Konstitusiya Məhkəməsi Mülki Məcəllənin 1164-cü maddəsinin bəzi müddəalarının şərhinə dair qərar qəbul edib.
Salyan Rayon Məhkəməsi Konstitusiya Məhkəməsinə müraciətində vəfat etməzdən öncə nikahını pozmaq barədə məhkəmədə iradə ifadəsini bildirmiş şəxsin (miras qoyanın) arvadının (ərinin) vərəsəlik hüququndan məhrum edilmiş şəxslər sırasına aid olub-olmamasının Mülki Məcəllənin 1164-cü maddəsinin tələbləri baxımından şərhini istəyib.
Müraciətdən görünür ki, B.Bağırova qayınatası A.Bağırova qarşı iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək miras əmlakın qəbul edilməsi faktının və vərəsələr arasında miras əmlakdan payların müəyyən edilməsini xahiş edib.
A.Bağırov vəsatət verərək iddiaçının həmin tələbi irəli sürmək üçün subyektiv hüququnun mövcud olmadığını göstərib. Vəsatət onunla əsaslandırılıb ki, A.Bağırovun oğlu Q.Bağırov ölməmişdən əvvəl B.Bağırovaya qarşı nikahın pozulması tələbinə dair Salyan Rayon Məhkəməsində iddia qaldırıb və həmin məhkəmənin 8 iyun 2015-ci il qətnaməsi ilə iddia təmin edilib. Şirvan Apellyasiya Məhkəməsinin 22 oktyabr 2015-ci il qətnaməsi ilə cavabdeh B.Bağırovanın apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıb. Ali Məhkəmənin Mülki Kollegiyasının 16 mart 2016-cı il qərarı ilə iddiaçı Q.Bağırov öldüyü üçün iş üzrə icraata xitam verilib.
Salyan Rayon Məhkəməsi müraciətini onunla əsaslandırıb ki, mülki qanunvericiliyin tələbinə əsasən, ər-arvadın bir-birinin vərəsəsi olması üçün onların birgə nikahda olmaları mütləqdir. Ər-arvaddan hər hansı biri nikahını pozarsa, o, ölümündən sonra digər tərəfi vərəsəsi olmaq hüququndan məhrum etmiş olur. Mülki Məcəllənin 1163-cü maddəsinə əsasən, nikahı ləğv etmiş ər-arvad bir-birindən sonra vərəsə sayıla bilməzlər. Həmçinin Mülki Məcəllənin 1164-cü maddəsinə görə, arvadın (ərin) miras qoyanla nikahına mirasın açılmasından azı üç il əvvəl faktiki xitam verildiyi və ərlə arvadın ayrı yaşadıqları təsdiq edilərsə, məhkəmənin qərarı ilə arvad (ər) qanun üzrə vərəsəlik hüququndan məhrum edilə bilər.
Müraciət edən işə baxarkən sağlığında nikahını pozmaq barədə məhkəmədə iradə ifadəsini bildirmiş şəxsin (miras qoyanın) arvadının (ərinin) ölümündən sonra onun vərəsəsi olması və yaxud vərəsəlik hüququndan məhrum edilmiş şəxslər sırasına aid edilməsi məsələsinə aydınlıq gətirilməsinə zərurət yarandığı qənaətinə gəlib.
Novator.az bildirir ki, Konstitusiya Məhkəməsi Plenumunun qərarına görə, nikahın pozulması haqqında məhkəməyə ərizə ilə müraciət edərək iradə ifadəsini bildirmiş, lakin məhkəmə qətnaməsi qanuni qüvvəyə minənədək ölmüş şəxsin arvadı (əri) vərəsəlik hüququndan yalnız miras qoyanla nikahına mirasın açılmasından azı üç il əvvəl faktiki xitam verildiyi və ərlə arvadın ayrı yaşadıqları təsdiq edildiyi halda məhrum edilə bilər.