Martın 30-da və 31-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının dörd fəalı həbs edilib. Bunu “Turan” agentliyinə AXCP sədrinin müavini Gözəl Bayramlı deyib.
O bildirib ki, həbs edilənlər Demokratik Qüvvələrin Milli Şurasının aprelin 6-na təyin etdiyi mitinqin təşkili üçün çalışan Paşa Umudov, Ramid Nağıyev, Yalçın Abdulılayev və Nicat Nizamovdur.
Xətai Rayon Məhkəməsi Paşa Umudova 15 sutka, Binəqədi Rayon Məhkəməsi Ramid Nağıyevə 30 sutka, Yalçın Abdullayevə 15 sutka, Suraxanı Rayon Məhkəməsi isə Nicat Nizamova 15 sutka inzibati həbs cəzası verib.
Adıçəkilən şəxslərin hamısı İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə təqsirli bilinib.
Demokratik Qüvvələrin Milli Şurası 6 aprel mitinqini Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionuna (metronun “İnşaatçılar” stansiyasının yaxınlığında) təyin etmişdi. Aksiyanın əsas tələblərinin siyasi məhbusların azadlığı, korrupsiyaya son qoyulması, sosial problemlərin həlli olduğu açıqlanmışdı. Lakin aprelin 3-də Bakı Şəhər İcra Hakimiyyəti mitinqə razılıq vermədiyini bəyan edib.
Gözəl Bayramlı fəalların həbsini hökumətdə mitinqə icazə verib-verməməklə bağlı əvvəlcədən vahid fikrin olmaması ilə izah edir: “Bu səbəbdən ötən həftənin şənbə və bazar günləri fəalların həbsi başlandı. Hökumətdə mitinqə icazə verilməyəcəyi ilə bağlı vahid fikir formalaşandan sonra isə həbslər dayandırıldı”.
AXCP sədri Əli Kərimli də fəalların həbsinə münasibət bildirib. O, “Facebook” şəbəkəsində yazıb: “Əvvəllər hökumət mitinqə razılıq verəndə mitinqin əsas təşkilatçılarını həbs edirdi. Sonradan “islahatlar” başladı və hökumət razılıq vermədiyi mitinqin də təşkilatçılarını həbs etdi”.
2013-cü ildə yaradılmış Demokratik Qüvvələrin Milli Şurasına tarixçi alim Cəmil Həsənli sədrlik edir. Qurumun öncül şəxsləri arasında AXCP sədri Əli Kərimli, Müsavat Partiyasından Tofiq Yaqublu, Vətəndaş Həmrəyliyi Partiyasından Rafiq Manaflı, Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatından Rövşən Əhmədli, sabiq deputatlar İbrahim İbrahimli, Gültəkin Hacıbəyli və başqaları var.