Natiq Cəfərli
Respublikaçı Alternativ Partiyasının icra katibi
Türkiyədə diktatura yoxdur – bir şəxsə (Tək Adam) uyğunlaşdırılmış sistemdir. Prezidentin sərhədsiz səlahiyyəti var və ən üzücüsü budur ki, bütün sistem bir şəxsin fərdi keyfiyyətlərinə görə dizayn edilib. Yəni həmin şəxsdən sonra hakimiyyətə kim gələcəksə, həmin səlahiyyətlərin sahibi olacaq və heç bir zəmanət yoxdur ki, gələn şəxs daha betər olmayacaq.
Qısası, Türkiyədə sistem şəxsə hesablanıb, problemlidir, institutları zəiflədir, şəxsi önə çıxarır. Amma Türkiyədə hələ də ayaqda olan ictimai-siyasi institutlar var deyə Tək Adam rejimi diktaturaya çevrilmir, çevrilməsi də mümkün görünmür.
Bizdə də diktatura deyil – avtoritar patronaj sistemidir, bütün hekayə bizdə də bir adam üzərində inşa edilib. Bizdə ictimai-siyasi institutlar çox zəifdir deyə müqavimət nəticəsizdir. Amma bizdə cəmiyyət Türkiyədən daha çağdaşdır, bu da bizim üstünlüyümüzdür.
Azərbaycanda diktatura mümkün deyil, çünki korrupsiya tüğyan edir, nə qədər qəribə olsa da, bu gün avtoritarizmin diktaturaya çevrilməsinin qarşısını korrupsiya alır. Diktaturanın olmamasının digər səbəbi isə hakim elitanın ideologiyasız olmasıdır – yəni özlərinin inandıqları ümumbəşəri və cəlbedici dəyərləri yoxdur deyə başqalarını da inandıra bilmirlər. Nəticədə multfilm kimi sistem yaranıb…