Xaos və nifrət: “VKontakte” Ukrayna seçkisindən nələr deyir?
- 18 Aprel 2019
- comments
- Novator.az
- Posted in AktualManşetŞərh
2017-ci ilə qədər Rusiyanın “VKontakte” sosial şəbəkəsi Ukraynada ən populyar internet resursu idi. Ukraynalılar üçün bu şəbəkə video, musiqi və əyləncə mənbəyi kimi əlçatan (və daha çox pirat) sayt hesab olunurdu. Rusiya üçün isə bu şəbəkə həm də yumşaq güc vasitəsi – ukraynalıları öz ideoloji stereotiplərinin təbliği meydanına cəlb etmək üsulu idi.
2014-cü ildə şəbəkə Kremlə yaxın məmurların və oliqarxların əlinə keçdikdən sonra “VKontakte” daha təhlükəli informasiya silahına çevrildi, istifadəçiləri, o cümlədən ukraynalıları izləmək alətinə döndü.
2017-ci ildə Ukrayna “VKontakte”yə və bir sıra başqa Rusiya saytlarına iqtisadi sanksiyalar tətbiq etdi. Rusiya sosial şəbəkəsinin populyarlığı azaldı, amma o tam çəkilib getmədi.
Çox sual var: Ukraynada kim bu şəbəkədən hələ də istifadə edir? Ukraynanın tətbiq etdiyi sanksiyalar effektlidirmi? Ukraynalı istifadəçilər “VKontakte”də nə yazırlar? Kimi sevirlər, kimi yox? Onların yeri-yurdu haralardır? Şəbəkə istifadəçiləri Ukraynadakı seçki ilə bağlı nə söyləyirlər?
“İnternyus-Ukrayna” və onun tərəfdaşları “VKontakte”nin Ukrayna bölümündəki bir milyon profili və on milyona yaxın mesajı (2018-ci il noyabrın 1-dən 2019-cu il fevralın 14-dək) bu suallar ətrafında nəzərdən keçiriblər. Təhlildən 10 əsas nəticə hasil olub.
“VKontakte” auditoriyasını itirir, amma daha çox Rusiyapərəst olur
“Vkontakte”nin Ukrayna haləsi 2017-ci ildən bəri daralır. Bu gün çox az ukraynalı istifadəçi bu şəbəkədəki məlumatları izləyir və onları bölüşür. Hətta Ukrayna seçkisi ilə bağlı ən populyar mesajları uzağı 100 istifadəçi bəyənir, baxış sayı isə çox vaxt 1000-i keçmir.
Bir çox Rusiyapərəst sayt, layihə və bloqçu əsas fəaliyyətini digər şəbəkələrə, əsasən də “Feysbuk”a yönəldib. Bunu Ukraynanın 2017-ci ildə “VKontakte” şəbəkəsi də daxil olmaqla Rusiyanın bəzi internet resurslarına tətbiq etdiyi sanksiyaların birbaşa təsiri hesab etmək olar.
Amma “VKontakte”də Rusiyapərəst ovqat 2017-ci ilə nisbətən daha geniş vüsət alıb, sayt “rus dünyası”nın ideya və təlimatları üçün daha böyük qida mənbəyidir.
“VKontakte”nin istifadəçiləri əsasən Donbas və… Kiyev sakinləridir
Şəbəkənin Ukrayna bölümündə əsasən Donetsk vilayətindən olan istifadəçilər fəallıq göstərirlər. İkinci yerdə Dnepropetrovsk vilayəti, üçüncü yerdə paytaxt Kiyev, dördüncü yerdə Luqansk vilayəti, beşinci və altıncı yerlərdə Xarkov və Odessa vilayətinin sakinləri gəlir.
“VKontakte”də seçkidən ən çox Donetsk vilayətindən (29,7%), Dnepropetrovsk vilayətindən (10,7%), Luqansk vilayətindən (9,9%) və Kiyevdən (7,9%) olan istifadəçilər yazırlar.
“VKontakte”də hökumət əleyhinə və Rusiyapərəst fikirlər yayılır
“VKontakte”nin Ukrayna bölümündə istifadəçilərin seçki ilə bağlı ən çox bölüşdüyü 10 informasiya resursunun çoxu hökumət əleyhinə (separatçı) və Rusiyapərəst mənbələrdir. Onların arasında News-front.info, Rusvesna.su, Politdnr.ru, Nahnews.org, Ukraina.ru və Politnavigator.net kimi saytlar yer alır. Faktlara və hadisələrə əsasən Rusiya prizmasından yanaşan bu saytlar siyasi etikadan uzaq və nifrət dilindən istifadə edən resurslardır.
