Prezident İlham Əliyev qida təhlükəsizliyi proqramını təsdiqləyib. 2019-2025-ci illəri əhatə edən dövlət proqramında nəzərdə tutulan tədbirlərin icrasını əlaqələndirmək Qida Təhlükəsizliyi Agentliyinə həvalə olunub. Monitorinq və qiymətləndirməni İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirəcək.
Novator.az bildirir ki, 2018-ci ildə Azərbaycanın özünü ət və ət məhsulları üzrə 82,7 faiz, yumurta üzrə 101,5 faiz, süd və süd məhsulları üzrə 86,7 faiz, balıq və balıq məhsulları üzrə 87,8 faiz, kartof üzrə 92,5 faiz, tərəvəz üzrə 113,8 faiz, bostan məhsulları üzrə 99,7 faiz, meyvə və giləmeyvə üzrə 123,1 faiz, şəkər üzrə 81,2 faiz, un üzrə 95,9 faiz, meyvə və tərəvəz konservləri üzrə 91,7 faiz, kərə yağı üzrə 71,1 faiz, marqarin üzrə 98,8 faiz, duz üzrə 103,1 faiz təmin etdiyi vurğulanır.
Dövlət proqramının məqsədləri belə sıralanır: qida təhlükəsizliyi sahəsində norma və standartların beynəlxalq tələblərə uyğunlaşdırılması; əhalinin təhlükəsiz və keyfiyyətli qida ilə təminatının yaxşılaşdırılması, bununla da qida mənşəli xəstəliklərin nəzərəçarpacaq dərəcədə azaldılması; qida təhlükəsizliyinin və keyfiyyətinin artırılması istiqamətində müvafiq tədbirlər görməklə onların rəqabət qabiliyyətliliyinin və xarici bazarlara ixrac potensialının artırılması; kənd təsərrüfatında istifadə olunan aqrokimyəvi maddələrə, bitki mühafizəsi vasitələrinə və baytarlıq preparatlarına nəzarət tədbirlərini gücləndirməsi, habelə onlardan düzgün istifadəyə dair maarifləndirmə işlərinin aparılması; qida subyektlərinin fəaliyyətinin qida təhlükəsizliyi üzrə qanunvericiliyin tələblərinə uyğunluğunun sahibkarlarla əməkdaşlıq şəraitində təmin edilməsi; qida təhlükəsizliyinin təmin olunması üçün ictimai nəzarət mexanizmlərinin səmərəli tətbiqi və istehlakçıların hüquqlarının qabaqcıl təcrübələr əsasında təmin edilməsi; qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq ölkədə heyvan və bitki sağlamlığının təmin edilməsi; ölkədə qida məhsulları sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri üçün əlverişli və sağlam biznes mühitinin formalaşdırılmasına dəstək göstərilməsi.
Sənədin icrasından gözlənən nəticələrin bunlar olduğu qeyd edilir: qida təhlükəsizliyinə dair norma və qaydaların mövcud beynəlxalq tələblərə uyğunlaşdırılması; laboratoriya analizlərinin nəticələri ilə bağlı dəqiqlik göstəricisinin 95%-ə çatdırılması; qida mənşəli zəhərlənmə hallarının sayının azaldılması; qida və kənd təsərrüfatı məhsullarının (inkişaf etmiş ölkələrin bazarları da daxil olmaqla) ixracının artırılması; ixrac olunan qida və kənd təsərrüfatı məhsullarından idxalçı ölkələrin imtina etməsi hallarının minimuma endirilməsi; insanlar arasında zoonoz xəstəliklərə yoluxma hallarının sayının azaldılması; bitki mühafizəsi vasitələrindən yanlış istifadə ilə bağlı yaranan zəhərlənmə hallarının azaldılması; qida təhlükəsizliyi ilə bağlı aparılan fundamental və tətbiqi tədqiqatların sayının iki dəfə artırılması; qida və kənd təsərrüfatı sahələrində fəaliyyət göstərən sahibkarların nəzarət və tənzimləmə fəaliyyətindən məmnunluq dərəcəsinin yüksəldilməsi; qida təhlükəsizliyi üzrə qabaqcıl idarəetmə sistemlərinin tətbiqinin iri müəssisələrdə 90 faiz, orta müəssisələrdə 50 faiz səviyyəsinə çatdırılması.