Ukraynada dil qanunu necə tətbiq olunacaq?
- 13 May 2019
- comments
- Novator.az
- Posted in ManşetŞərh
Ukrayna dilinin dövlət dili kimi istifadəsinin təmin edilməsi qanunu qəbul olunub. Qanunun əsas müddəalarına sual-cavablarda aydınlıq gətiririk.
Dil qanunu niyə lazımdır?
Çar Rusiyasında və Sovet İttifaqında Ukrayna dili təqib və təzyiq obyekti olub. 1876-cı ildən 1905-ci ilə qədər Ukrayna dilinin ictimai istifadəsi ümumiyyətlə qadağan edilib.
Qısa yumşalma dövründən (1917-1920-ci illərdə Ukraynanın müstəqilliyi və 1920-ci illərdəki mədəni dirçəliş) sonra Ukrayna dilinin sıxışdırılması on illərlə davam edib.
Hazırkı qanun illərlə sıxışdırılan Ukrayna dilinin inkişafı üçün stimul yaradır.
Dil basqısı dönəmində Ukraynanın istedadlı yazıçıları, mədəniyyət xadimləri məhv edilib; onların əsərləri yasaqlanıb; lüğətlərdə, ali və orta məktəblərdə Ukrayna dili süni şəkildə rus dilinə calanıb; əsasən böyük şəhərlərdə Ukrayna məktəblərinin sayı rus məktəblərindən bir neçə dəfə az olub.
1991-ci ildə ölkə müstəqilliyini elan etdikdən sonra Ukrayna dili dövlət dili statusu aldı. Amma əsrlər boyu davam edən təzyiqlər öz izini buraxıb: rus dili Ukraynada, əsasən də böyük şəhərlərdə hələ də üstünlük təşkil edir.
Ukrayna dilinin inkişafını daha çox stimullaşdırmaq, ondan daha çox və tez-tez istifadə etmək, ictimai məkanda onu rus dilinə bərabərləşdirmək üçün hazırkı qanun vacibdir.
Rusdilli vətəndaşlar rus dilində danışa biləcəklərmi?
Şübhəsiz. Qanunun 2-ci maddəsinin 2-ci bəndinə əsasən, dövlət dilinin tətbiqi qaydaları şəxsi ünsiyyət və dini etiqadların yerinə yetirilməsi sahələrinə şamil olunmur.
Rus dili və digər dillərdən əvvəlki kimi azad şəkildə istifadə oluna biləcək.
Xidmət dili Ukrayna dili müəyyən olunsa da, 30-cu maddənin 3-cü bəndində deyilir ki, müştərinin xahişi ilə ona tərəflər üçün məqbul digər dildə də xidmət göstərmək olar.
Bu qayda tibbi xidmətlərdə də keçərlidir. 33-cü maddənin 2-ci bəndində qeyd olunur ki, tibbi xidmət müştərinin tələbi ilə tərəflər üçün uyğun olan dildə göstərilə bilər.
Xarici dilli vətəndaşlar da öz dillərində danışa biləcəklər? Qayda digər xarici dilli vətəndaşlar üçün də keçərlidir.
Rusdilli çap mediası bağlanacaqmı?
Yox. Qanun rus dilində çap olunan medianın Ukrayna dilində eyni tiraj və eyni həcmdə versiyasının nəşrini tələb edir. KİV rus dilində çıxmaqda davam edə bilər, amma onun Ukrayna dilində də versiyası olmalıdır.
Rusdilli KİV pərakəndə satışdan yoxa çıxacaqmı?
Yox. Qanun pərakəndə satışda çap mediasının 50%-nin Ukrayna dilində olmasını tələb edir. Yəni qalan 50% rus dilində və ya digər dillərdə ola bilər.
Pərakəndə satışda mətbuatın böyük qismini rusdilli nəşrlər təşkil edir. Qanun Ukrayna dilli çap mediasının ən azı rusdilli mətbuatın sayı qədər olmasını təmin edəcək.
Başqa xarici dillərdə mətbuat üçün istisna olacaqmı?
Bəli. 5-ci maddənin 5-ci bəndinə əsasən, ingilisdilli çap mediası Ukrayna dilində nəşr olunmaq tələbindən azaddır. Qanunda ingilis dilində və Avropa İttifaqı dövlətlərinin digər dillərində çıxan KİV üçün istisnalar nəzərdə tutulur.
