Təhsil müəssisəsi məbəddir
- 26 Aprel 2019
- comments
- Novator.az
- Posted in ManşetTribuna
2021-ci ildə bir əsr yaşı olacaq Azərbaycan Dövlət Pedaqoji Universiteti respublikamızda yüksək ixtisaslı müəllim kadrlarının hazırlanmasında pedaqoji təmayüllü ali təhsil müəssisələri içərisində həmişə ön sırada olub və bu gün də bu missiyanı davam etdirir.
Bu təhsil ocağının minlərlə məzunu Azərbaycanın ümumtəhsil, orta ixtisas və ali məktəblərində gənc nəslin həyata hazırlanması işinə yüksək məsuliyyətlə yanaşaraq onların bir şəxsiyyət, vətəndaş kimi formalaşmalarına layiqli töhfələr veriblər. Onların tərbiyəsindən çıxan yüzlərlə insan öz şəxsiyyətləri və fəaliyyətləri ilə təkcə təhsil sahəsində deyil, həyatımızın digər sahələrində də öz adlarını tariximizin şanlı səhifələrinə yazıblar.
Hazırda ölkəmizdə elə bir məktəb, təhsil ocağı yoxdur ki, orada Pedaqoji Universitetin yetirmələrindən fəaliyyət göstərməsin. Yarandığı dövrdən indiyədək özünün şərəfli həyat yolu və fəaliyyəti ilə tanınan, təhsil, mədəniyyət və digər quruculuq sahələrində şərəflə çalışan, xalqımızın rəğbət və hörmətini qazanan böyük bir ziyalı dəstəsinin yetişməsində bu universitetin əvəzsiz xidmətləri olub. Böyük bir tarixə, ənənəyə malik olan univesitetimizdə bu istiqamət indi də qorunub saxlanılır və inkişaf etdirilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən gözəl ziyalı, təhsilimizin təəssübkeşi, onun inkişafı üçün sözün həqiqi mənsında inamla mübarizə aparan tarixçi alim, professor Cəfər Cəfərovun bu univesitetə rektor təyin edildiyi vaxtdan keçən son üç ildə reallaşdırılan islahatlar demək olar ki, bütün sahələr üzrə özünün müsbət nəticələrini göstərməkdədir. Yaxşıya yaxşı deməyi bacarmayan, şəxsi mənafeyini hər şeydən və hamıdan üstün tutan, hər şeyə qara eynəkdən baxan bir qrup adamı çıxmaq şərtilə ölkə əhalisinin, pedaqoji ictimaiyyətin və tələbələrimizin rəğbətlə qarşıladığı bu islahatlar pedaqoji təhsil səviyyəsinin artmasında, müəllimlərin öz işlərinə məsuliyyətlə yanaşmasında, tələbələrin müvəffəqiyyət göstəricilərinin yüksəlməsində və digər bir sıra sahələrdə böyük uğurların başlanğıcı kimi özünü göstərir.
Hazırda universitetdə yüksək mənəvi-psixoloji iqlim, müəllim-tələbə münasibətlərində işgüzarlıq, imtahan sessiyalarında şəffaflıq və obyektivlik, neqativ halların demək olar ki, sıfıra endirilməsi, idarəetmədə demokratizm, tələbələrin biliyə, öyrənməyə həvəs göstərməsi, müəllimlərin öz üzərlərində işləmələri, “yaxşı müəllim”, “yaxşı tələbə” statusu istiqamətində azad rəqabət və s. meyllərin yaranması aparılan islahatların müsbət nəticələrə səbəb olduğunu deməyə əsas verir.
Müəllim əməyi şərəfli əmək olmaqla yanaşı, həm də gələcəyə yönəlmiş əməkdir. Müəllim bu gün yaşayır, işləyir, gələcəyi qurur. Bizim hazırladığımız gənc kadrlar da istər peşə-ixtisas baxımından, istərsə də ziyalılıq, mənəviyyat baxımından gələcək üçün hazırlanır. Universitet təhsilinə başlayan gənclərin ən yaxını 4-5 ildən sonra pedaqoji fəaliyyətlə məşğul ola biləcəklərini nəzərə almaqla onların peşə-ixtisas hazırlığını elə planlaşdırmaq və aparmaq tələb olunur ki, onlar məhz gələcəyin müəllimi-tərbiyəçisi kimi həmin zamanın qarşıya qoyacağı tələblərə müvafiq hazırlanmış olsunlar.
