Şəkili rəssam Tahir Həmidlinin adi qaya daşları üzərində yaratdığı rəsm əsərləri görənlərin böyük marağına səbəb olur. Şəhərin məşhur tarixi abidələri, orta əsrlərə aid küçələri, qədim evləri onun daş üzərində çəkdiyi təsvirlərin əsas mövzusudur.
Rəssamın emalatxanası ona babası Saleh kişidən qalıb. Yüz il ömür sürən Saleh usta Şəkidə ən məşhur dulusçulardan olub.
Tahir Həmidli 1953-cü ildə Şəki şəhərində anadan olub. Bakı şəhərində Əzim Əzimzadə adına Rəssamlıq Texnikumunda rəngkarlıq üzrə, Özbəkistanın paytaxtı Daşkənddəki Rəssamlıq İnstitutunda qrafika üzrə təhsil alıb. Şəki Dövlət Rəsm Qalereyasında direktor vəzifəsində çalışıb, daha sonra müəllimliklə məşğul olub. 35 ilə yaxındır Azərbaycan Rəssamlar İttifaqının Şəki şöbəsinə rəhbərlik edir.
Yaradıcılığının ilk illərində əsasən qrafika janrında işləyən rəssam Tahir Həmidli daş üzərində təsvirlər çəkməyə 2005-ci ildən başlayıb. Rəssamın sözlərinə görə, yaradıcılığı ilə bağlı xarici ölkələrdə olarkən oradakı sənətkarların timsah dərisi, saman, ağac və digər materiallardan satış məqsədi ilə hazırladıqları milli suvenirləri, hədiyyələri görəndə çox təəssüflənirmiş ki, bizim sənətkarlar bu sahəyə niyə az maraq göstərirlər. Tahir Həmidli deyir: “Bir rəssam kimi hər zaman bu sahədə nə edə biləcəyimi düşünürdüm. Həmin vaxtlar Şəki xanlarının sarayının bərpası ilə məşğul idik. Bir gün işdən evə qayıdanda qarşıma tünd rəngli maraqlı bir yastı daş çıxdı. Fikirləşdim ki, daşın üzərinə rəngkarlıq və ya qrafika üslubunda bir təsvir çəkmək olar. Əlin içi ölçüsündə olan bu daşı emalatxanama gətirdim və onun üzərində ağ rənglə Şəkinin orta əsrlərə aid qədim bir küçəsindən fraqment işlədim, çox maraqlı alındı. Üzərində təsvir olan bu daşı emalatxanamda digər əsərlərimin yanına qoydum. Emalatxanama tez-tez yerli və xarici turistlər gəlirdi, əl işlərimlə maraqlanırdılar. Bir dəfə amerikalı xanım daşdan düzəltdiyim həmin işi görüb çox bəyəndi və mənə o əsəri satmağı təklif etdi. Düzü, satmaq istəmirdim, çünki bu üslubda ilk əl işim idi. Lakin amerikalı qonaq təkid etdi və həmin əsəri məndən 50 ABŞ dollarına aldı. O vaxt ağlıma belə gəlməzdi ki, nə vaxtsa daşlardan milli suvenir-hədiyyələr hazırlayacağam və bu, mənim kiçik biznesim olacaq”.
Bu hadisədən ruhlanan Tahir Həmidli 2005-ci ildə 30-dək daşın üzərində Şəkinin qədim tarixi abidələri, məhəllələri əks olunan maraqlı bir ekspozisiya yaradıb.
Rəssamın bildirdiyinə görə, ilk vaxtlar uzunluğu 15-20 santimetr olan daşlar üzərində işləyirdisə, sonralar ölçüləri daha böyük – 100-150 santimetr olan qaya daşları üzərində təsvirlər yaradır. İşinə daha məsuliyyətlə yanaşır, daşların seçiminə, rənginə, fonuna xüsusi diqqət yetirir, hazırladığı əl işlərinin alıcıları cəlb etməsi üçün onları çərçivəyə salır.
Bu gün Tahir Həmidlinin əl işlərinə dünyanın bütün qitələrində, Avropanın bütün ölkələrində, uzaq Yaponiyada, Çində, ABŞ-da, bir sözlə, hər yerdə rast gəlmək mümkündür. Şəkidə səfərdə olan ali qonaqlara, müxtəlif ölkələrin hazırkı və keçmiş prezidentlərinə, səfirlərə, tanınmış insanlara bu şəhərlə bağlı xatirə hədiyyəsi olaraq şəkili rəssamın daş üzərində çəkdiyi əsərlər təqdim olunur. Şəkiyə gələn adi turistlər də üzərində təsvir olan daşları böyük həvəslə alırlar.
Bu sənət artıq Tahir Həmidlinin ailə biznesinə çevrilib. Hazır işlərin qiyməti daşın ölçülərinə görə 20 manatdan 300-400 manatadəkdir. Turistlər daha çox kiçik ölçülü, çəkisi yüngül olan işlərə maraq göstərirlər.
Mustafa Dadaşov, AZƏRTAC