25-ci maddənin 5-ci bəndi Avropa İttifaqı dilləri üçün istisnalar müəyyən edir. Bu, macar, rumın, yunan, polyak və Avropa İttifaqının digər dillərindəki çap mediasının Ukrayna versiyası olmadan da dərcinin və yayılmasının mümkünlüyü deməkdir.
Qanunda Krım-tatar dilində və Ukraynanın digər yerli xalqlarının dilində çıxan çap mediası üçün istisnalar yer alırmı?
Bəli, həmin istisnalar Krım tatarları, karaim, krımçak və Azov yunanları da daxil olmaqla yerli etnik xalqların dilləri üçün də nəzərdə tutulub.
İnternet nəşrlərinin durumu necə olacaq?
Qanun digər dillərdə yayımlanan internet mediasına Ukrayna dili versiyası öhdəliyi tətbiq edir. Ukrayna dili versiyası avtomatik açılmalıdır. Lakin bu tələb 25-ci maddənin 5-ci bəndində göstərilən ingilis dilində və Avropa İttifaqı dövlətlərinin digər dillərində, habelə yerli xalqların (Krım tatarları da daxil olmaqla) dillərində yayımlanan internet mediasına şamil olunmur.
Qanun ictimai tədbirləri necə tənzimləyir?
İctimai tədbirlər qanunun 29-cu maddəsi ilə tənzimlənir. Bu maddənin 1-ci bəndində deyilir ki, ictimai tədbirlər Ukrayna dilində aparılmalıdır.
Qanundakı “ictimai tədbirlər” anlayışı belə izah olunur: ictimai tədbirlər – dövlət orqanlarının (tam və ya bir qisminin) və ya yerli özünüidarəetmə orqanlarının, dövlətə və ya yerli icmaya, yaxud onların tərkibində olan səhmdarlara məxsus şirkətlərin təşkil etdiyi tədbirlərdir. Yəni burada özəl qurumların təşkil etdiyi tədbirlər nəzərdə tutulmur.
Bu müddəanın həmçinin məhdud saylı insanlar və ya əcnəbilər üçün təşkil olunmuş tədbirlərə aidiyyəti yoxdur.
Kinonun durumu necə olacaq?
Əcnəbi filmlər Ukrayna dilinə dublyaj olunmalıdır. Filmlərin bir hissəsi orijinal dildə, Ukrayna dilində subtitrlə nümayiş oluna bilər. Amma bu, ayrı-ayrı kinoteatrlarda 10% həddini keçməməlidir. Festivallar zamanı digər dillərdə filmlərin nümayişinə icazə verilir.
Bəs kitablar?
Mətbuatın 50%-lik həddi kitab sektoruna da aiddir. Qanunun 25-ci maddəsinə əsasən, nəşriyyat öz nəşrlərinin ən azı yarısını Ukrayna dilində dərc etməlidir. Kitab mağazalarında da Ukrayna dilində çeşid 50%-dən az olmamalıdır.
Çap mediasında olduğu kimi qanunun bu norması kitab nəşrində Ukrayna və rus dili də daxil olmaqla digər dillərin balansını təmin etməyə yönəlib. Maddə Avropa İttifaqının və ya yerli etnik xalqların dillərində nəşr olunmuş, habelə dil öyrənilməsi üçün ixsisaslaşdırılmış kitabların satışını həyata keçirən kitab mağazaları üçün istisnaları nəzərdə tutur.
Təhsil dili necə olacaq?
Ukraynada təhsil dili Ukrayna dilidir. Amma qanun milli azlıqların nümayəndələrinə məktəbəqədər müəssisədə və ibtidai məktəbdə ana dilində təhsil hüququ verir.
Bundan başqa yerli xalqların nümayəndələri öz dillərində məktəbəqədər, ibtidai və orta təhsil ala bilərlər. Milli azlıqların və yerli xalqların nümayəndələrinin məktəbdə və ya milli mədəniyyət birliklərində ana dilini öyrənmək hüququ var.
Milli azlıqlar və yerli xalqların təhsilinə dair normalar Ukraynanın təhsil qanununun müddəalarına uyğundur.
Bir və ya bir neçə fənni ingilis dilində və ya Avropa İttifaqı dillərində öyrənmək mümkündür.
Elmi nəşrlər Ukrayna dilində , ingilis dilində və ya Avropa İttifaqının digər dillərində çap olunmalıdır. İctimai elmi tədbirlər Ukrayna dilində və ya ingilis dilində keçirilməlidir; əgər tədbir digər dillə və ya mədəniyyətlə bağlı olarsa, onu həmin dildə keçirmək də olar.
Vladimir Yermolenko
Mənbə: Ukraineworld.org