Buna görə də əsas hədəf gələcəyin müəllimini hazırlamaq və bu hədəfə doğru inamlı addımlarla irəliləməkdən ibarətdir ki, universitetimizdə bu istiqamətdə əsaslı işlər görülür, islahatlar aparılır. Bunların bir nəticəsi kimi 3-4 il öncə semestr imtahanlarında müvəffəq qiymətlər alan tələbələrin keyfiyyət faizinin çox aşağı, birrəqəmli ədədlərlə ifadə olunduğunu, son imtahan sessiyalarında isə bu göstəricilərin ikirəqəmli ədədlərlə əvəzləndiyini qeyd etmək olar.
Təhsil müəssisəsi, hansı pillədən olursa olsun, məbəddir, ocaqdır. İnsanlar məbədə daxil olduqda onların ruhunda, mənəviyyatında bir ülviləşmə, təmizlənmə baş verdiyi kimi, oradan çıxdıqda özündə bir rahatlıq, yüngülləşmə, mənəvi təmizlik hiss etdiyi kimi, təhsil ocağı da ora qədəm qoyanların, istər müəllim olsun, istər tələbə, təmizliyinə, ülviliyinə səbəb olmalıdır, bu ocağın istisinə qızınmalı, oradan elm və mənəviyyat götürməlidir. Təhsilalanlar bu məbədə, ocağa hansı diləklə, hansı inamla və hansı ümidlə gəliblərsə, onlara da nail olmalıdırlar. Bu müqəddəs məkandan əliboş qayıtmamalıdırlar.
Dövlətimizin başçısı cənab İlham Əliyevin daxili və xarici siyasətini əldə rəhbər tutan universitet rəhbərliyinin, bu amala xidmət edən professor-müəllim heyətinin tutduğu yol, apardığı islahatlar da bunlardan ibarətdir. Bu yenilikləri, islahatları “görməyən” və ya görmək istəməyən şəxslər aydındır ki, xalqın gələcəyini, onun balalarının mükəmməl təhsil almasını düşünən, ona çalışanlar deyil, yalnız öz şəxsi mənafelərini güdən şəxslərdir.
İslahatlar yeniliklər üçündür. Pedaqoji təhsildə isə yeniliklər, inkişaf olmadan gələcəyi qurmaq mümkün deyil. Bu gün Avropa təhsil məkanına inteqrasia etmək, müəllim-tələbə mobilliyinə nail olmaq, ikili diplom, diplomların tanınması və s. sahələrdə nailiyətləri yerində saymaqla əldə etmək olmaz. Unutmaq olmaz ki, geriyə yol yoxdur, həyatın istiqaməti belədir: yaşlı nəsil nə qədər təcrübəli, yetkin olsalar da müəyyən vaxtdan sonra öz yerini gənc, daha perspektivli, enerjili, yeniliyi daha tez tutan, qəbul edən kadrlara verməlidirlər, onlara dəstək olmalıdırlar. Universitetdə bu istiqamətdə aparılan islahatlar nə qədər mühafizəkarlıqla qarşılansa da, öz səmərəli nəticələrini göstərməkdədir.
