Mayın 16-da Beynəlxalq Mətbuat Mərkəzində Karabakhmedia.az saytının təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Xosrov bəy Sultanovun 140 illiyi münasibətilə tədbir keçirilib.
Tədbirə tanınmış jurnalist İlham Tumas aparıcılıq edib.
Tədbiri giriş sözü ilə Laçın rayonunun tanınmış ağsaqqalı Qəzənfər Hüseynov açıb.
Cümhuriyyət tarixinin dəyərli araşdırıcısı, tarix elmləri üzrə fəlsəfə doktoru Nəsiman Yaqublu Xosrov bəyin ibrətamiz həyat və fəaliyyətindən, Azərbaycanın azadlıq və müstəqilliyi, ərazi bütövlüyümüzün, o cümlədən Zəngəzur və Qarabağ torpaqlarının erməni işğalından qorunması uğrunda apardığı mübarizədən danışıb, həmçinin Xosrov bəyin mühacir həyatı yaşadığı dövrdə Vətənimiz üçün gördüyü işlərdən söz açıb. Nəsiman Yaqublu çıxşında Xosrov bəy Sultanovla bağlı bir çoxlarının bilmədiyi faktları açıqlayıb.
O, Xosrov bəyin yubileyinin dövlət səviyyəsində keçirilməsi üçün prezident İlham Əlyevə müraciət ünvanlanmasını təklif edib. Alim qeyd edib ki, Xosrov bəyin 100 il öncə – 1919-cu ildə Qarabağın general-qubernatoru olması faktı beynəlxalq səviyyədə xüsusilə vurğulanmalıdır.
Yubileydə Milli Məclisin deputatı Fazil Mustafa, 2012-ci ildə Xosrov bəyin qardaşı, xalq qəhrəmanı Sultan bəyin 140 illik yubileyinin dövlət səviyyəsində keçirilməsinə nail olmuş Laçın Rayon İcra Hakimiyyətinin sabiq başçısı Ramiz Cəbrayılov, tarixçi alimlər Şikar Qasımov, Ələmdar Şahverdiyev, tədqiqatçı Nazir Əhmədli, Xosrov bəyin qardaşı nəvəsi Laçın Paşayev, tədbirin təşkilatçılarından gənc araşdırmaçı Orxan Cəbrayıl və digərləri çıxış ediblər.
Tədbirin təşkilatçılarından olan Qəzənfər Hüseynov da Xosrov bəy Sultanovun 140 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi ilə bağlı prezident İlham Əliyevə müraciət hazırlanması təklifini irəli sürüb və bu məqsədlə təşkilat komitəsi yaradılması təşəbbüsü ilə çıxış edib.
Xosrov bəy Sultanov 1879-cu il mayın 10-da Zəngəzur qəzasının Hacısamlı nahiyəsinin Qasımuşağı obasının Qurdqajı kəndində (indiki Laçın rayonu) dünyaya göz açıb. Gəncə gimnaziyasını bitirdikdən sonra Odessada ali tibb təhsili alıb. 1918-ci ilin 28 mayında Tiflisdə Azərbaycan Milli Şurası adından Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi haqda bəyannaməyə imza atan 26 nəfərdən biri də Xosrov bəy Sultanov olub. Xalq Cumhuriyyətinin həmin gün təşkil edilmiş birinci hökumət kabinetində Xosrov bəy hərbi nazir postunu tutub. O, Zaqafqaziya Seyminin və Azərbaycan parlamentinin üzvü olub.
1919-cu ilin 15 yanvarında Xosrov vəy Qarabağın general-qubernatoru təyin edilib. Həmin ilin 21 martında erməni-daşnak hərbi dəstələri Qarabağa yeganə keçid olan Əsgəran keçidini zəbt ediblər. Amma daşnak generalı Dronun hərbi dəstələri Xosrov bəyin başçılıq etdiyi Azərbaycan əsgərləri tərəfindən mayın 30-da darmadağın edilib, Xankəndi və Şuşa geri alınıb.
1923-cü ildən general Xosrov bəy Sultanovun həyatında mühacirət dövrü başlanıb. O, Türkiyədə, İranda, daha sonra Fransa və Almaniyada yaşayıb, Almaniyada Tibb Universitetində professor kimi çalışıb. 1936-cı ildə Türkiyəyə qayıdıb.
Xosrov bəyin ölüm tarixi 2016-cı ilin fevral ayına kimi 1947-ci il, vəfat yeri Trabzon göstərilsə də, məzarının yeri dəqiq məlum olandan sonra onun 7 yanvar 1943-cü ildə vəfat etdiyi və məzarının da İstanbulun Feriköy qəbiristanlığında olduğu dəqiqləşib.
Mənbə: Karabakhmedia.az