəti tənqid edən yazılarına, çıxışlarına görə həbs olunduğunu bildirir.
2018-ci il dekabrın 6-da Avropa İnsan Hüquqları Məhkəməsi Seymur Həzinin azadlıq və toxunulmazlıq hüququnun pozulduğunu tanıyıb, Azərbaycan dövlətinin ona 14 min 500 avro təzminat ödəməsi barədə qərar çıxarıb.
Seymur Həzi Bakıdakı 17 saylı Cəzaçəkmə Müəssisəsində saxlanır.
Nigar müxalif siyasətçi Tofiq Yaqublunun qızıdır.
Seymurla Nigar 2016-cı ilin avqustunda ailə qurublar.
Mayın 24-də Novator.az-a danışan Nigar Həzi yoldaşı ilə sonuncu dəfə mayın 13-də görüşdüyünü deyib: “Ovqatı yaxşıdır, səhhətində ciddi problemlər yoxdur. Verilən əsassız cəzanın bitməsini gözləyirik”.
Seymurun həbsindən sonra imzalanan əfv sərəncamlarının heç birinin yoldaşına şamil olunmamasına toxunan Nigar Həzi deyib: “Əfv sərəncamlarını dövlət başçısı həvəslə və özəl istəklə imzalamır. Təzyiqlərə davam gətirməyib bəzi siyasi məhbusları azadlığa buraxmağa məcbur olur. Halbuki tələb bütün siyasi məhbusların, eləcə də Seymurun azadlığa buraxılmasıdır.
Mübarizəyə könüllü qoşulmuş insanlar üçün məhbəs dözülməz deyil. Həbsi gözə alanlar hər bir cəfaya qatlaşmağa hazırdırlar. Onsuz da Seymurun həbsdən çıxmasına 3 ay qalır. Seymur günahsız yerə həbsdədir, onu şərləyənlər isə gələcəkdə günahkar olduqları üçün həbsdə yatacaqlar”.
Nigar Həzi “Seymurun azadlığa çıxmasından sonraya nə planlarınız var” sualına belə cavab verib: “Gələcək plan odur ki, ailə kimi bir araya gələk… Hansı ölkədə yaşadığımızı nəzərə alsaq, bizi qarşıda hansı çətinliklərin gözlədiyini bilmirik. Hər şey qeyri-müəyyən olduğu üçün planlar da qeyri-müəyyəndir”.
1982-ci il təvəllüdlü Seymur Həzi BDU-nun şərqşünaslıq fakültəsini (bakalavr və magistr dərəcələri ilə) və AMEA-nın Fəlsəfə İnstitutunun aspiranturasını bitirib.
2000-ci ildən AXCP-nin üzvüdür, “Azadlıq” qəzetinin aparıcı əməkdaşlarından olub.