Nazirlər Kabineti beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə oxumuş abituriyentlərin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu şərtlərini təsdiqləyib. Novator.az-ın məlumatına görə, abituriyentlərin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulunu Dövlət İmtahan Mərkəzi ali təhsil pilləsinin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə beynəlxalq səviyyədə akkreditasiya olunan bu təhsil proqramları üzrə həyata keçirir: Beynəlxalq bakalavriat diplom proqramı; Təhsil haqqında ümumi sertifikatın yüksək səviyyəsi; Yüksək yerləşdirmə.
Şərtlərə əsasən, abituriyentlərin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu təhsil aldıqları dildə tədris olunan ixtisaslar üzrə aparılır.
Abituriyentlər Azərbaycan dili (dövlət dili kimi) fənnindən ayrıca imtahan verirlər.
Hər bir ixtisas üzrə və hər tədris ili üçün keçid balını Təhsil Nazirliyi ilə razılaşdırmaqla Dövlət İmtahan Mərkəzi müəyyən edir.
Digər bir qərarla beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların siyahısı və onların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu qaydası rəsmiləşib.
Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri dedikdə bu şəxslər nəzərdə tutulur: beynəlxalq fənn olimpiadasının qızıl, gümüş və ya bürünc medalı ilə təltif olunmuş şəxslər; 9-11-ci sinif şagirdləri arasında keçirilən respublika fənn olimpiadasında birinci, ikinci və üçüncü yer tutmuş şəxslər; beynəlxalq müsabiqənin və ya yarışın (15 yaşdan yuxarı yaş qrupunda) laureatı olmuş (ali mükafat, birinci, ikinci və üçüncü yerlər) şəxslər.
Beynəlxalq və respublika fənn olimpiadasının qalibinin tam orta təhsil səviyyəsini bitirdikdən sonrakı növbəti 2 tədris ili üçün, beynəlxalq müsabiqənin və ya yarışın qalibinin isə tam orta təhsil səviyyəsini bitirməklə qalibiyyət əldə etdikdən sonrakı növbəti 5 tədris ili üçün ali təhsil müəssisəsinə tələbə qəbulunda yalnız bir dəfə müsabiqədənkənar qəbul olunmaq hüququ var.