“VKontakte”nin Ukrayna seqmentində ölkədəki prezident seçkisi ilə bağlı istifadəçilərin ən çox paylaşdığı ilk 10 səhifə və qrup da əsasən Rusiyapərəst və ya separatçı mövqedədirlər.
Mənfi rəylər üstünlük təşkil edir
“VKontakte”nin Ukrayna seqmentində prezident seçkisinin müxtəlif namizədləri ilə bağlı fərqli fikirlər yer alır. Amma bir tendensiya hər kəs üçün dəyişməzdir: namizədlər haqda mənfi rəylər müsbət fikirləri üstələyir.
Yalnız Zelenski barədə az da olsa müsbət fikirlər var
Vladimir Zelenski “VKontakte” istifadəçilərinin az da olsa rəğbət bəslədiyi yeganə namizəddir. O, adının hallandığı mesajların 26%-də müsbət xarakterizə olunur.
Amma bu namizəd barədə də mənfi fikirlər müsbət rəyləri üstələyir: mesajların 32%-i mənfi tonda yazılıb.
Zelenski barədə mənfi və müsbət rəylərin nisbəti digər namizədlərdən daha yaxşıdır, lakin onun ünvanına da təhqiramiz ifadələr və söyüş işlədilir.
Şəbəkənin Ukrayna seqmentində hazırkı prezident Pyotr Poroşenko ən çox mənfi rəy alan namizəddir: onunla bağlı mesajların 67,5%-i mənfi tonda yazılıb. Poroşenko üçün “pasiyent-2019”, “rusofob Poroşenko”, “qaniçən ukraynalı şirniyyatçı”, “ən pis prezident”, “qanlı oyuncaq”, “potroşenko”, “poproşenko”, “şokalad fürer” və s. təhqiramiz ayamalar fikirləşiblər.
Hətta Rusiyapərəst namizədlər barədə də mənfi fikirlər yer alır
“VKontakte” istifadəçiləri Qərbyönlü və Kreml əleyhinə namizədlərə qarşı açıq şəkildə düşmənçiliyə kökləniblər, amma onlar Rusiyapərəst ritorikalı namizədlərə də bir o qədər isti münasibət göstərmirlər. Misal üçün, Yuri Boyko haqda fikirlərin 40%-i, Aleksandr Vilkul barədə rəylərin 35,5%-i mənfidir. Qərbə meylli olmayan namizədlərdən yalnız Yevgeni Murayev haqda daha az mənfi ifadələr işlənib: 19,5%.
Nifrət dili güclənir
“VKontakte”nin Ukrayna seqmenti nifrət dilinin yayıldığı yerdir. Şəbəkədə namizədlərdən Poroşenkonu “şokolad rəhbər” və “qanlı şirniyyatçı”, Timoşenkonu “nənə” və “yoxsulların saxta tanrısı”, Zelenskini “yəhudi komediyaçı” və “təlxək”, Qritsenkonu “vicdanlı oğru” kimi xarakterizə edirlər.
“VKontakte”də Ukrayna və ukraynalılar ümumilikdə düşmən kimi təsvir olunur: “burjuaziya zibili”, “iylənmiş ikiüzlü heyvanlar”, “xunta” və s.
Antisemitizm havası
“VKontakte”də araşdırılan mesajlar açıq şəkildə antisemitizm xarakterlidir. Misal üçün, Zelenskini tez-tez “xabadnik” (mühafizəkar rus mifologiyasına görə, dünyanı idarə etmək istəyən varlı yəhudi), Poroşenkonu “Petya Valtsman”, Timoşenkonu “İuda Vladimirovna” adlandırırlar. Antisemitizm həmçinin “rus dünyası”nın Şərqi Ukraynadakı münaqişə ilə bağlı konsepsiyasının bir hissəsidir: Donbas bölgəsindəki müharibə çox vaxt Rusiyapərəst “slavyan”ların qərbli “jidomason”lara qarşı müharibəsi kimi təsvir olunur.
Ukraynanı uğursuz ölkə adlandırırlar
Rusiya təbliğatının əsas ideyası budur: Ukrayna əslində mövcud olmayan, tezliklə dağılacaq, yaxında xaosa sürüklənəcək “uğursuz dövlət”dir. Bu cür fikirlər Rusiyanın aparıcı televiziya kanallarında və saytlarında dəbdir, habelə “VKontakte”nin Ukrayna seqmentində çiçəklənib. “Faşist ukraynalılar”, Avroatlantik inteqrasiyanın ölümcül təhlükəsi və Rusiyaya yenidən inteqrasiya olunmaq ehtiyacları haqqında stereotiplər də az deyil.
“İnternews Ukraine” və “UkraineWorld”un redaksiyası
Bu məqalə ilk dəfə “İnternews Ukraine” və “UkraineWorld”da dərc olunub.