Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, aprelin 24-ü Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənir: “Gündüz bəzi yerlərdə qısamüddətli yağış ehtimalı var. Abşeron yarımadasında gecə 5-8, gündüz 11-15, Bakıda gecə 6-8, gündüz 12-14 dərəcə isti olacaq”.
Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi, gündüz bəzi yerlərdə yağış yağacağı bildirilir: “Gecə 4-7, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3-7 dərəcə isti proqnozlaşdırılır”.
Nazirliyin yaydığı şərhdə qeyd olunur ki, aprel keçid ayı olduğu üçün havanın qeyri-sabitliyi ilə seçilir: “Aprel ayında soyuq və isti hava kütlələrinin bir-birini əvəz etməsi xüsusilə kontrastlı olur. Çünki şimalda, qütb ətrafı rayonlarda 30 dərəcəlik şaxtalar müşahidə olduğu zaman cənubda temperatur yay göstəricilərinə yaxınlaşır. Atmosfer sirkulyasiyasının meridional forması şəraitində cənub regionlarının sakinləri üçün qış qayıtmış olur.
Aprelin 17-dən 22-dək Azərbaycana şimal enliklərindən uzun sürən soyuq hava kütlələri daxil olub, dağlarda və bəzi dağətəyi rayonlarda yağıntıların qara keçməsi nəticəsində 2-14 santimetr qalınlığında qar örtüyü yaranıb.
Son 5 gün ərzində yağan yağıntıların miqdarı bəzi rayonlarda aylıq normanı keçib. Zaqatalada yağıntının miqdarı 130 millimetr olmaqla aylıq normanın 127, Balakən, Şəki, Oğuz, Qubada yağıntının miqdarı 38-94 millimetr olmaqla aylıq normanın 72-92, Lənkəran-Astara zonasında isə 88-100 millimetr olmaqla aylıq normanın 140-180 faizini təşkil edib.
Bu günlərdə havanın orta sutkalıq temperaturu iqlim normasından 3,5-6 dərəcə, Bakıda isə ayın 20-də normadan 6,6 dərəcə aşağı enib.
Qeyd olunmuş soyuqlar rekord göstərici deyil. Son rekord anomaliya 2004-cü il aprelin 5-də müşahidə olunub, Bakı şəhərinə çoxlu qar yağıb”.
Arayışa görə aprelin üçüncü dekadanın ikinci yarısında cənub küləklərinin daxil olması fonunda temperaturun artması gözlənir.