Universitetimiz təkcə təhsil müəssisəsi kimi deyil, son illər həm də təhsil və elm müəssisəsi kimi çox böyük uğurlara imza atıb. Müəllimlər tərəfindən aparılan illik elmi tədqiqat işlərinin məzmununa diqqət artırılmaqla yanaşı, onların nüfuzlu nəşrlərdə, xüsusən impakt faktorlu jurnallarda çap olunmasına, eyni zamanda tətbiq olunmasına da xüsusi önəm verilir. Bu isə tədqiqatçıların daha da məhsuldar işləməsinə və stimullaşdırılmasına əsaslı təsir göstərir. Belə bir faktı qeyd etmək yerinə düşər ki, 2018-ci ildə yerinə yetirilən elmi-tədqiqat işlərinin 164-ü tədrisə tədqiq olunub. Univesitetdə müxtəlif elm sahələri üzrə çap olunan altı adda elmi və elmi-metodik jurnal Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi nəşrlər sırasına daxil edilib. Bütün bunlar müəllimlərin elmi-tədqiqat işlərini aktual və müasir dövrün tələbləri səviyyəsində apardığını göstərir. Elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanovun müəllim, magistrant və tələbə elmi-tədqiqat işlərinə tələbkarlığı sayəsində univesitetimizdə aparılan elmi-tədqiqat işlərinin səviyyəsi xeyli yüksəlib və bu işlərin rentabelliyi artıb. Gələcək fəlsəfə və elmlər doktorlarının daha hazırlıqlı olmaları məqsədilə doktoranturaya və dissertanturaya qəbul zamanı daha perspektivli gənclərin seçilməsinə xüsusi önəm verilir.
Son illər bir sıra qabaqcıl univesitetlərlə beynəlxalq əlaqələrin yaradılması, qarşılıqlı mübadilə, konfransların keçirilməsi, bir çox tanınmış mütəxəssislərin univesitetə dəvət edilərək müəyyən seminarlar, treninqlər aparmaları, professor-müəllim heyəti ilə fikir mübadiləsi etmələri artıq bir ənənə halını alıb. Belə qarşılıqlı əməkdaşlıq həm də beynəlxalq təcrübəyə yiyələnmək sahəsində müəllimlərə xeyli kömək edir. Beynəlxalq və respublika səviyyəli konfransların, gənc tədqiqatçıların, magistrant və tələbələrin elmi konfranslarının keçirilməsi də ənənəyə çevrilib. Artıq ikinci ildir ki, universitet magistrantlarının respublika elmi konfransı keçirilir. Magistrantların elmi-tədqiqat işlərinin nəticələri kimi məruzələri dinlənilir, müzakirə edilir. Son iki il ərzində üç beynəlxalq, iki respublika konfransı, magistrantların iki elmi konfransı və tələbə elmi cəmiyyətinin konfransları keçirilib.
Universitet qrant layihələrində fəal iştirak edir. Təkcə 2018-ci ildə Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondunun elan etdiyi “Elm və təhsilin inteqrasiyası” müsabiqəsində beş layihə qazanılması uğurlu başlanğıc kimi təqdirəlayiqdir.
ADPU geniş islahatlar və inkişaf yolundadır. Bunların əsas hədəfi isə pedaqoji kadr hazırlığının məzmununun dərinləşdirilməsi, beynəlxalq təcrübələrdən bəhrələnərək metod və formalarının təkmilləşdirilməsi və keyfiyyətinin yüksəldilməsindən ibarətdir. Ümummilli lider Heydər Əliyevin müdrikcəsinə söylədiyi “Cəmiyyətin gələcək tərəqqisi indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılıdır” fikrini əldə rəhbər tutan universitet kollektivi özünün səylərini bu islahatlara yönəldərək keyfiyyətli təhsilə nail olmaq üçün səylə çalışır. Keyfiyyətli təhsilin yaxşı həyatın başlanğıcı olduğunu dərk edərək bu islahatlara həvəslə qoşulurlar.
Uğurlar çoxdur, lakin kifayətləndirici deyildir. Görülməli işlər də çoxdur, baş qatmaq, yaxşı işin üzərinə kölgə salmaq isəyənlər də. Lakin bir həqiqət var ki, görülən işlərin hamısı universitetdə təhsilin keyfiyyətinin yüksəldilməsinə və sağlam mühitin yaradılmasına yönəldilib. Həqiqət isə Günəş kimidir, ləkə götürmür.
Müseyib İlyasov
pedaqogika üzrə elmlər doktoru, professor,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
məktəbəqədər təhsilin pedaqogikası və metodikası kafedrasının müdiri