Samir Əliyev
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) hesabatına görə, inkişaf etmiş ölkələrdə orta sinfin çəkisi getdikcə azalır, onların həyat səviyyəsi isə uzun illərdir pisləşir. 30 il öncə İƏİT ölkələrində orta sinif əhalinin 64%-ni təşkil edirdi, bu gün həmin göstərici 61%-ə enib. Ancaq vəziyyət ölkələr üzrə fərqlidir. Məsələn, ABŞ, Çili, Meksika və İsrail kimi ölkələrdə əhalinin 50%-i, Skandinaviya və kontinental Avropa ölkələrində 70%-i orta sinif kateqoriyasına aiddir.
İƏİT orta sinif olaraq gəlirləri ölkə üzrə median gəlirin (əhalinin yarıdan çoxunun orta gəliri) 75%-200%-i qədər olan ev təsərrüfatlarını götürür. Meksikada bu kateqoriyaya düşmək üçün illik gəlir 3 min 757-10 min 19 ABŞ dolları olduğu halda ABŞ-da 23 min 400 dollar-62 min 400 dollar, Lüksemburqda isə 26 min 482 dollar-70 min 620 dollar civarında olmalıdır.
Orta sinfin mövcudluğu məsələsi Azərbaycan üçün də aktualdır. Gəlirlər baxımından yüksək təbəqələşmənin mövcud olduğu bir ölkədə orta sinfin çəkisi hər zaman suallar doğurub. Ölkədə orta sinfin payı nə qədərdir? Ümumiyyətlə belə kateqoriyadan olan ailələr varmı? Var, amma onların sayı çox azdır.
Digər tərəfdən real vəziyyət barədə təsəvvür yaratmaq üçün istinad ediləcək obyektiv bir qiymətləndirmə də yoxdur. Dünya Bankı devalvasiyadan əvvəl hesabatında belə təbəqənin payının 29% olduğunu qeyd etmişdi. Ancaq devalvasiya dayanıqlı gəlirə malik olmayan, neft gəlirlərindən asılı olan orta təbəqəni xeyli dərəcədə süzgəcdən keçirdi. Adambaşına düşən gəlirlərin səviyyəsi qənaətbəxş olsa da, onun bölgüsü qeyri-bərabərdir.
Problem təkcə gəlirlərin aşağı olmasında deyil. Daha vacibi gəlirlərin dayanıqlı olmamasındadır. Ona görə də bu təbəqənin inkişafı hökumət üçün prioritet olmalıdır. Çünki orta sinfin artımı təkcə maddi rifahın artımı deyil, həm də yüksək mədəniyyətə malik cəmiyyətin formalaşmasıdir.