Ukraynanın yeni prezidenti Vladimir Zelenski mayın 20-si parlamentdə – Ali Radanın təntənəli iclasında and içərək səlahiyyətlərinin icrasına başlayıb.
Novator.az bildirir ki, Vladimir Zelenski 1978-ci il yanvarın 25-də Krivoy Roq şəhərində doğulub. İngilis dili təmayüllü gimnaziyada təhsil alıb, Krivoy Roq İqtisadiyyat İnstitutunu hüquqşünas diplomu ilə bitirib.
1997-ci ildə “95-ci kvartal” şən və hazırcavablar komandası yaradaraq onun kapitanı olub. 2003-cü ildən televiziyalarda müxtəlif şouların aparıcısı kimi ad çıxarıb, tamaşalarda, filmlərdə rollar alıb.
Prezident seçkisinə Vladimir Zelenski Xalq Xidmətçisi Partiyasının namizədi kimi qatılıb.
Şoumen prezident seçkisinin ikinci turunda 73,2% səslə qalib gəlib. Aprelin 21-də keçirilmiş səsvermədə prezident Pyotr Poroşenko 24,4% toplayıb.
Andiçmə mərasimindəki çıxışında Vladimir Zelenski Ali Radanı buraxdığını bəyan edib. Xalq Xidmətçisi Partiyası Ali Radada təmsil olunmur. Ölkə konstitusiyasına görə, hökuməti 450 yerlik parlamentdə azı 226 mandatı olan siyasi qüvvə qurur.
Pyotr Poroşenkoya dəstək verən blokun Ali Radada 135 mandatı var.
Xalq Cəbhəsi 80, Müxalif blok 38, Samopomoş Partiyası 25, Dirçəliş Partiyası 25, Radikal Partiya 21, Batkivşina Partiyası 20, “Xalq iradəsi” qrupu 18 mandata sahibdir.
61 deputat heç bir fraksiyaya qatılmır.
Vladimir Zelenski ölkənin yeddinci dövlət başçısıdır. Ona qədər 5 nəfər prezident seçilib, 1 nəfər isə prezident səlahiyyətlərini müvəqqəti icra edib.
1991-ci il avqustun 24-də müstəqilliyini elan edən zaman Ukraynada dövlət başçısı postunu 1934-cü il təvəllüdlü parlament sədri Leonid Kravçuk tutub.
1991-ci il dekabrın 1-də Leonid Kravçuk ümumxalq seçkisində Ukrayna prezidenti seçilib.
1994-cü ildə növbədənkənar prezident seçkisi keçirilib. İyulun 10-da – ikinci turda Leonid Kravçuk 1938-ci il təvəllüdlü Leonid Kuçmaya məğlub olub. Leonid Kuçma 1999-cu ildə prezident seçkisinin ikinci turunda (14 noyabr) postunu əlində saxlayıb.
2004-cü ilin prezident seçkisi üç mərhələdən ibarət olub. İkinci turun dekabrın 26-da keçirilmiş təkrar səsverməsində 1954-cü il təvəllüdlü Viktor Yuşşenko prezident seçilib.
2010-cu ilin prezident seçkisində – fevralın 7-də keçirilmiş ikinci turda 1950-ci il təvəllüdlü Viktor Yanukoviç dövlət başçısı seçilib.
2014-cü il fevralın 22-də Viktor Yanukoviç parlamentin qərarı ilə prezident vəzifəsindən uzaqlaşdırılıb, dövlət başçısı səlahiyyətləri 1964-cü il təvəllüdlü parlament sədri Aleksandr Turçinova ötürülüb.
2014-cü il mayın 25-də keçirilmiş növbədənkənar seçkidə 1965-ci il təvəllüdlü Pyotr Poroşenko prezident seçilib.