Milli Məclis “Mediasiya haqqında” qanunu ilk oxunuşda qəbul edib. Layihə mübahisələrin alternativ həlli üsullarından olan mediasiyanın təşkili sahəsində ictimai münasibətləri tənzimləyir, mediasiyanın məqsədlərini, prinsiplərini, həyata keçirilməsi qaydalarını və mediatorların statusunu müəyyən edir.
Sənədə əsasən, mediasiya bunlar üzrə tətbiq edilir: mülki işlər və iqtisadi mübahisələr (xarici elementli mübahisələr də daxil olmaqla); ailə münasibətlərindən irəli gələn mübahisələr; əmək münasibətlərindən irəli gələn mübahisələr; inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr; cinayət işlərindən və inzibati xətalar haqqında işlərdən irəli gələn mübahisələr.
İqtisadi mübahisələr, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur.
Mediasiya zamanı tərəflər öz mülahizələrinə əsasən maddi və prosessual hüquqlarından istifadə edirlər, habelə tələblərinin həcmini artırmaq və ya azaltmaq, mediasiyanın istənilən mərhələsində mediasiyadan imtina etmək hüquqlarına malikdirlər.
Tərəflər arasında ayrı şərt müəyyən edilməyibsə, mediasiya qapalı keçirilir.
Barışıq sazişinin təsdiqi və icrası məqsədilə tələb olunan hallar istisna olmaqla mediasiya zamanı əldə olunan bütün məlumatların (o cümlədən tərəflərdən birinin mediasiyanın həyata keçirilməsi barədə təşəbbüsü, mediasiyaya və mübahisənin mümkün həll variantına razılıq verməsi, tərəflərdən birinin və ya mediatorun mübahisənin mümkün həllinə dair rəy və ya təklifləri, mediasiya zamanı tərəflərdən birinin verdiyi bəyanatları və ya etdiyi etirafları, mediasiyanın həyata keçirilməsi məqsədi ilə tərtib olunmuş sənədlər və s.) konfidensiallığı qorunur. Konfidensiallıqla bağlı qaydaların pozulması qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.
Mediator olmaq istəyən fiziki şəxs ali təhsilli olmalı; 25 yaşı tamam olmalı; ən azı 3 illik iş stajına malik olmalı; mediatorların ilkin hazırlığı üzrə təlimi bitirərək sertifikat əldə etməlidir.
Mediasiya təşkilatı mediasiya xidmətlərinin marketinqini, əmək müqaviləsi və ya müvafiq mülki-hüquqi müqavilə bağladığı mediatorların xidmətləri üçün haqqın və digər xərclərin ödənilməsinə dair qaydanı müəyyən edən, mediasiya zamanı danışıqların aparılması üçün şərait yaradan, mediasiya prosesini aparmaq üçün mediatorları təyin edən, habelə mediatorların effektiv fəaliyyətinə yönələn digər tədbirlər həyata keçirən hüquqi şəxsdir.
Hüquqi şəxs Mediasiya Şurasının üzvlüyünə qəbul edildiyi andan mediasiya təşkilatı kimi fəaliyyət göstərmək hüququ əldə edir.