Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər Azlogos.eu saytına müsahibə verib.
1957-ci il təvəllüdlü İsa Qəmbər Azərbaycan xalq hərəkatının (1988-1992) liderlərindən biridir. 1990-1995-ci illərdə parlamentin deputatı, 1992-1993-cü illərdə Milli Məclisin sədri olub, 1992-ci il mayın 18-dən iyunun 17-dək prezident səlahiyyətlərini icra edib.
1992-2014-cü illərdə Müsavat Partiyasının başqanı postunu tutub.
Novator.az bildirir ki, yaşadıqları, şahidi olduqları barədə yazmaqla bağlı sualı İsa Qəmbər belə cavablandırıb: “Düşünürəm bu barədə. Bir sıra problemlər var. Əvvəllər əsas problem vaxt çatışmazlığı idi. İndi vaxtım daha çoxdur, sadəcə məni dayandıran müəyyən məsələlər var. Əsas məsələlərdən biri isə odu ki… Mən hesab eləyirəm ki, siyasətçinin bildiyi hər şeyi deməməyə ixtiyarı var.
Siyasətçinin bildiyi hər şeyi deməməyə ixtiyarı var, amma siyasətçinin yalan danışmağa ixtiyarı yoxdur. Bir az başqa cür çıxmasın, məndə yalana allergiya var. Mən səhv edə bilərəm, amma heç vaxt şüurlu şəkildə yalan danışmıram. Təbii, həyat müəyyən bəyaz yalanlara məcbur eləyə bilər, ancaq mənim yalana nifrətim var. Nəsə yazacağamsa, həqiqətləri yazmalıyam. Ən azı bildiyim həqiqətləri və ya həqiqət hesab elədiklərimi. Bu isə o deməkdir ki, bu gün də həyatda olan yüzlərlə insan haqqında – onların səhvləri, zəiflikləri, xəyanət demək istəmirəm, ancaq Azərbaycana dəhşətli ziyan vurmuş addımları barədə bildiyim, düşündüyüm nə varsa, hamısını yazmalıyam. Onda da gündəm dəyişəcək, insanlar tamam başqa mövzulara istiqamətlənəcəklər.
Mən standart bir şey yazmaq istəmirəm: bir az özümü, bir az mənə yaxın adamları tərifləyim, müəyyən məsələlərin üstündən keçim… Yazsam, müasir tariximizi kifayət qədər bilməyənlər üçün aydınlaşdıracaq, bilənlərin yadına salacaq müəyyən həqiqətləri yazmaq istəyirəm.
Məsələn, Zərdüşt Əlizadə (xalq hərəkatının öncül şəxslərindən biri – Novator.az) kimi yalan yazmaq istəmirəm. O, ömrü boyu yazdığı, danışdığı yalanları bir yerə toplayıb kitab halına saldı. İndi də gənclər bizə deyirlər ki, Zərdüşt Əlizadə yazdı, siz niyə yazmırsınız? O yalan yazıb axı! Mən elə bir şey yazmaq istəmirəm. Həqiqətləri də yazanda aləm bir-birinə dəyəcək…
Məni narahat eləyən kimisə incitmək deyil, əsas mövzuların dəyişməsidir. Mən insanların bu günə və gələcəyə baxmasını istəyirəm. Çalışıram ki, bütün yazılarımda insanları gələcəyə yönləndirəm, ümidlərini, özlərinə, bir-birilərinə və millətə inamlarını artıram.
Memuar janrını o qədər də sevmirəm, mənə süni təsir bağışlayır. Həm bizimkilərə, həm də avropalılara, amerikalılara məxsus çox memuar oxumuşam. Adamlar özlərini təmizə çıxartmağa çalışırlar. Oxuyanda adama elə gəlir ki, bu adam dahi imiş, həmişə dürüst, haqlı olub. Adətən də soruşanda sənin heç bir qüsurun, səhvin olmayıb, ən böyük qüsur kimi insanlara inanmaqlarını göstərirlər.
Yəni memuar mənə özünü tərifləmək, özünə bəraət qazandırmaq, insanları özünün həmişə haqlı olduğuna inandırmaq, hadisələri öz bildiyi kimi şərh eləmək cəhdi kimi görünür. Çox nadir memuarlar var – daha çox avropalılara aid – müəlliflər öz nöqsanlarından daha səmimi, daha rahat şəkildə danışırlar.
Mən ötən əsrin səksəninci illərinin ortalarından Azərbaycanda gedən ictimai proseslərin bu və ya digər şəkildə iştirakçısıyam, bir az da mərkəzindəyəm. Yazsam həmin dövr təzədən müzakirə olunmağa başlayacaq. Mənsə istəyirəm ki, cəmiyyətimiz diqqətini gələcəyə yönəltsin.
İş ondadır ki, sən nə qədər memuar yazırsan yaz, həqiqətlər dəyişməyəcək. Məsələn, 1990-cı ilin yanvar hadisələri, ya da 1993-cü ilin iyun hadisələri. Biz də qiymət vermişik, cəmiyyətdə də bu məsələlərlə bağlı müəyyən ortaq mövqe var. Mərkəz mövqe deyək buna. Və bu, haqlı mövqedir.
Bəzən deyirlər ki – xüsusən gənclər – siz 1993-cü ilin hadisələrini etiraf eləyin, ondan sonra cəmiyyət azad olacaq, irəli gedəcək. Qardaşım, 1993-cü ilin hadisələri haqda nə biliriksə əksəriyyətini müsahibələrdə, söhbətlərdə demişik. Amma guya onları deməsək belə, sən bilmirsən ki, qiyam yatırılmalıdır? Sən bilmirsən ki, hakimiyyətin vəzifəsi qiyamı yatırtmaqdır? Bunu mən də bilirəm, sən də bilirsən. Gücümüz çatmayıb, yatırda bilməmişik.
Biz hesab eləyirik ki, o qiyamın törədilməsinin, eyni zamanda yatırılmasının qeyri-mümkün hala gətirilməsinin səbəbi beynəlxalq birliyin, xüsusən Rusiya və İranın mövqeyi idi. Rusiya və İranın Azərbaycandakı şəbəkələri bütün sahələrə sirayət eləyib, Rusiya, İran faktoru imkan verməyib həmin qiyamın qarşısını almağa. Amma sən bilirsən ki, qiyam yatırılmalıdır. İndi “filan siyasətçinin daha çox günahı var, o biri daha az günahkardır” deməklə əsas fikir dəyişmir ki! Yəni keçmiş haqqında nə yazırsan yaz, nə onun mahiyyəti dəyişməyəcək, nə də o dərdlər.
Bəzən deyirlər ki, tarix heç nəyi öyrətmir. Filosoflar da deyir, başqaları da. Mən belə fikirləşmirəm. Tarix öyrədir, sadəcə tarixi oxuyanlar var, oxumayanlar var, yaxşı şagirdlər var, pis şagirdlər var. Və mənim yaza biləcəyim mövzular bir tərəfdən böyük maraq yarada bilər, ancaq o biri tərəfdən də kim nə yazır yazsın, nə o tarix dəyişəsi deyil, nə də o tarixdən çıxan dərslər. Müəyyən həqiqətlər var ki, onları yalançı memuar yazanlar da dəyişə bilməz, həqiqəti yazmağa çalışanlar da”.