Türkiyədə martın 31-də keçirilmiş bələdiyyə seçkilərinin ilkin nəticələri açıqlanıb. Novator.az bildirir ki, hakim Ədalət və İnkişaf Partiyası 44,3 faiz səslə seçki yarışından birinci çıxıb. Onun müttəfiqi olan Milliyyətçi Hərəkat Partiyası 7,3 faiz səs yığıb.
Müxalif qurumlardan Cümhuriyyət Xalq Partiyası 30,1 faiz, Yaxşı Partiya 7,5 faiz səs əldə edib.
Kürdlərin çoxluq təşkil etdiyi Xalqların Demokratik Partiyası 4,2 faiz, digər partiyalar ümumilikdə 6,6 faiz səslə kifayətlənib.
31 mart seçkisi Ədalət və İnkişaf Partiyası hakimiyyətə gələndən bəri 14-cü ümummilli səsvermə idi.
2001-ci ildə yaradılmış Ədalət və İnkişaf Partiyası 3 noyabr 2002-ci ilin parlament seçkisində 34,3% səslə qalib gələrək təkbaşına hökumət qurub.
28 mart 2004-cü ilin bələdiyyə seçkilərində Ədalət və İnkişaf Partiyası 41,7% səslə birinci olub.
22 iyul 2007-ci ilin parlament seçkisində Ədalət və İnkişaf Partiyası 46,6%-lə hamını üstələyib.
21 oktyabr 2007-ci ilin konstitusiyaya dəyişikliklər referendumunda Ədalət və İnkişaf Partiyasının təklif etdiyi yeniliklər 68,9%-lə keçib.
29 mart 2009-cu ilin bələdiyyə seçkilərində partiya 38,4% səslə qalib gəlib.
12 sentyabr 2010-cu ilin konstitusiya dəyişiklikləri referendumunda Ədalət və İnkişaf Partiyasının təklifi 57,9% dəstəklə rəsmiləşib.
12 iyun 2011-ci ilin parlament seçkisində 49,8% səs yığan Ədalət və İnkişaf Partiyası hakim qüvvə statusunu saxlayıb.
30 mart 2014-cü ilin bələdiyyə seçkilərini partiya 42,9% səslə udub.
Partiyanın lideri Rəcəb Teyyub Ərdoğan 2014-cü il avqustun 10-da keçirilmiş ilk ümumxalq seçkisində 51,8% səslə prezident seçilib.
7 iyun 2015-ci ilin parlament seçkisində 40,9% səslə qalib gələn Ədalət və İnkişaf Partiyası bu dəfə parlamentdə mütləq çoxluq qazana bilməyib. Koalisiya danışıqları uğursuz olduğu üçün növbədənkənar seçkiyə gedilib.
1 noyabr 2015-ci ilin parlament seçkisində 49,5% səs götürən Ədalət və İnkişaf Partiyası yenə təkbaşına hökumət formalaşdırıb.
2017-ci il aprelin 16-da Ədalət və İnkişaf Partiyasının təşəbbüsü ilə prezident idarə üsuluna keçidi nəzərdə tutan konstitusiya referendumu olub. Seçicilərin 51,4%-i ana qanunda dəyişikliklər təklifinin lehinə səs verib.
2018-ci il iyunun 24-də keçirilmiş prezident və parlament seçkilərini də Ədalət və İnkişaf Partiyası udub. Prezident seçkisində partiyanın sədri, dövlət başçısı Rəcəb Teyyub Ərdoğan 52,6% səslə kürsüsünü qoruyub. Parlament seçkisinə Ədalət və İnkişaf Partiyası Milliyyətçi Hərəkat Partiyası ilə birlikdə Xalq ittifaqı adı altında qatılıb. Bu blok seçkidən 53,7% səslə qalib çıxıb.
Ancaq 31 mart 2019-cu il seçkisi Ədalət və İnkişaf Partiyası üçün tam uğurlu sayıla bilməz. Hakim partiya 81 şəhərin yalnız 39-da bələdiyyə başçısı postuna sahib çıxıb. Paytaxt Ankarada və ölkənin ən böyük şəhəri İstanbulda bələdiyyə başçısı vəzifəsi Cümhuriyyət Xalq Partiyasının əlinə keçib.
1954-cü il fevralın 26-sı İstanbulda doğulan Rəcəb Teyyub Ərdoğan siyasətlə 1976-cı ildən məşğuldur. Milli Salamat, Rifah, Fəzilət partiyalarının üzvü olub. 1994-1998-ci illərdə Rəcəb Teyyub Ərdoğan İstanbul bələdiyyəsinin başçısı postunu tutub.
1999-cu ildə həbsdə yatıb. 2003-2014-cü illərdə baş nazir olub.